Ölkədə uzun müddət özünü yəhudi əsilli beynəlxalq hüquq müdafiəçisi kimi təqdim edən şəxsin əsl kimliyi açıqlanıb.
Bu barədə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu öz Feysbuk səhifəsində paylaşıb. Onun yazdığına görə, “David Seliverstov” adı ilə çıxış edən şəxsin əsl adı Kazım Elşən oğlu Abbasovdur. O, dəfələrlə məhkum olunmuş cinayətkardır və illər ərzində ölkənin ictimai-siyasi dairələrini, media qurumlarını və hətta yəhudi təşkilatlarını aldadıb.
Arifoğlu qeyd edir ki, Kazım Abbasov 2011-ci ildə Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri – xeyli miqdarda ziyan vurmaqla dələduzluq ittihamı irəli sürülüb və məhkəmənin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra Xəzər Rayon Prokurorluğu tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.2-ci (saxta sənədlərdən bilə-bilə istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Bu iş üzrə 2 il azadlıqdan məhrumetmə və 3500 manat cərimə cəzasına məhkum olunub.
2014-cü ilin 29 sentyabrında isə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən növbəti dəfə saxlanılıb. Bu dəfə ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri – külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı elan edilib. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi onu 12 il müddətinə azadlıqdan məhrum edib. Kazım Abbasov 2022-ci ildə azadlığa çıxıb.
Azadlığa çıxdıqdan sonra o, özünə tamamilə yeni imic qurub. “David Seliverstov” adı ilə beynəlxalq insan hüquqları təşkilatının nümayəndəsi, yəhudi icması ilə əlaqəli şəxs və xeyriyyəçi kimi çıxış etməyə başlayıb. Müxtəlif tədbirlərdə Azərbaycan-İsrail münasibətləri, Milli Qəhrəman Albert Aqarunov və digər mövzularda açıqlamalar verib. Bir sıra media orqanları onun bu açıqlamalarını yayıb. Ətrafında jurnalistlər, deputatlar və ictimai xadimlər olub.
Rauf Arifoğlu bildirir ki, dünən hüquq müdafiəçisi, sabiq millət vəkili Çingiz Qənizadə redaksiyaya gələrək sənədlər və dəlillər təqdim edib. Nəticədə bu şəxsin saxta kimliyi tam ifşa olunub.
Məlumata görə, “David Seliverstov” ləqəbli Kazım Abbasov ifşadan sonra ölkəni tələsik tərk edib. Əvvəlcə Gürcüstana, oradan isə başqa istiqamətə yola düşüb. Gedərkən sosial şəbəkələrdə ifşa edənləri hədəfə alan paylaşım da edib.
Arifoğlu statusunda hüquq-mühafizə orqanlarının bu şəxsin və ona dəstək verənlərin fəaliyyəti ilə bağlı araşdırma aparmasının vacibliyini vurğulayıb.