“Azərbaycan-Ermənistan sərhədlərin delimitasiyası prosesi davam etdirilir”.
Bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Abbas Xəlilov deyib.
O xatırladıb ki, 24 may 2024-cü il sərhəd tariximiz üçün xüsusi əhəmiyyət kəsb edir: “Həmin gün Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürüldü və həmin ərazilərdə Dövlət Bayrağımız yüksəldi.
Burada xüsusilə mühüm məqam ondan ibarət idi ki, nəticə hərbi əməliyyat olmadan, delimitasiya prosesi çərçivəsində əldə edildi. Bu hadisə Azərbaycanın hərbi Qələbədən sonra yaratdığı yeni siyasi reallığın, dövlətimizin gücünün və diplomatik imkanlarının göstəricisi idi”.
General-leytenant vurğulayıb ki, dövlət sərhədinin müəyyənləşdirilməsi və onun mühafizəsinin təşkili uzunmüddətli sülhün də mühüm şərtlərindən biridir:
“Bu baxımdan, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri arasında keçirilmiş görüşün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması, həmçinin iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması mühüm siyasi mərhələ olmuşdur. 2026-cı ildə də sərhədlərin delimitasiyası prosesi davam etdirilir.
Sülhün möhkəm olması üçün dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət etməsi əsas şərtdir. Azərbaycan sərhədçisinin missiyası da məhz dövlətimizin müəyyən edilmiş sərhədlərinin toxunulmazlığını etibarlı şəkildə qorumaqdır”.