Ölkə
10.09.2026 | 20:44 22

Aylardır tonlarla su israf olunur – dövlət qurumunun biganəliyi təhlükə yaradır

Bakının Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsində aylardır içməli su yola axıdılır. Sakinlərin dəfələrlə etdiyi müraciətlərə və şikayətlərə baxmayaraq, problem hələ də həllini tapmayıb.
Söhbət sadəcə bir küçənin su basmasından getmir. Aylardır davam edən su itkisi həm yol örtüyünü dağıdır, həm ətrafdakı evlərin hasarlarını təhlükəli vəziyyətə salır, həm də qiymətli içməli suyun tonlarla israfına səbəb olur. Nəzərə alsaq ki, aylardır su küçəyə axır, bu itkinin tonlarla suya bərabər olmasına inanmaq heç də yanlış olmaz.

Sakinlərin bildirdiyinə görə, su dövlət qurumuna məxsus xəttdən axır. Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) dəfələrlə müraciət edilsə də, onların sözlərinə görə, nəticə yoxdur.

Artıq sakinlər problemin həllini özləri axtarmağa məcbur qalıblar. Yola axan suyun heç olmasa kanalizasiya istiqamətində hərəkət etməsi üçün asfalt örtüyü üzərində laqunda ilə kiçik arx cızılıb.

Yəni qurum problemi həll etməyib, sakin isə dövlət qurumunun görməli olduğu işi kortəbii yolla görməyə çalışıb.

8 Mart küçəsinin bu hissəsi isə daim işlək yoldur. Avtomobillər intensiv hərəkət edir. Su uzun müddətdir asfaltın altına və kənarlarına yayıldığından yol örtüyü tədricən dağılır. Suyun təsirindən asfaltın parçalanması davam edir və vaxtında tədbir görülməsə, küçənin vəziyyətinin daha da pisləşəcəyi görünür.

Problemin fəsadı bununla da bitmir.

8 Mart küçəsi, 1 ünvanında yaşayan Mirzəyev Hüseyn Əvəz oğlu bildirir ki, fasiləsiz axan su evinin hasarını da təhlükəli vəziyyətə salıb.

“Su yolun asfaltını və hasarın sementini yuyub aparır. Hasar artıq təhlükəli vəziyyətə düşüb. Bu vəziyyət belə davam etsə, hasarın uçması riski var”, – deyə sakin bildirib.

Burada isə daha ciddi sual ortaya çıxır: aylarla davam edən su itkisini aradan qaldırmaq üçün neçə müraciət edilməlidir?

Dünyada içməli su ehtiyatlarının qorunması, su itkisinin azaldılması və gələcəkdə su qıtlığının qarşısının alınması barədə ciddi çağırışlar səsləndirilir. M.Ə.Rəsulzadə qəsəbəsində isə şirin su aylarla yola axır və sakinlərin iddiasına görə, bunun qarşısını almağa cavabdeh qurumun fəaliyyəti görünmür.

Suyun qədrini bilməkdən danışılır, amma burada su sözün əsl mənasında küçəyə axıdılır.

Üstəlik, məsələ artıq təkcə su israfı deyil. Dağılan yol, təhlükəli vəziyyətə düşən hasar və sakinlərin narahatlığı problemin nə qədər ciddi olduğunu göstərir.

ADSEA bu su itkisini görmür, yoxsa görüb tədbir görmür?

Sakinlər isə haqlı olaraq soruşurlar: hasar uçandan, yol tamamilə dağılandan və su itkisi daha da böyüyəndən sonra kim məsuliyyət daşıyacaq?

Leyla Mirzə

XƏBƏRİN VİDEOSU

XƏBƏRİN VİDEOSU

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN