Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan “Təmiz Şəhər” ASC-nin fəaliyyəti tənqid olunub. İqtisadçı Natiq Cəfərli bildirib ki, qurum 2025-ci ili 5,666 milyon manat xalis zərərlə başa vurub – bu, 2024-cü illə müqayisədə 3,4 dəfə çoxdur və yığılmış zərər 249 milyon manata çatıb.
Sitat: “Dünyanın bir çox ölkəsində “zibil biznesi” ən karlı bizneslərdən sayılır, hətta, İtaliyada “mafiya” bu işlə məşğul olmaq üçün bir-birini sıradan çıxardırdı. Yaxşı, bu sahəni də batırdız, ziyan, özü də xalis ziyan milyardın dördə-birinə çatıb. Səbəblərini araşdıran olubmu?! Xərclərmi şişirdilir?! Əgər belə ASC-lərlə alınmırsa, sivil dünyanın getdiyi yolla gedək – Böyük Şəhər Bələdiyyələri yaradaq, mer seçək, şəhər hökuməti formalaşdıraq, onlar da hesabatlı şəkildə şəhər təsərrüfatı, o cümlədən tullantılarla məşğul olsunlar”.
ASC-nin ili ziyanla başa vurmasına səbəb nədir? Böyük Şəhər Bələdiyyələri yaradılana kimi, “Təmiz Şəhər” çirkli yollarla dövlətin vəsaitini dağıtmalıdırmı?
Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, bu qurum bərk məişət tullantılarının idarə olunması, çeşidlənməsi və utilizasiyası, bu istiqamətdə ekoloji layihələrin həyata keçirilməsi ilə məşğuldur:
“Eyni zamanda, məişət tullantıları poliqonlarının idarə olunması da “Təmiz Şəhər”in fəaliyyət istiqamətlərinə daxildir. Bundan başqa, məişət tullantılarının çeşidlənməsi istiqamətində Balaxanıda inşa edilmiş çeşidləmə və utilizasiya müəssisələrinin idarə olunması da bu qurumun səlahiyyətlərinə aiddir. “Təmiz Şəhər” dövlət şirkətidir və bütün bu fəaliyyət dövlət vəsaiti hesabına həyata keçirilir. Balaxanıda inşa edilmiş zavod illik 500 min ton məişət tullantısının utilizasiyasını, o cümlədən yandırılmasını həyata keçirmək gücünə malikdir. Eyni zamanda, Balaxanı Sənaye Parkının idarə olunması prosesləri də ASC-nin səlahiyyətlərinə daxildir. Burada fəaliyyət göstərən fəhlə və işçilərin əməkhaqqından tutmuş sosial təminatına, sığorta xərclərinə qədər bir sıra məsələlərin maliyyələşdirilməsi də bu qurumun üzərinə düşür. Belə geniş fəaliyyət dairəsinə malik bir şirkətin, təbii ki, dövlətin böyük vəsaitləri hesabına fəaliyyət göstərməsi mümkündür və bu proseslərin idarə olunmasına kifayət qədər böyük maliyyə vəsaiti yönəldilir”.
İB sədri bildirib ki, burada dövlət dotasiyası ilə fəaliyyət göstərən qurumun gəlirləri ilə bağlı ayrıca statistika ortaya qoymaq o qədər də düzgün yanaşma deyil:
“Çünki dövlət vəsaiti hesabına idarə olunan ASC dövlətin sifarişlərini yerinə yetirir. Dövlət bu quruma müəyyən vəsait ayırırsa, həmin məbləğin gəlir-xərc məcmusunda qiymətləndirilməsi bir qədər fərqli yanaşma tələb edir. Ümumiyyətlə demək olar ki, “Təmiz Şəhər”, məsələn, il ərzində 100 milyon manat vəsait xərcləyib. Burada əsas məsələ həmin vəsaitin hara və necə xərclənməsidir. Hesablama Palatası bu istiqamətdə yoxlamalar aparmalı və müəyyənləşdirməlidir ki, çəkilən xərclər reallığı əks etdirir, yoxsa yox. Əgər qurumun əsas məqsədi daha çox qazanc əldə etmək və öz fəaliyyətini həmin gəlirlər hesabına təmin etməkdirsə, o zaman yanaşma tamamilə başqa cür olmalıdır. Bu halda dövlət qurumları da daxil olmaqla, məişət, tibbi xidmət göstərən digər müəssisələrlə müqavilələr bağlanmalı, onların məişət və tibbi tullantılarının idarə olunması həyata keçirilməli və əldə olunan gəlirlər hesabına qurum öz fəaliyyətini maliyyələşdirməlidir”.

İlqar Hüseynli
Ekspert qeyd edib ki, burada şərti olaraq iki yanaşmadan biri seçilməlidir:
“Ya qurumun gəlir əldə etməsi və öz fəaliyyətini həmin gəlirlər hesabına maliyyələşdirməsi təmin olunmalıdır, ya da dövlət vəsaitinin bura cəlb olunması davam etməlidir. Əgər dövlət maliyyələşməni dayandırarsa, şəhər təsərrüfatının idarə olunmasında çox ciddi böhran yarana bilər. Ona görə də əsas məsələ “Təmiz Şəhər”in nə qədər vəsait xərcləməsi deyil, həmin vəsaitlərin hara, necə və hansı məqsədlə xərclənməsidir. Məsələn, zavodun illik 500 min ton məişət tullantısını idarə etmək gücü varsa, doğrudanmı həmin həcmdə tullantı zavodda utilizasiya olunur və yandırılır? Bu tullantıların daşınmasına nə qədər vəsait xərclənir? Şəhər təsərrüfatında zibillərin daşınmasını və utilizasiya müəssisələrinə çatdırılmasını həyata keçirən nəqliyyat vasitələrinin illik xərcləri nə qədərdir? Bütün bunların praktik olaraq necə həyata keçirildiyini Hesablama Palatası araşdırmalıdır. Yalnız bundan sonra xərclərin reallığı əks etdirib-etdirmədiyi barədə fikir söyləmək mümkündür.
ASC-nin çirkli yollarla dövlət vəsaitini mənimsədiyini demək çox ciddi iddiadır. Bunun üçün konkret faktlar və audit nəticələri olmalıdır. Məsələn, tullantıların təmizlənməsi ilə bağlı 10 nəfərin işə götürüldüyü göstərilib, amma həmin şəxslərin yalnız formal olaraq başqa insanların adına rəsmiləşdirilməsi və onların əməkhaqqının mənimsənilməsi kimi hallar varsa, bu mexanizmlər araşdırılmalıdır”.
İ.Hüseynov əlavə edib ki, dünyanın əksər ölkələrində bu xidmətləri həyata keçirən qurumlar bələdiyyələrdir:
“Bələdiyyələr seçkili orqanlardır və vətəndaşlar qarşısında hesabatlıdırlar. Onlar gördükləri işlərin nəticəsinə görə növbəti seçkilərdə yenidən özlərini doğrultmalı, seçicilərin etimadını qazanmalı və fəaliyyətlərini davam etdirməlidirlər. Bunun üçün isə bələdiyyə seçkilərinin tam demokratik şəraitdə keçirilməsi və xalqın seçdiyi şəxslərin bələdiyyələrdə təmsil olunması vacibdir. Təyinatlı və ya formal bələdiyyələr demokratik idarəetmə mexanizmi ola bilməz. Böyük Şəhər Bələdiyyələri yaradılmalıdır. Biz Avropa Xartiyasını imzalamışıq və bu məsələlər kifayət qədər ciddi əhəmiyyət daşıyır. Amma bunun üçün bir şərt var: bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir. Əgər bələdiyyələrin maliyyə imkanları yalnız əmlak və torpaq vergisi ilə məhdudlaşdırılacaqsa, onların büdcəsinin formalaşdırılması mexanizmi yenə də kifayət qədər zəif olacaq. Bu halda şəhər təsərrüfatının idarə olunmasında mövcud problemlər qalmaqda davam edəcək. Ona görə də ilk növbədə bələdiyyələrin səlahiyyətləri ilə yanaşı, onların maliyyə imkanları da gücləndirilməlidir. Bu halda dövlət də şəhər təsərrüfatının idarə olunmasına bu qədər böyük vəsait xərcləmək məcburiyyətində qalmaz”.
Məsələ ilə bağlı “Təmiz Şəhər” ASC-yə sorğu ünvanlasaq da, hələ ki cavablandırılmayıb.