Nəsib Mirzəyevin atası Tahir Mirzəyev də zabit olub və sərhəd xidmətində çalışıb. Beləliklə, Nəsib Mirzəyevin sərhədçi kimi seçdiyi peşənin ailə ənənəsi ilə də bağlı olduğu bildirilir.
Nəsib Tahir oğlu Mirzəyev 29 noyabr 1983-cü ildə Cəlilabad rayonunun Ləkin kəndində anadan olub. O, uzun illər Dövlət Sərhəd Xidmətində müxtəlif vəzifələrdə xidmət edib.
General-mayor rütbəsi almamışdan əvvəl DSX-nin Çevik Hərəkət briqadasının komandiri vəzifəsində çalışıb. 2024-cü il avqustun 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Nəsib Mirzəyevə general-mayor ali hərbi rütbəsi verilib.
Nəsib Mirzəyev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Döyüşlər zamanı göstərdiyi xidmətlərə görə bir sıra yüksək dövlət təltiflərinə layiq görülüb.
Onun təltifləri arasında “Zəfər” ordeni, II dərəcəli “Vətənə xidmətə görə” ordeni, III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə” medalı, “İgidliyə görə” medalı, “Vətən uğrunda” medalı, həmçinin “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları var.
2026-cı ilin yanvarında Nəsib Mirzəyev Dövlət Sərhəd Xidmətinin Baş idarə rəisi vəzifəsinə təyin olunub.(Bakıvaxtı.az)
