17 oktyabrda İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən öldürülən Yəhya Sinvarın bioqrafiyası
Yəhya Sinvar 29 oktyabr 1962-ci ildə Qəzza sektorunun cənubundakı Xan-Yunis qaçqın düşərgəsində doğulub. Onun valideynləri 1948-ci il Ərəb-İsrail müharibəsindən sonra əl-Məcdəl (hazırda İsrailin Aşkelon şəhəri) şəhərindən düşərgəyə köçürülüblər. O, BMT-nin Yaxın Şərq Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyi tərəfindən təşkil olunan məktəbdə təhsil alıb.
Yəhya Sinvar ilk dəfə 1982-ci ildə hələ tələbə olarkən, ikinci dəfə 1985-ci ildə İsrail polisi tərəfindən həbs edilib. Azadlığa buraxıldıqdan sonra 1987-ci ildə birinci fələstin intifadası zamanı HƏMAS-ın daxili təhlükəsizlik qüvvələrinin rolunu öz üzərinə götürən “Məcd” təşkilatını yaradıb. O, İsraillə əməkdaşlıqda şübhəli bilinən fələstinlilərin axtarışı və məhv edilməsi ilə məşğul olub. Yəhya Sinvar şəxsən qətllərdə iştirak edərək “Xan-Yunis qəssabı” ləqəbini alıb.
1988-ci ildə o, iki israilli əsgərinin, dörd fələstinlinin qaçırılması və qətli ilə bağlı həbs edilərək ömürlük həbs cəzasına məhkum edilib. İsrail həbsxanalarında 22 ildən çox vaxt keçirən Yəhya Sinvar hətta kamerada yeraltı keçid qazmaqla bir neçə dəfə həbsxanadan qaçmağa cəhd edib. Özünü “yəhudi tarixinin mütəxəssisi” adlandıran Yəhya Sinvar həbsxanada ivrit dilini öyrənib, İsrailin xüsusi xidmət orqanlarının keçmiş rəhbərlərinin tərcümeyi-hallarını ərəb dilinə tərcümə edib, Fələstin müqaviməti tarixindən kitab yazıb. 2008-ci ildə o, beyin şişinin çıxarılması əməliyyatı keçirib.
2011-ci ildə HƏMAS tərəfindən əsir götürülən israilli əsgər Gilad Şalitin azad olunması müqabilində 1027 fələstinli məhbusla birlikdə Yəhya Sinvar da azadlığa buraxılıb.
Yaxın Şərq prosesləri ilə bağlı ekspert, jurnalist Kənan Rövşənoğlu yazır:
Yəhya Sinvar öldü. Bu, bu il ərzində ölən növbəti “60-cılar nəsli” nümayəndəsidir. Bir-bir gedirlər, yerlərinə daha gənc və bəlkə daha bilikli və barışmazlar gələcək.
Sinvar 1962-ci ildə Xan Yunis qaçqın düşərgəsində anadan olmuşdu, sonra da ömrü həbsxanada və müharibədə keçdi. Əslində, özünün də dediyi kimi yaşadığı həyatın məntiqi sonluğu bu şəkildə əlində silah vuruşaraq ölmək idi.
Sinvar 22 il, 1989-cu ildən 2011-ci ilə qədər İsrail həbsxanalarında saxlanılıb. Fikir verin, qaçqın düşərgəsində anadan ol, 22 il həbs yaşa və vuruşaraq öl.
Bunu həmişə yazıram, Sinvarı, Haniyeni, Şeyx Əhməd Yasini “yaradan” İsraildir.
İsrailin işğalı olmasaydı Şeyx Əhməd Yasin orta məktəb müəllimi, Sinvar yəqin ki, məscid imamı (universitetdə ilahiyyat təhsili alıb) olaraq həyatıni başa vuracaqdı.
Tarix və tale onları başqa tərəfə sürüklədi, amma özləri seçmişdilər bu yolu, məntiqi nəticəsini də bilirdilər.
Bu işin sonu yoxdur, İsrail müharibəni başa çatdırmalı, işğala son qoyub, Fələstin dövlətini tanımalı, işgal etdiyi torpaqlardan çıxmalıdır. Əks halda Fələstində sinvarlar bitməyəcək.
2015-ci ilin sentyabrında Yəhya Sinvar və HƏMAS ABŞ hökuməti tərəfindən terrorçu kimi tanınıb. O cümlədən HƏMAS da Avropa Birliyi tərəfindən terror qruplaşması kimi tanınıb.
Yəhya Sinvar, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə qarşı hücumunun əsas ilhamvericisi və təşkilatçısı hesab olunur. Nəticədə təxminən 1200 nəfər həlak olub, 240 nəfər isə girov götürülüb. 30 noyabrda o, bu hücumu “yalnız məşq” adlandırıb. Dekabr ayında İsrailin Baş naziri Benyamin Netanyahu kəşfiyyat xidmətlərinin rəhbərlərinə HƏMAS liderlərini, o cümlədən Yəhya Sinvarı tapıb məhv etməyi tapşırıb. Elə həmin vaxt İsrail Xan-Yunisdə onun yerini göstərən məlumat üçün 400 min dollar mükafat vəd edən vərəqələr yaymağa başlayıb.