Azərbaycanda uşaqlar arasında təhlükəli virusun yayıldığı iddia olunur. Valideynlər bildirir ki, virus yüksək hərarət, ishal, ağız boşluğunda səpkilərlə müşahidə olunur. Bəzi hallarda hərarəti günlərlə aşağı salmaq mümkün olmur.
Ölkə.az məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, hazırda Azərbaycanda uşaqlar arasında yüksək hərarət, ishal və ağız boşluğunda səpkilərlə müşayiət olunan yeni virus infeksiyasının yayılması ilə bağlı hər hansı təsdiqlənmiş məlumat yoxdur.
“Ölkədə uşaqlar arasında kəskin respirator və digər infeksion xəstəliklərlə bağlı epidemioloji vəziyyət nəzarətdə saxlanılır”, – mərkəzdən vurğulanıb.
Rəsmi məlumata görə, qeyd olunan əlamətlər müxtəlif virus və digər infeksion xəstəliklər zamanı müşahidə oluna bilər və yalnız bu əlamətlərə əsasən konkret virusun adını müəyyənləşdirmək mümkün deyil.
“Valideynlərə tövsiyə olunur ki, uşaqlarda yüksək və davamlı hərarət, təkrarlanan qusma və ya ishal, ağız boşluğunda və dəridə səpkilər, halsızlıq kimi əlamətlər müşahidə edildikdə özbaşına müalicə aparmadan həkimə müraciət etsinlər.
Həkim təyinatı olmadan antibiotik və digər dərman preparatlarının istifadəsi tövsiyə edilmir. Xəstəlik əlamətləri olan uşaqların sağalanadək insanların sıx toplaşdığı məkanlara göndərilməməsi, əl gigiyenasına və ümumi gigiyena qaydalarına riayət olunması vacibdir”, – Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.