“Müasir dünyada sərhəd təhlükəsizliyi əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb və çoxşaxəli xarakter daşıyır. Qeyri-qanuni miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, transmilli mütəşəkkil cinayətkarlıq, terrorçuluq, saxta sənədlərdən istifadə və digər qanunsuz fəaliyyətlər sərhəd təhlükəsizliyinə qarşı əsas təhdidlər sırasındadır”.
Bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Abbas Xəlilov deyib.
O vurğulayıb ki, texnologiyanın sürətli inkişafı cinayətkar qrupların istifadə etdiyi metodların da dəyişməsinə səbəb olur:
“Bu gün sərhədçilər təkcə ənənəvi sərhəd pozucusu ilə deyil, müasir texnoloji imkanlardan istifadə edən mütəşəkkil qruplarla da qarşılaşırlar. Son dövrdə narkotik vasitələrin qanunsuz daşınmasında pilotsuz uçuş aparatlarından istifadə hallarının qeydə alınması bunun bariz nümunəsidir. Ona görə sərhəd mühafizəsi sistemi daim yenilənməli, təhdiddən bir addım öndə olmalıdır”.
A.Xəlilov xatırladıb ki, 2025-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədini pozduqlarına görə 516 nəfər, sərhəd rejimini pozduqlarına görə 1226 nəfər, hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 3922 nəfər saxlanılıb. İl ərzində DSX-nin struktur qurumları tərəfindən və digər hüquq-mühafizə orqanları ilə birgə 4 ton 311 kiloqram 864 qram narkotik vasitənin, 78 min 457 ədəd müxtəlif tərkibli həbin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.
“Bu mübarizə 2026-cı ildə də eyni qətiyyətlə davam etdirilir. Belə ki, bu ilin ilk 6 ayı ərzində Dövlət Sərhəd Xidmətinin struktur qurumları tərəfindən həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər nəticəsində 1 ton 630 kiloqram 280 qram narkotik vasitə, 43 min 251 ədəd müxtəlif tərkibli həb aşkar edilərək qanunsuz dövriyyədən çıxarılmışdır. Bütün bunların arxasında sərhədçilərimizin sayıqlığı, peşəkarlığı və böyük əməyi dayanır”, – general-leytenant deyib.
DSX rəisinin müavini söyləyib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən olunmuş milli sərhəd təhlükəsizliyi strategiyası Prezident İlham Əliyevin rəhbərliyi altında yeni tarixi mərhələdə uğurla inkişaf etdirilib.
O bildirib ki, son illərdə Dövlət Sərhəd Xidmətinin döyüş və texniki imkanları əsaslı şəkildə artırılıb, yeni hərbi hissələr, sərhəd zastavaları, sərhəd-döyüş məntəqələri, təlim mərkəzləri və digər mühüm infrastruktur obyektləri yaradılıb:
“Sərhəd mühafizəsində ən müasir texnologiyaların tətbiqi genişləndirilib. Elektron-optik müşahidə vasitələri, radiolokasiya sistemləri, pilotsuz uçuş aparatları, müasir rabitə vasitələri, xüsusi təyinatlı nəqliyyat və mühəndis texnikası xidməti fəaliyyətimizin ayrılmaz hissəsinə çevrilib.
Dövlət Sərhəd Xidmətinin qarşısında duran mühüm vəzifələrdən biri istənilən relyef və hava şəraitində fasiləsiz sərhəd mühafizəsini təmin edə bilən mobil, yüksək döyüş hazırlıqlı və müasir texnologiyalarla təchiz edilmiş qüvvələrin formalaşdırılmasıdır”.
Abbas Xəlilov qeyd edib ki, 2026-cı il üçün Dövlət Sərhəd Xidməti qarşısında müəyyənləşdirilmiş əsas istiqamətlər sırasında dövlət sərhədinin texniki vasitələrlə mühafizə və müdafiəsinin daha da gücləndirilməsi, çətin relyef və hava şəraitində tapşırıqları yerinə yetirə bilən hərbi qulluqçuların hazırlığının yüksəldilməsi, döyüş hazırlığının və hərbi intizamın daim yüksək səviyyədə saxlanılması xüsusi yer tutur:
“Prezident cənab İlham Əliyevin Dövlət Sərhəd Xidmətinə göstərdiyi diqqət və yüksək etimad Azərbaycan sərhədçiləri tərəfindən böyük məsuliyyətlə qarşılanır”.