Ölkə
05.08.2026 | 19:50

Bakı metrosunda 10 yeni stansiya - Sərnişinləri nələr gözləyir?

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “28 May” stansiyasında sərnişinlərlə görüşüb.

Görüş zamanı metropolitendə tətbiq edilən dəyişikliklərin mahiyyəti sərnişinlərə izah olunub, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.

Daha sonra jurnalistlərə açıqlama verən Bəxtiyar Məmmədov bildirib ki, qarşıdakı beş il ərzində paytaxtın ictimai nəqliyyat sektorunda, eyni zamanda şəhərin dayanıqlı mobilliyi istiqamətində əsaslı dönüş nöqtəsi yaranacaq:

“Qəbul olunmuş Dövlət Proqramına uyğun olaraq bu xüsusda Bakı Metropoliteni də özünəməxsus yer tutacaq.

İlk növbədə onu xüsusilə qeyd edim ki, qarşıdakı dövrdə Bakı Metropolitenini sürətli inkişaf planları gözləyir.

On yeni stansiyanın inşa olunması ilə əlaqədar Bakı Metropolitenində müxtəlif istiqamətlərdə tədbirlərə başlanılıb. Onu xüsusi olaraq qeyd edim ki, bu on yeni stansiya şəhərin ictimai nəqliyyat sektorunun ümumilikdə sosial mühitini tamamilə dəyişəcək, axınların qarışmasının, şəhərdə yaranmış tıxacların və digər məsələlərin müsbət istiqamətdə həllinə təkan verəcək. On yeni stansiyanın inşası ilə Bakı Metropoliteninin daşıyıcılıq qabiliyyəti artacaq.

Müqayisə üçün qeyd edim ki, 2025-ci ildə Bakı Metropolitenindən 230 milyon sərnişin istifadə edib. Bu proqram icra olunduqdan sonra metropolitenin daşıyıcılıq qabiliyyəti əlavə olaraq 88 milyon sərnişin də daşımaq imkanına malik olacaq.

Stansiyaların inşası öz yerində, amma tarixən Bakı Metropoliteninin formalaşmış bir xüsusi məsələsi var. Bu da yaşıl və qırmızı xətlərin, yəni şəhər mərkəzini onun ətrafı ilə əlaqələndirən iki mühüm xəttin “28 May” stansiyasında kəsişərək birləşməsidir.

Bu problemin həlli üçün Bakı Metropoliteni avqust ayının 15-dən ən vacib mərhələyə başlayır.

Bu vacib mərhələ ilk növbədə elektrik deposunun “Dərnəgül” stansiyası yaxınlığında inşasının ikinci mərhələ üzrə tamamlanmasıdır. Bu da həmin istiqamətdə qatarların hərəkətinin təmin olunması, onların baxışının, texniki qulluğunun keçirilməsi üçün şəraitin yaranması deməkdir.

İkinci vacib məsələ təxminən 200 metr uzunluğunda birləşdirici tunelin inşasıdır. Bu tunel xüsusi əhəmiyyətə malik olmaqla “Cəfər Cabbarlı” stansiyasını “Nizami” stansiyası ilə birləşdirən tunellərin qovuşma nöqtəsi olacaq və bu inşaat prosesinin 10-11 ay davam etməsi gözlənilir.

10-11 ay müddətini ona görə xüsusi qeyd edirik ki, bu dövr ərzində “28 May” stansiyasının yerləşdiyi ərazinin hidrogeoloji şəraiti mürəkkəbdir. Həmin istiqamətdə münasib zəmin olarsa, layihənin bir qədər də erkən başa çatması mümkün olacaq”.

O bildirib ki, “bu bizə nə verəcək” sualına cavab verməmişdən əvvəl, qarşıdakı dövrdə sərnişinlərimizin Bakı Metropolitenindən necə istifadə edəcəyi sualına cavab verməliyik:

“Bakı Metropoliteninin iş rejimi qırmızı xətt üzrə dəyişməz olaraq qalacaq. Yəni qatarlarımız “İçərişəhər” stansiyasından “Həzi Aslanov” stansiyasına qədər bu gün olduğu kimi adi qaydada hərəkətini davam etdirəcək.

“28 May” stansiyası bugünkü iş rejimində çalışacaq. Yəni funksional fəaliyyəti tam olaraq təmin olunacaq. Lakin “28 May” stansiyasından sonra “Nizami”, başqa sözlə, “Dərnəgül” stansiyasına qədər olan istiqamətdə qatarların hərəkəti tam olaraq dayandırılacaq.

Bu səbəbdən qarşıdakı dövrdə Bakı Metropoliteni “Dərnəgül”–“Nizami” istiqamətində qatarların hərəkətini təşkil edəcək. Lakin layihə başa çatdıqdan sonra artıq qatarlar “Dərnəgül” stansiyasından “Nizami” stansiyasına, oradan keçid funksiyası daşıyaraq “Cəfər Cabbarlı” stansiyasına və nəhayət, “Xətai” stansiyasına qədər hərəkət edəcək.

Bununla Bakı Metropolitenində intervalların azaldılması istiqamətində əhəmiyyətli tədbirlərin icrasına başlamaq mümkün olacaq.

İlk növbədə onu xüsusi olaraq qeyd edim ki, xətlər ayrıldıqdan sonra sərnişinlərimiz yaşıl xətt üzrə hərəkət edərkən “Cəfər Cabbarlı” və “28 May” stansiyaları istiqamətində hərəkət edə, yəni keçid edə biləcəklər.

Digər istiqamətdən qırmızı xətt üzrə hərəkət edən sərnişinlərimiz isə “28 May”–“Cəfər Cabbarlı” istiqamətində piyada keçidlərindən də istifadə edə biləcəklər. Bu məqsədlə daha bir piyada keçidi inşa olunur. Bu, sərnişin axınlarının qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Və xüsusi olaraq qeyd edim ki, layihənin növbəti mərhələsi artıq Bakı Metropoliteni üçün bu gün əsas vəzifə olan sıxlığın aradan qaldırılmasını həyata keçirməyə imkan verəcək.

Sıxlığın aradan qaldırılması üçün ilk növbədə, təbii ki, intervalların azaldılması çox vacibdir. Bu məqsədlə “İçərişəhər” stansiyasının arxasında döngə kamerası inşa olunur.

“Xətai” stansiyasından sonra qeyd etdiyim on stansiyadan ikisi inşa olunacaq və orada döngə kamerası yerləşəcək. Döngə kamerası qatarların hər hansı maneə olmadan stansiyaları dövrə vuraraq xətt üzrə adi qaydada hərəkətini təmin edir.

Beləliklə, bu gün Bakı Metropoliteni sərnişinlərinə hər iki xətt üzrə 3 dəqiqə 30 saniyədən aşağı interval təqdim edə bilmirsə, bu layihələr icra olunduqdan sonra hər iki xətt üzrə maksimal interval 2 dəqiqə olacaq.

Bir sıra istiqamətlərdə isə Bakı Metropoliteninin ehtiyat qatarları nəzərdə tutulacaq və həmin istiqamətlərdə sərnişin axınının tənzimlənməsi ən ideal şəkildə həyata keçiriləcək”.

Həmçinin Bəxtiyar Məmmədov qeyd edib ki, bu layihənin ən müsbət cəhətlərindən biri odur ki, xətlər artıq müstəqil fəaliyyət göstərəcək:

“Bir xəttdə baş verən nasazlıq və ya digər neqativ hadisələrin digər xəttə təsiri tamamilə aradan qalxacaq. Yəni qırmızı xətdə hər hansı hadisə baş verərsə, yaşıl və bənövşəyi xətlər funksional fəaliyyətini davam etdirəcək.

Ümumiyyətlə, Dövlət Proqramına uyğun olaraq qarşıdakı dövrdə on yeni stansiyanın inşası Bakı Metropoliteninin sərnişin sayını artırmaqla yanaşı, yerüstü nəqliyyatda şəhər mərkəzinə doğru hərəkəti rahatlaşdıracaq, tıxacların qarşısının alınmasına, mobilliyin artırılmasına və ictimai nəqliyyatın daha səmərəli təşkilinə müsbət təkan verəcək.

Qarşıdakı dövrdə həmçinin Bakı Metropoliteninin daha səmərəli fəaliyyətinin təmin edilməsi, “28 May”dan “Həzi Aslanov”a qədər sərnişin axınlarının qarışmasının qarşısının alınması da təmin olunacaq.

Bu o deməkdir ki, “Həzi Aslanov”dan “28 May” stansiyasına qədər bu gün sərnişinlər bir xətt üzrə hərəkət etmək üçün digər qatarı buraxaraq növbəti qatara minirlərsə və eyni zamanda bu, minən və düşən sərnişinlərə müəyyən maneələr yaradırsa, artıq qarşıdakı dövrdə proqram icra olunduqdan sonra xətt üzrə qarşınıza çıxan ilk qatarla mənzil başına rahat hərəkət edə biləcəksiniz.

Bir sözlə, bu layihənin Bakı Metropoliteni üçün əhəmiyyəti ondan ibarətdir ki, daha çox sərnişin daşımaq, daha təhlükəsiz hərəkəti təmin etmək və daha səmərəli fəaliyyət göstərmək mümkün olacaq.

Şəhər üçün isə onun funksional əhəmiyyəti ondan ibarətdir ki, ictimai nəqliyyatın hərəkəti maksimum dərəcədə rahatlaşdırılacaq. Fider zonaları üzrə həm avtobus, həm də taksi marşrutlarının fəaliyyəti daha səmərəli təşkil olunacaq.

Mobilliyin artırılması istiqamətində əhəmiyyətli layihələr həyata keçiriləcək. Hətta Bakı şəhərində bu gün sürətlə inkişaf edən mikromobillik layihələrinin daha sürətli və davamlı inkişafına da xüsusi təkan verəcək”.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN