Masazırda gecə saatları qəribə bir aləmə çevrilib. Şəhərin başqa yerlərində insanlar günün yorğunluğunu çıxarıb yatmağa hazırlaşanda burada sanki gecə növbəsi başlayır.
Əvvəl itlər ulayır. Sonra uzaqdan bir motosikletin səsi eşidilir. Ardınca ikincisi. Sonra üçüncüsü…
Və bir anda elə bilirsiniz ki, yataq otağınızın pəncərəsinin qarşısından motosiklet yarışı keçir.
Yuxu isə? O, çoxdan ərşə çəkilib.
Masazır sakinləri bu səhnəyə artıq kifayət qədər bələddirlər. Gündüzün tıxacından, səs-küyündən, tozundan sonra adam heç olmasa gecə evində sakitlik gözləyir. Amma gecə sakitlik gətirmirsə, insanın dincəlmək üçün haraya getməsi qalır?
Motosikletlərin səsi xüsusilə dözülməz həddə çatanda məsələ artıq “kiminsə xoşuna gəlməyən səs” deyil. Söhbət insanların yaşayış mühitindən, gecə istirahətindən gedir.
Bir müddət əvvəl motosikletlərlə bağlı reyd keçirildi. Sakinlər bunu gördü və təbii olaraq düşündü: nəhayət, bu problemə diqqət ayrılır.
Amma belə məsələlərdə bir sual var: “bir reyd nəyi dəyişir?”
Əgər reyd keçirildikdən bir neçə gün sonra motosikletlər yenidən gecələr küçələrdə istədikləri kimi hərəkət edirlərsə, deməli, problem reydin keçirilməsində yox, onun davamlılığındadır.
Qayda pozan adam bilməlidir ki, nəzarət yalnız bir gün olmayacaq. Bu gün reyd keçirilib, sabah yoxdursa, bir müddət sonra həmin reyd sadəcə statistika kimi qalır.
Masazırda isə statistikadan çox, nəticəyə ehtiyac var.
Gecə saatlarında səs-küy yaradan motosikletlərə nəzarət təsadüfi deyil, mütəmadi aparılmalıdır. Xüsusilə sakinlərin ən çox narahat olduğu saatlarda patrul və reydlərin artırılması məsələyə real təsir göstərə bilər.
Çünki bir insanın gecə saat 2-də yatağının içində motosiklet mühərrikinin səsinə diksinərək oyanması normal həyat deyil.
İtlərin ulaşması isə ayrıca bir mövzudur. Sahibsiz heyvanlarla bağlı problem illərdir müxtəlif yaşayış massivlərində özünü göstərir. Burada məsələni sadəcə “itlər ulayır” deyib keçmək də doğru deyil. Bu, həm təhlükəsizlik, həm sanitariya, həm də şəhər mühitinin idarə olunması məsələsidir.
Yəni Masazırda gecələr insanı oyatmaq üçün xüsusi proqram hazırlanmasına ehtiyac yoxdur.
İtlər var. Motosikletlər var. Bəzən bir də yüksək səslə musiqi. Səhər isə zəngli saatı qurmağa ehtiyac qalmır.
İşin ironik tərəfi budur ki, Masazır böyüdükcə bu problemlərin də böyüməsinə öyrəşməli deyilik. Əksinə, yaşayış məntəqəsi böyüdükcə qayda-qanun, nəzarət və xidmət də böyüməlidir.
Sakinlər qeyri-adi bir şey istəmir. Nə xüsusi imtiyaz, nə də əlavə güzəşt. Sadəcə gecə yatmaq istəyirlər. Bu qədər.
Ona görə motosikletlərlə bağlı keçirilən reydləri alqışlamaqla yanaşı, bir şeyi də demək lazımdır: “reyd bir dəfə keçirilən tədbir yox, problemin həlli üçün davamlı mexanizm olmalıdır”.
Masazırın gecələri yarış meydanı deyil. Küçələr də kiminsə səsli əyləncə məkanı deyil. Burada insanlar yaşayır. Uşaqlar yatır, yaşlılar dincəlir, səhər tezdən işə gedənlər var.
Bəlkə də məsələyə ən sadə yerdən baxmaq lazımdır: “Gecə saatlarında insanın rahat yatmaq haqqı var”.
Və bu haqqı qorumaq üçün sakinlərin hər gecə itlərin ulaşmasına, motosikletlərin gurultusuna və “görəsən, bu gecə də yatacağıq, ya yox?” sualına məhkum olması normal deyil.
Masazırın daha bir reydə yox, “davamlı nəzarətə” ehtiyacı var.
Çünki yuxusuz qalan sakin üçün sabahın statistikasının heç bir əhəmiyyəti yoxdur. O, sadəcə bu gecə rahat yatmaq istəyir.
Leyla Mirzə