Azərbaycan Təhlükəsizlik Şurasında çalışanlara hər il növbəti məzuniyyətə çıxarkən əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı veriləcək.
Ölkə.az-ın xəbərinə görə, bu, Milli Məclisin müdafiə, təhlükəszilik və korrupsiya ilə mübarizə komitəsinin və Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Hərbi qulluqçuların statusu haqqında” qanuna nəzərdə tutulan dəyişikliklər layihəsində əksini tapıb.
Bununla bağlı qanununun 10-cu maddəsinə (Pul təminatı və maddi təminat hüququ) müvafiq dəyişiklik təklif olunur:
Layihəyə əsasən, hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, xidmətin xüsusiyyətindən, məsuliyyətindən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi (pul təminatı) (müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, katibinin müavini və katibi xidmətinin digər işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qulluq keçən hərbi qulluqçulara münasibətdə isə yalnız aylıq vəzifə və rütbə maaşı) almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycanda dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır.
Dəyişiklik layihəsində həmçinin qeyd olunub ki, dövlət qulluqçularının əmək haqqı artırıldıqda və dolanacaq xərclərinin indeksi dəyişildikdə hərbi qulluqçuların təminat xərcliyinin normaları da yüksəldilir. Bu maddənin 2-1-ci hissəsi nəzərə alınmaqla, hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsi Nazirlər Kabineti tərəfindən müəyyən olunur.
Sənəd layihəsində yazılıb ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularının pul təminatının ödənilməsi sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Həmin hərbi qulluqçuların (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri və onun müavinləri istisna olmaqla) pul təminatı rütbə maaşından, rütbə maaşından hesablanan əlavələrdən və mütləq rəqəmlərlə müəyyən edilən əlavələrdən ibarətdir.
Hərbi qulluqçular Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına qida məhsulları və əşya əmlakı alır, qida məhsulları və əşya əmlakı üçün pul kompensasiyası hüququna (qida məhsulları üçün pul kompensasiyasına münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri və onun müavinləri, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, katibinin müavini və katibi xidmətinin digər işçiləri, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qulluq keçən hərbi qulluqçular, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları istisna olmaqla) malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularına qida məhsullarının verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) digər hərbi qulluqçularından, habelə müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun müavinlərindən, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibindən, katibinin müavinindən və katibi xidmətinin digər işçilərindən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qulluq keçən hərbi qulluqçulardan başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir.
Hərbi qulluqçuların və onların ailə üzvlərinin yeni xidmət yerinə köçməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada ödənilir”.
Deputatlar müzakirənin yekunu olaraq məsələni Milli Məclisin plenar iclasında müzakirə olunmağa tövsiyyə ediblər.