cazibə qüvvəsi
Dünya
06.08.2026 | 20:46

12 avqustda Yerin cazibə qüvvəsi yox olacaq? – NASA iddialara cavab verdi

Sosial şəbəkələrdə sürətlə yayılan “12 avqust 2026-cı ildə Yerin cazibə qüvvəsi 7 saniyəlik yox olacaq” iddiası geniş müzakirələrə səbəb olub.
“TikTok” və “Instagram” kimi platformalarda yayılan paylaşımlardan sonra istifadəçilər bu məlumatın doğruluğunu araşdırmağa başlayıblar.

Artan suallardan sonra ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) məsələyə münasibət bildirib. NASA nümayəndəsi faktyoxlama platforması “Snopes”a açıqlamasında Yerin cazibə qüvvəsinin hətta qısa müddətə belə yox olacağına dair heç bir elmi əsasın olmadığını vurğulayıb.

Fizika mütəxəssisləri də bu iddiaların həqiqəti əks etdirmədiyini bildiriblər. Onların sözlərinə görə, cazibə qüvvəsi planetin kütləsindən yaranan fundamental fiziki təsirdir və onu “söndürmək” və ya qısa müddətə aradan qaldırmaq mümkün deyil.

Mütəxəssislər əlavə ediblər ki, hətta kosmosda baş verən cazibə dalğaları belə Yer üzərində hiss olunacaq dərəcədə cazibə dəyişikliklərinə səbəb olmur.

Alimlər vətəndaşlara sosial şəbəkələrdə yayılan bu cür sensasion məlumatlara ehtiyatla yanaşmağı və yalnız etibarlı elmi mənbələrə istinad etməyi tövsiyə edirlər.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN