“Nəsimi Musayev nə qədər tez qaytarılsa, bu, Ermənistan üçün yaxşıdır”
Oktyabrın 1-də Ermənistanın Sünik (Zngəzur) vilayətinin Sisian (Qarakilsə) rayonunda yerləşən Şəki kəndində saxlanılan Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayev ətrafında müəmmalı vəziyyət davam edir.
Ermənistan rəhbərliyinin ziddiyyətli mövqeyi, bir-birini təkzib edən açıqlamaları bu ölkədəki radikallara da əlavə arqumentlər verib. Azərbaycanla sülh imzalamağa hazır olduğunu iddia edən Ermənistanın bir əsgər ətrafında böyük hay-küy salması, cəmiyyətin də aqressivlik nümayiş etdirməsi İrəvandan verilən bəyanatların reallıqdan kənar olduğunu təsdiqləyir.
Bu mövzuda hərbi ekspert Ədalət Verdiyev Musavat.com-un suallarını cavablandırıb.
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib
– Ədalət bəy, Ermənistan Azərbaycan hərbçisi ətrafında növbəti tamaşa hazırlamağa cəhd edir, yəqin sizin də diqqətinizi çəkib. İrəvandan baş verənlərə ziddiyyətli reaksiyalara münasibətiniz necədir?
– Ermənistan, əvvəllər olduğu kimi, bu dəfə də Azərbaycan əsgərinin tarixi torpaqlarımıza keçməsi üzərindən əlbəttə ki, bir tamaşa hazırlamaq niyyətindədir. Amma bunu nə dərəcədə bacaracaqları sual altındadır. Çünki Ermənistan tərəfinin özünün öz hərbi qulluqçularına ünvanlamalı olduğu çoxsaylı suallar var. İlk növbədə, söhbət ondan ondan gedir ki, həmin ərazinin müdafiə xəttində olan Ermənistanın hərbçiləri hara baxırdılar ki, Azərbaycan əsgəri bu qədər rahat şəkildə gedib kəndə daxil olur və deyilənlərə görə, orada bir neçə gün qala bilir? Bunun özü çox ciddi sualdır. Digər tərəfdən, erməni əsgərinin axtarışları bir neçə gün davam edib. Bu, artıq şou xarakteri daşıyır. Azərbaycan əsgəri bir neçə gün erməni qadının evində qalır, amma bundan heç kimin xəbəri olmur. Əsgər sərhəd xəttini necə keçir və yenə də heç kimin bundan xəbəri olmur? Üstəlik, bir neçə gün də onu kənddə axtarırlar. Bildiyim qədərilə, həmin kənddə bizim əsgərin gizlənə biləcəyi xüsusi sığınacaq, yeraltı tunel və ya buna bənzər bir yer yoxdur. Ona görə də axtarışlarla bağlı deyilənlər müəyyən qədər təbliğat xarakteri daşıya bilər. Məncə, Ermənistan öz ordusundakı nizamsızlığı Azərbaycan əsgərinin özbaşına mövqeyini tərk etməsi faktı ilə ört-basdır etməyə çalışır. Bizim əsgər də cinayət törədib, əgər Hərbi Prokurorluğun araşdırdığı araşdırmalar zamanı şübhələr təsdiqlənərsə, hadisənin digər təfərrüatı da aydınlaşacaq. O halda da sualların böyük hissəsi Ermənistana veriləcək. Hər bir halda, biz rəsmi açıqlamaları və məlumatları gözləyək. Ermənistan tərəfi sülh prosesi ilə bağlı Azərbaycanın daha əvvəllər göstərdiyi xoş niyyəti də nəzərə almalıdır. Belə ki, biz 32 erməni hərbçisini iki əsgərlərimizlə dəyişmişdik. Ermənistan tərəfi həmin faktları nəzərə alıb, Azərbaycan əsgərini geri qaytarmalıdır.
– Amma deyəsən, şirnikləniblər və düşünürlər ki, Azərbaycan o vaxt belə humanist addım atıbsa, deməli, yenə də bir əsgərinə görə bir neçə ermənini azad edə bilər…
– O məsələlər bir-birindən fərqlənir. Ağır cinayət törədən, 20 – 25 il azadlıqdan məhrum edilən, müharibə cinayəti törədən şəxslər heç bir halda bu əsgərlə dəyişməzlər… Hə, əsgərin əsgərə dəyişdirilməsi ola bilər. Bunu istisna eləmirəm, mümkündür. Amma separatçı qurumun rəhbərlərindən söhbət gedə bilməz, onların dəyişdirilməsi heç bir halda mümkün deyil. Bilirsiniz, hansı bir əsgər, tutaq ki, sadəcə sərhəddi keçdiyinə görə uzun illər boyu Ermənistanda qala bilər. Bu, absurd bir şeydir. Amma Ermənistan da nəzərə almalıdır ki, 1007 kilometrlik şərti sərhədin 12.7 kilometr hissəsi dəqiqələşdirilib. Qalan ərazi hələ qalır. Bu isə sərhədin heç 1.3 faizi eləmir. Birincisi, Ermənistanın da biz tərəfə əsgəri keçə bilər və sabah həmin əsgəri də Ermənistan geri almaq istəyəcək. Bunu mütləq nəzərə almalıdırlar. İkincisi də ki, əsgərin günahı varsa, o Azərbaycanda cəzalandıra bilər. Heç bir halda Azərbaycan özbaşına olaraq hərbi hissəni tərk edən əsgəri Ermənistana keçməsə belə, cəzasız buraxan deyil. Bunu Ermənistan nəzərə almalıdır. Yox, nəzərə almayıb vəziyyəti, belə deyək, o pafoslu bəzi müxalifət və yaxud revanşist qüvvələrin bəyanatlarına uyğun olaraq bir şou düzəltmək istəyirlərsə, bu, sabah onların öz başında çatlaya bilər.
– Bu fakt onu göstərir ki, erməni ictimai rəyi hələ də sülhə hazır deyil. O qədər aqressivdirlər ki… Hərbçimizə ən sərt cəzanın verilməsini təkidlə tələb edirlər sosial mediada. Paşinyan da minnət qoyaraq deyir ki, əsgər Ermənistanda ömürlük qalmayacaq. Bununla da güya ki, “humanist” görünməyə çalışır. Bütün bunlar nəyi göstərir?
– Yox. Cəmiyyəti sülhə hazırlaya bilmirlər. Nəyə görə? Ermənistan hakimiyyəti xalqı sülhə hazırlamaq niyyətini də nümayiş etdirmir. Baxın, biz Ermənistanda nələr görürük? Tutaq ki, Qarabağda məhv edilən erməni separatçı rejimin tabeliyindəki silahlı birləşmələrdə döyüşən əsgərlərə indi Ermənistanda abidə qoyulu, onların adına muzey açılır və yaxud ev-muzeyləri təşkil olunur.
– Hətta Qarabağda cinayətlər törətmiş hərbçilər vəzifəyə qoyulur…
– Bəli, bir çoxları da hazırda vəzifələrdədir. Üstəgəl, o Ermənistanın müharibədə məhv edilən hərbçilərin basdırıldığı “Yerablur”da yeni abidə kompleksləri tikilir və sair və ilaxır. Biz Ermənistan parliamentində bu gün separatçı rejimin “bayraq”larını hər gün görürük.
– Elə Ermənistan parliamentində əsgərə görə qırğın düşməsi də revanşist meyllərin artıdığını göstərdi…
– Bəli, gördüm. Mən onu başqa cür şərh elədim. Dedim bir əsgərimiz cənuba keçib, Ermənistan dəyib bir-birinə. Gör başqa qüvvə keçsə, nə olar? Bilirsiniz, asan olmayacaq. Həm kilsə, həm də əvvəlki hakimiyyət erməni cəmiyyətini o qədər zəhərləyib ki… Paşinyan da bununla mübarizə aparmağa bir o qədər istəkli görünmür. Bəlkə də ictimai qınaqdan çəkinir… Sanki bunu da əlində bir “kozır” olaraq saxlamaq istəyir ki, mənə qarşı təzyiqlər var, mən buna görə bu prosesi ləng aparmalıyam. Ləng apara-apara da hakimiyyətini davam etmirmək istəyir.
– Nikol Paşinyan deyib ki, əgər əsgər atəş açmasaydı, dərhal Azərbaycana qaytarılardı. Bir tərəfdən müqavimət göstərmədiyini, kəşfiyyatçı olmadığını təsdiqləyirlər, digər tərəfdən atəş açdığını iddia edirlər. Buradan nə başa düşmək olar?
– Həbsdə olan əsgər haqqında müxtəlif iddialar irəli sürülə bilər. Məsələn, deyə bilərlər ki, o, atəş açıb. Ancaq əgər üç gün orada qalıbsa, niyə həmin müddətdə atəş açmayıb? Hətta onunla yaxşı davranıldığı da iddia olunur. Nə qədər ki, Ani xanım onun üzünə yaxşı baxırdı, problem yox idi. Əsgər geri qayıtmaq istəyəndə problem yaranıb, görünən budur. İkincisi də atəş açmasına dair çox nağıl danışmaq olar. Amma ortada bunu təsdiqləyən fakt yoxdur. Bıçaq yarasından söhbət gedir, bıçağı da çəkən qadın olub. Bəli, Azərbaycan əsgəri qadın tərəfindən bıçaqlanıb.
– Erməni mətbuatında belə bir iddia var ki, əsgər bıçaqlanıb, süpürləşəndə qadın xəsarət alıb. Məsələ ilə bağlı müxtəlif ehtimallar səsləndirilir. Ən yaxşısı əsgəri geri qaytarırlar, Azərbaycan öz qanunları ilə, əgər onun günahı varsa – mənə görə, var – əsgəri də, ona cavabdeh şəxsləri də hüquq mühafizə orqanlarımız araşdırıb, qanun çərçivəsində tədbir görəcək. Həmin erməni qadın da məsuliyyət daşıyır, elə deyilmi?
– Əlbəttə. Əsgərə “Instagram”da məkanı o yollayıb ki, “gəl bizə!” Ani yaman Anidir e… (Gülür) Bir erməni var idi e, deyirdi ki, evimi qoruyuram. Əgər buradan kənara çıxsam, onlar gəlib mənim arvadımın alt paltarını axtaracaqlar. (Gülür)
– Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin direktor müavininin əsgərlə bağlı hadisədən sonra vəzifəsindən azad edilməsi nə ilə əlaqədardır? Sizcə, Ermənistan kəşfiyyatının əməliyyatı uğursuzluğa düçar olub və Paşinyan buna görə həmin şəxsi cəzalandırıb, yoxsa məsələ başqadır?
– Məncə, vəzifəsindən azad edilən şəxs əks-kəşfiyyat fəaliyyətinə cavabdeh olan müavin idi. Ona görə də onu vəzifədən uzaqlaşdırıblar. Yəni Azərbaycan əsgəri gəlib günlərlə həmin ərazidə qalır, Ermənistanın təhlükəsizlik və kəşfiyyat strukturları isə bundan xəbər tutmur. Məsələ bununla bitməyəcək. Rayonun mühafizəsinə cavabdeh komandirlər var. Ən kiçik bölmədən, manqa komandirindən başlayaraq, taqım, bölük və tabor komandirlərinə qədər hər kəs məsuliyyət daşıyır.
– Ədalət bəy, ümumiləşdirsək, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə də irəliyə doğru addım atmır, üzərinə düşənləri icra etmir. Üstəlik, son hadisə ətrafında şou qurur. Proses nə vəd edir?
– Məncə, bu, vaxtı uzatmaq üçün bir bəhanədir. Bir ay da bu məsələnin müzakirəsi gedəcək, vaxtı uzadacaqlar. Amma Azərbaycan əsgəri nə qədər tez geri qaytarılsa, bu, Ermənistan üçün yaxşıdır.
– Azərbaycan əsgərinin həyatının təhlükə altında olduğunu da söyləmək olar. O, yaralı vəziyyətdədir, durumu barədə gerçək məlumat yoxdur…
– İstənilən şəxs səhv edə, hətta cinayət də törədə bilər. Ancaq bu, həmin şəxsin vətəndaş kimi müdafiədən məhrum edilməsi anlamına gəlməz. Azərbaycan öz vətəndaşını dünyanın istənilən yerində müdafiə edir. Onun nə etməsindən asılı olmayaraq, hüquqları qoruyur.
– Necə hesab edirsiniz, Azərbaycan Prezidenti ilə Nikol Paşinyanın Türkmənistanda baş tutan təmaslarından sonra Ermənistan tərəf bu məsələdə də lazımi nəticə çıxaracaqmı, dərs alacaqmı?
– Mən orada bir görüntü gördüm. Mənə elə gəldi ki, bu məsələ yaxın günlərdə həllini tapacaq. Çünki belə bir mühüm məsələ eyni zamanda sülhü, münasibətləri təhdid edir.