İlanlar, əqrəblər və Marsı xatırladan mənzərə! Bütün bunlar hansısa uzaq planetdə deyil, elə Azərbaycandadır!
Ətrafdakı mənzərə insanda sanki başqa planetdə olduğu təəssüratı yaradır. Quraq relyef, palçıq vulkanları, qeyri-adi təbiət və bir qədər də həyəcan… Çünki bu ərazidə ilanlar və əqrəblər də yaşayır.
Bura Palçıq Vulkanları Turizm Kompleksidir.
Amma kompleks yalnız vulkanlara baxmaq üçün yaradılmayıb. Burada Turizm İnformasiya Mərkəzi, palçıq vulkanları və minerallara həsr olunmuş sərgi zalı, dulusçuluq və neftlə rəsm master-klaslarının keçirildiyi emalatxana, həmçinin Azərbaycan və dünya faunasına aid 1000-ə yaxın nümunənin nümayiş etdirildiyi Təbiət Tarixi Sərgi Zalı fəaliyyət göstərir.
Ərazidə turistlər “Qılınc” palçıq vulkanının 8 sopkasını və neft püskürən vulkanı yaxından müşahidə edə bilirlər.
Buradan Azərbaycanın və dünyanın ən böyük palçıq vulkanlarından biri olan “Torağay”ı da görmək mümkündür. Onun hündürlüyü 402 metr, diametri isə 150 metrdir.
Maraqlıdır ki, kompleks 2024-cü ilin iyununda fəaliyyətə başlayıb və artıq dünyanın müxtəlif ölkələrindən turistlərin diqqətini çəkir. Təkcə 2026-cı ilin ilk 8 ayında buranı 28 979 nəfər ziyarət edib. Onların 26 mindən çoxu xarici turistdir.
Giriş qiyməti isə yerli turistlər üçün 5 manat, xarici turistlər üçün 15 manatdır.
Yəni Marsı görmək üçün kosmosa getməyə ehtiyac yoxdur. Azərbaycanın özündə elə bir yer var ki, burada vulkanlar püskürür, torpaq başqa planetləri xatırladır, ilanlar və əqrəblər isə bu qeyri-adi dünyanın sakinləridir.
Leyla Mirzə