könül kərimova
Kriminal
26.08.2026 | 13:53

Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə vətəndaşa qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Elçin Bağırov və Mübariz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Cinayət işində müğənni Könül Kərimovanın da adı hallanır.

Lent.az xəbər verir ki, hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibinin dəyişməsi ilə əlaqədar məhkəmə istintaqının yeniləndiyi bildirilib.

Dövlət ittihamçısı ittiham aktını elan edib.

Elçin Bağırov və Mübariz Məmmədov onlara qarşı irəli sürülən ittihamlar üzrə özlərini təqsirli bilmədiklərini bildiriblər.

Belə ki, 2022-ci ilin avqustunda Elçin Bağırov və Mübariz Məmmədov müştəri İlham Cəfərovu tapıb onunla ofisdə görüşüblər.

Onlar paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti 48 saylı binada yerləşən və müqavilə əsasında müğənni Könül Qəmbər qızı Kərimovaya məxsus olan 26 saylı mənzili İIham Cəfərova təqdim ediblər. Daha sonra onlar saxta və qanunsuz sənəd hazırlayıb həmin mənzili 245 min manata sataraq təkrar dələduzluq ediblər.

Təqsirləndirilən şəxslər məhkəməyə bir neçə vəsatət təqdim ediblər. Məhkəmə tərkibi qısa müşavirədən sonra həmin vəsatətlərin sənədlərin tədqiqi mərhələsində müzakirə olunacağını açıqlayıb.

Növbəti məhkəmə prosesi sentyabrın 16-sı saat 10:45-ə təyin edilib.

Xatırladaq ki, istintaq materiallarına əsasən, Elçin Bağırov və Mübariz Məmmədov vətəndaşların etibarından sui-istifadə etməklə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməkdə, həmçinin rəsmi sənədləri istifadə etmək məqsədilə təkrar saxtalaşdırmaqda ittiham olunurlar.

İttihama görə, Mübariz Məmmədov paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən “ARAZ T.İ” MMC-nin binasındakı 156 kvadratmetr sahəsi olan 126 nömrəli mənzili qanunsuz olaraq ələ keçirib.

Sözügedən mənzilin Sakit Məmmədova məxsus olduğu, müqavilə və maliyyə arayışının isə onun həyat yoldaşı Şəlalə Məmmədovanın adına rəsmiləşdirildiyi bildirilir.

İttiham aktında qeyd olunur ki, Mübariz Məmmədov 2011-ci il avqustun 13-də həmin mənzili “ARAZ T.İ” MMC-nin ofisində Elbrus Həsənova 156 min manata sataraq onun həyat yoldaşı Xanım Quliyevanın adına rəsmiləşdirib.

Bununla da Sakit Məmmədova 156 min manat məbləğində ziyan vurulduğu iddia edilir.

Mübariz Məmmədova qarşı digər ittiham isə yüz minlərlə manatlıq “hüquqi xidmət” vədləri ilə bağlıdır.

İstintaqın versiyasına əsasən, o, “Hüquq-Ekspertiza Mərkəzi” MMC-nin rəhbəri olduğu müddətdə tanışı Bəhram Abbasova “Konstra” MTK-nın müxtəlif şəxslərə dəyərindən ucuz və qanunsuz satıldığı bildirilən mənzillərini şirkətə geri qaytaracağını və alıcılara ödənilən pulların geri verilməsini təmin edəcəyini vəd edib.

İttihama görə, Mübariz Məmmədov bu xidmətlərin göstərilməsi adı ilə 408 min manat alıb.

Bundan başqa, “Konstra” MTK-nın layihə sənədlərinin hazırlanması və onların dövlət ekspertizasında təsdiqlənməsinin təşkil ediləcəyi vədi ilə daha 175 min manatın ələ keçirildiyi iddia olunur.

Beləliklə, ittiham aktına əsasən, təkcə Mübariz Məmmədovla bağlı göstərilən bu epizodlarda söhbət ümumilikdə 739 min manatdan gedir.

Qeyd edək ki, cinayət işi üzrə ittiham aktında müğənni Könül Kərimovanın da adı hallanır.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN