Bu mağarada əsrlər əvvəl bir şeyx dünyasını dəyişib… Amma deyirlər ki, onun bədəni uzun müddət çürüməyib.
Bəlkə də elə buna görə bu məkan əsrlərdir “Diri Baba” adlanır.
Qobustanda, qayaların arasında yerləşən bu sirli abidənin tarixi 1402-ci ilə gedib çıxır. Türbə Şirvanşah I İbrahim Xəlilullahın əmri ilə inşa edilib.
Amma maraqlısı budur ki, Diri Baba türbəsinin tarixi türbənin özündən daha qədimdir. Rəvayətə görə, şeyx bu qayalıqlardakı mağarada xəlvətə çəkilir, ibadət və zikrlə məşğul olur, ömrünün sonuna qədər burada yaşayır.
Diri Baba yalnız bir türbə deyil. Qayaların içindəki mağaralar vaxtilə sufilərin, dərvişlərin və müridlərin sığınacağı, təlim və ibadət məkanı olub.
Bu gün isə Diri Baba artıq yalnız tarix və dini irslə maraqlananların deyil, dünyanın müxtəlif ölkələrindən gələn turistlərin də diqqət mərkəzindədir.
Hətta burada meditasiya edən buddistlərə də rast gəlinir. Onlar bu qayalıqların enerjisinin xüsusi olduğunu deyirlər.
Və ən maraqlısı…
Bu qayaların arasında 600 illik bir sirr gizlənir. Bura Diri Babadır.
Bu möhtəşəm tikili qayaya söykənərək, sütunsuz inşa edilib.
İndi isə burada əsrlərin izlərini daşıyan mağaralar, qədim daşlar, səyyahların çəkdiyi rəsmlər və hələ də cavabı tam açılmamış tarix yaşayır.
Diri Baba sadəcə bir türbə deyil. Bura qayaların içində gizlənmiş bir tarixdir.
Leyla Mirzə