bank
Ölkə
11.09.2026 | 15:22 20

Azərbaycanda 2 bank birləşir

Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər
Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır.

Əqd çərçivəsində AccessBank-ın mövcud səhmdarları Bank Respublikanın nizamnamə kapitalının ümumilikdə 25 faizini təşkil edən, yeni buraxılacaq imtiyazlı səhmləri əldə edərək Bank Respublikanın səhmdarlarına çevriləcəklər.

Səhmlərin satın alınması başa çatdıqdan sonra Bank Respublika və AccessBank ilkin mərhələdə ayrı-ayrı banklar kimi fəaliyyətlərini davam etdirəcəklər. Onların sonradan vahid bankda birləşdirilməsi müvafiq tənzimləyici tələblərə uyğun həyata keçiriləcək.

Birləşmiş bankın cəmi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq.

Bank Respublika-nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib:

“Beynəlxalq maliyyə institutları uzun illərdir ki, Bank Respublikanın mühüm tərəfdaşlarıdır və maliyyələşdirmə, ekspert dəstəyi və sıx əməkdaşlıq vasitəsilə inkişafımıza töhfə verirlər. İnkişafımızın növbəti mərhələsində aparıcı beynəlxalq maliyyə institutlarının Bank Respublikanın səhmdarlarına çevrilməsi və bununla da uzunmüddətli münasibətlərimizin yeni tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bizi xüsusilə məmnun edir.”

AccessBank-ın Müşahidə Şurasının sədri Oleq İvaniyçuk bildirib:

“Hələ 2018–2019-cu illərdə AccessBank-ın beynəlxalq institusional kreditorları Bankın uğurlu restrukturizasiyası və yenidən kapitallaşdırılması üçün səylərini birləşdirmişdilər. Asiya İnkişaf Bankının (ADB) və responsAbility-nin rəhbərliyi ilə həyata keçirilən restrukturizasiya nəticəsində institusional kreditorlar Bankın yeni səhmdarlarına çevrilmiş, Bankın korporativ idarəetməsi gücləndirilmiş, fəaliyyətinin hərtərəfli yenidən təşkili və təkmilləşdirilməsi dəstəklənmişdir.

Bu gün inkişaf yolunda növbəti mühüm mərhələyə qədəm qoyuruq. Azərbaycanda özəl sektorun və maliyyə sektorunun inkişafına uzunmüddətli sadiqliyini qoruyaraq, AccessBank-ın beynəlxalq səhmdarları Bankın inkişafının növbəti mərhələsini ölkənin aparıcı maliyyə institutlarından biri olan Bank Respublikaya etibar edirlər. Bir-birini tamamlayan iki güclü bankın birləşdirilməsi gələcək artım, fəaliyyət miqyasının genişlənməsi və Azərbaycan iqtisadiyyatına daha böyük töhfə verilməsi üçün möhkəm zəmin yaradır.

Bu mühüm mərhələyə çatmaq AccessBank və onun səhmdarlarının, Bank Respublika və onun səhmdarlarının, eləcə də Azərbaycan Respublikası Mərkəzi Bankının ortaq baxışı, qətiyyəti və sıx əməkdaşlığı sayəsində mümkün olmuşdur. Həmçinin, fədakarlıqları və peşəkarlıqları ilə Bankın uğurlu transformasiyasında həlledici rol oynamış AccessBank rəhbərliyinə və əməkdaşlarına səmimi minnətdarlığımı bildirmək istərdim.”

Satınalma və birləşmə prosesinin gedişi barədə ictimaiyyətə, hər iki bankın müştərilərinə, tərəfdaşlarına və digər maraqlı tərəflərə mütəmadi məlumat veriləcək.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN