Ölkə xaricində təhsili araşdıranda, universitetlərdən birinin sualı onu düşündürür: Sizin üçün ən dəyərli şey nədir və niyə? Deyir ki, bu suala cavab tapmaq üçün kiçik bir böhran da keçirir. Düşünür ki, onun üçün dəyər pul qazanmaqdır, yoxsa nələrisə dəyişmək, məhsul yaratmaq, onu bazara çıxarmaq? Nəticədə ilk startapını Azərbaycanda yaradır, ABŞ-a köçdüyündə isə orda da startap yönündə davam edir. Söhbət ötən il 1,5 milyon dollar investisiya alması ilə gündəmə gələn “Tailbox” startapının həmtəsisçisi Bayazid Malikovdan gedir.
Valyuta.az B.Malikov ilə karyerası və layihəsi ilə bağlı söhbətləşib.
– Bayazid bəy, orta məktəb illərindən danışaq. Ən çox hansı fənləri oxumağa marağınız var idi?
– Riyaziyyat, fizika, coğrafiya, tarixə marağım çox idi. Ən çox isə riyaziyyat maraqlı gəlirdi və bu sahəyə çox vaxt sərf edirdim. Bunun isə iki səbəbi var idi. Biri mənim intravert olmağıma bağlı idi. İntravert adamlar nədəsə seçilməyə, orda daha yaxşı olmağa çalışırlar. Riyaziyyatda isə yaxşı idim və bu sahədə üstünlüyümü saxlamaq üçün üzərimdə davamlı işləyirdim. İkincisi, bu marağı məndə müəllimlərim yaratmışdı. Mən Sumqayıt şəhərində doğulmuşam, Şumqayıtda 34 nömrəli məktəbdə oxumuşam. Bizim sinifdə riyaziyyat dərsində yarış tipli mühit var idi. Riyaziyyatla bağlı misal, məsələ verilirdi, hamı birinci həll etməyə çalışırdı. Bu mühit adamda, maraq yaradırdı. 10-11-ci siniflərdə Araz kursunda oxudum, orda da mühit rəqabətli idi. Məni irəli aparan hiss rəqabətdir. Rəqabət mühitində adam inkişaf edir.
– Universitetlərə qəbul imtahanında nə qədər bal topladınız?
– Mən orta məktəbi 2008-ci ildə bitirmişdim. Qəbulda 615 bal yığmışdım.
“Kimsə desəydi ki, fizika oxuyub astronavt ola bilərsən…”
– İxtisas seçimi ilə bağlı planlarınız nə idi?
– Ailədə və çevrədə ixtisas seçimi ilə bağlı bir məlumat azlığı var idi. Məsələn, fizika mənə çox maraqlı gələn fənlərdən idi, düşünürdüm ki, fizika oxuyub fizika müəllimi ola bilərsən. Məncə, eyni mühitdəki bütün uşaqlarda o fikir var idi. Mənə kimsə desəydi ki, fizika oxuyub astronavt ola bilərsən, gözlərim açılardı.
– Bəs seçim necə edildi?
– Riyaziyyat və coğrafiyaya marağım olduğu üçün ikinci qrupa imtahan verməyi qərarlaşdırdım. Həmin qrupda iqtisadiyyat maraqlı gəldi. İqtisadiyyat, maliyyə, investisiya mənə maraqlı idi. Qafqaz Universitetinin dünya iqtisadiyyatı fakültəsinə qəbul oldum. Daha sonra Dövlət proqramı ilə İngiltərənin Mançester Universitetində maliyyə ilə bağlı magistr təhsili aldım.
– Təhsil dönəmində işləmək cəhdləriniz olmadı?
– Bakalavr təhsilim dönəmində 3-cü kursdan sonra mühasib kimi “Aztexnika” şirkətində işləmişəm. Təhsilim 5 illik idi, təhsil müddətində orda çalışdım. Britaniyadan qayıdandan sonra da bir müddət o şirkətdə işlədim. Sonra Neft Fonduna keçdim.
“ABŞ-da tələbə krediti ilə təhsil aldım”
– Neft Fondunda 6 ilə yaxın işlədikdən sonra Amerikaya getdiniz. Məqsəd qlobal şirkətlərdə işləmək idi, yoxsa öz startapınızı qurmaq?
– Mənə investisiya sahəsi maraqlı idi, Neft Fondunda çalışandan bir müddət sonra fondda elə bu sahəyə keçdim. Fondun kollektivində xaricdə təhsil almış çox savadlı gənclər var. İş yoldaşımızdan biri MBA təhsili üçün ABŞ universitetinə müraciət edirdi. O vaxt düşündüm ki, mən də Amerikada MBA təhsili ala bilərəm. Bu mühitdə olmasam yəqin ki bu hədəfi real düşünməzdim. Hansı universitetlərdə bu imkan olduğunu araşdırdım, Massaçusets Texnologiya İnstitutunu (MIT) görüb sevindim. Çünki oxumağı arzu etdiyim universitetlərdən birincisi MİT idi. Müraciət etdim və qəbul aldım. O təhsili planlayanda konkret planım yox idi. Xaricdə MBA təhsili üçün hazırlaşanda universitetlərdən birinin bu sualı məni düşündürdü: Sizin üçün ən dəyərli şey nədir və niyə? Bu sual sənin maraqlarının kökünə gedir. Stabil maaş, rahat mühit sənə maraqlıdır, yoxsa nələrsə etmək? Bu haqda çox düşündüm. Kiçik bir böhran da yaşadım ki, mənim üçün dəyər pul qazanmaqdır, yoxsa nələrisə dəyişmək, məhsul yaratmaq, onu bazara çıxarmaq? Hətta həmin dövrdə Azərbaycanda bir startapın – “Tapöyrən”in həmtəsisçisi də oldum.
Qurduğumuz müddətdə startap yönündə marağım daha da kök saldı. Amerikaya gələndən sonra da startap yönündə davam etmək istədim.
– Başqa ölkədə startapla başlamaq yəqin ki çətindir…
– Üzərində işləyən birisənsə, Amerikada yaxşı maaşla özünə həyat qura bilirsən. Startaplarda hər şey o qədər rahat deyil. Davamlı olaraq risklər var. Yeni nələrsə yaratmalı və onu sata bilməlisən. Çətinlikləri çoxdur, amma qarşılığı da yaxşıdır.
– Əlinizdə maliyyə var idi?
– Gələndə əlimdə maliyyə yox idi. ABŞ-da tələbə krediti ilə təhsil aldım. Bu borc hələ də qalır, ödəməliyəm.
“Startapda konsept sadə və yaradıla bilən olmalıdır”
– Bəs necə başladınız?
– Gəldiyimdə A, B, C kimi müxtəlif planlarım var idi. A planım startap qurmaq idi. İlkin olaraq bu alınmasa, böyük şirkətlərdə işləyib zamanla öz startapımı qurmaq da bir variant idi. Düşündüm ki, 2 illik təhsil dönəmini startap üçün dəyərləndirməliyəm. Tələbə vaxtı A planı barədə heç nə etməsəm, bu, komfort zonaya girəndən sonra daha çətin olacaq. Ona görə özümü bu istiqamətdə yoxlamağa başladım. İlk olaraq özümə “Hansı sahədə startap qurmaq istəyərsən?” sualını verdim. Mənə süni intellekt maraqlı idi. MİT daxilində startaplarla bağlı proqramlar olur. Süni intellekt tətbiq edən bir startapda məhsul meneceri kimi çalışdım. Daha sonra süni intellekt tətbiq edən başqa bir startapda texnoloji yöndə işlədim. Eyni zamanda, çoxlu startap və süni intellekt dərsləri götürdüm. Hər iki tərəfdən özümü inkişaf etdirməyə çalışırdım. Çünki mən mühəndislik oxumamışam. Dərslərin sayəsində süni intellekti yaratmağı öyrəndim. Orada müəyyən qədər işlədikdən sonra öz ideyamın üzərində də işləməyə başlamışdım.
– “Tailbox”dan söhbət gedir?
– Yox. Süni intellekti necə tətbiq etmək olar ki, öz planlarım və hədəflərimə görə bu gün nə etməli olduğumu optimallaşdırım?
Bütün datanı verəndən sonra proqram mənə desin ki, bu gün hansı addımları atmalıyam? Maraqlı olsa da, insan səviyyəsində böyük həcmdə data tələb edirdi. Startap haqqında öyrəndikcə gördüm ki, konsept sadə və yaradıla bilən olmalıdır. Bu ideyanı müəyən qədər işlədikdən sonra başqa ideya axtarmağa başladım və “Tailbox” yarandı.
“Bu ideyanı bir dərs tapşırığı olaraq işləyirdik”
– “Tailbox”un ideyası necə yarandı?
– Dostlarla 4 günlük hikinq edirdik, meşələrdə, dağlarda yollar keçdik. Orda bir qrup yoldaşımız bir hekayə danışmışdı. Çox maraqlı idi və özü yazmışdı. O hekayəni sonralar mən başqalarına danışanda, eyni effekti almadım. Fikirləşdim ki, o hekayəni orda eşitmək daha effektiv idi. Hekayələr yerində daha dəyərlidir. Biz ona görə “Tailbox” platformasını qurduq. İlkin ideya səyahət edən şəxslərin olduqları yerlə bağlı hekayələrini paylaşması idi. Amma sonra təbii ki ideyanı inkişaf etdirdik. Onu da deyim ki, bu ideyanı bir dərs tapşırığı olaraq işləyirdik, amma sonra investisiya alacaq formaya gətirdik.
– Dərs üçün düşünülən ideya necə o mərhələyə gələ bildi?
– MİT-də startapla bağlı bir dərsdə bizə deyilirdi ki, ideyanız varsa, onun üzərində işləyək, yoxdursa, qrup yoldaşlarınla birləşə bilərsən. Braziliyalı qrup yoldaşım Eduardo layihəmə qoşuldu və bir yerdə üzərində işləməyə başladıq. Dərslər daxilində həftəlik təqdimatlar edərək addımlayırdıq. Gündəlik 8-10 saat nəyisə müzakirə edirdik, sonra gəlib həftənin sonunda təqdim edirdik.
Təqdimatda investorlar və doktorantura təhsili alanlar olurdu. Onlar bizə məsləhətlər verirdilər. Konsept bazara uyurmu? Başqa həllər varmı? Bizi daha dərin araşdırmağa maraqlandırırdı. Hər həftə o görüşü edirdik və gedib araşdırırdıq. Zamanla inkişaf edirdi. Bir yerdə fikirləşdik ki, tətbiq yazaq və ideyanın mümkünlüyünü göstərək. Nə mən, nə də digər təsisçi mühəndisdir. Bir nəfər tapdıq, dedi ki, 160 saata bizə tətbiq yaza bilər. Bizim isə o qədər vaxtımız yox idi. Mühəndis olmaya-olmaya, süni intellektlə işləyə-işləyə özümüz tətbiqin ilkin formasını yazdıq və nümunəmizi bəyəndilər. Bu dərsi bitirəndən sonra MİT daxilində akselatora qoşulduq.
“Tailbox”dan istifadə edirsinizsə, tur rəhbərinə ehtiyac yoxdur”
– İlkin ideya hekayəni paylaşmaq idi, bəs sonra nələr əlavə edildi?
– İlkin ideya o idi ki, səyahət edən şəxslər üçün sosial şəbəkə kimi bir platforma yaradırıq. Səyahətçilər səyahət etdikləri nöqtələrlə bağlı hekayələri paylaşırlar. Bizim proqram səyahət planlama tətbiqi deyil. Bizdə süni intellekt var, ondan soruşub cavab almaq olar. Məsələn, gəlib Qız Qalasının yanında. Bilmək istəyir ki, bunun hekayəsi nədir? Ona tur rəhbəri lazımdır. Əgər “Tailbox”dan istifadə edirsinizsə, tur rəhbərinə ehtiyac yoxdur. Siz Qız Qalasının adını yazırsınız, onun hekayəsini sənə çatdırır.
Həm də getdiyiniz yerdə sizə xəritədə maraqlı yerləri göstərir. O yerlərin hekayəsinə baxırsınız, hekayəsi maraqlı olan yerləri seçib gedirsiniz. Proqram maraqlı yerlərin bir neçəsini tura birləşdirir. Bakının İçəri şəhər turu, sovet məhlələri turu kimi qruplaşdırmaq imkanı verir. Əlində proqram olmasa, gəldiyi ərazidə maraqlı yerlərin hara olmasını bilməyəcək.
Sonra ikinci hissəsini düşündük. Bu da odur ki, səhayət edən şəxslərin getdikləri yerdə aktivliklərə qatılması üçün hər bir məlumatın tətbiqdə olmasıdır. Canlı musiqi, şoular, festivallar, tamaşalar və s. hamısı haqqında məlumat ala bilir. Biz indi bu ikisinin üzərində işləyirik.
Səyahət edən insanların çox fərqli yerlərdə axtardıqları məlumatları bir yerə yığmağa çalışmışıq.
Üçüncü isə, insanlarla əlaqədir. Mən Bakıya gəlmişəm, burada başqa turistlərdən kimlər var? Yerli insanlara necə ünsiyyətdə ola bilərəm? Küçədə qarşılaşdığı hər kəs ünsiyyətdə maraqlı olmaya bilər. “Tailbox”dan istifadən edən yerli adamlarla və digər turistlərlə əlaqə qura biləcəklər. Biz indi bir və ikinci mərhələni işləyirik. Onları hazırladıqdan sonra üçüncü mərhələyə keçəcəyik. Başqaları ilə danışa, tətbiqimizdə xəritədə görüş təşkil edə biləcəklər.
– Tətbiq test mərhələsindədir?
– Hələ ki platformanın üzərində işləyirik, mükəmməl məhsula çevirməyə çalışırıq. Test mərhələsində 1000-ə yaxın istifadəçi var. Onlarla yoxlamağa çalışırıq ki, necə bir mükəmməllik yaratmaq olar? Məhsuldan tam əmin olduqdan sonra artıq marketinqə fokuslanacağıq.
“İnvestisiya olmasaydı, bunu sadəcə ideya kimi daşıya bilərdik”
– Layihəyə başlayandan 5-6 ay sonra – ötən ilin sentyabrında investisiya almısınız. Deyirlər ki, ABŞ-da investisiyanı daha rahat cəlb etmək olur. İnvestisiya almağınız necə oldu?
– ABŞ-da pul çoxdur, investisiya cəlb etmək daha rahatdır. Amma investorların investisiya savadı daha yaxşı olduğu üçün seçicidirlər. Onlara konkret planlar göstərmək lazımdır. Əgər təqdimat olunursa, startap aydın şəkildə bütün planlarını investora göstərə bilməlidir. Bizim investor dediyim dərsdəki mentorlardan biri idi. İki “unicorn” (milyardlıq startap) qurub satan biridir.
Satdığı maliyyə ilə startaplara investisiya edən fond qurub. MİT ətrafındakı startaplar içərisindən seçim edirdi. Biri də biz olduq. İlk olaraq onlar bizə maraq göstərdilər. Biz tələsmədik, düşündük ki, özümüz başqa investorlara da müraciət edək, danışıqlar aparaq. Görək bizə edilən təkliflər düzgündürmü? Yəni anidən qərar vermədik, başqa investorlara da baxadıq. Sonra artıq qərar verdik.
– İnvestisiya almasaydınız, bir il ərzində davam edərdi?
– Layihənin komanda kimi formalaşması və vaxtın investisiya olması üçün maliyyə mütləq idi. İnvestisiya olmasaydı, biz bunu sadəcə ideya kimi daşıya bilərdik. Başqa yerdə işləyib bu layihəni paralel aparmaq olardı, amma o halda da layihəyə bu qədər zaman ayırmaq çətin olardı.
– Neçə nəfərlik komandanız var?
– 12 nəfərlik bir komandamız var.
“Həftənin 5 günü səhər 11-dən, gecə 1-2-yə qədər ofisdə olurdum”
– Necə işləyirsiniz? Layihənin üzərində işləmək gündəlik nə qədər zaman tələb edir?
– Biz zamanımızın hətta 70 faizini sərf etsək belə, bu, uğurlu olmayacaq. 80-90 faizini ayırmalıyıq. Bu, intensiv prosesdir. Bakıda olanda, həftənin 5 günü səhər 11-dən, gecə 1-2-yə qədər ofisdə olurdum. Şənbə, bazar da ehtiyac olanda, işləyirdik. Amma çalışırdıq həmin günlər istirahət edək, yoxsa insan tükənə bilir. Komandanı iş saatlarına uyğunlaşdırmağa çalışırıq, amma onlar da çox fədakardır, əsasən də Azərbaycandakı komanda. Lazım gələndə gecə 12-1-də də işləyirlər.
– Aldığınız investisiya sizi nə vaxtadək ayaqda saxlayacaq?
– Normalda hər raundda alınan investisiyanın 1,5-2 müddəti olur. Bizdə bundan sonra 1,5 ilə qədər investisiya var. Yəqin ki növbəti investisiyanı daha tez almağa başlayarıq. Normalda startaplar investisiya bitməmiş danışıqlara başlayırlar. Çünki investisiya bitənə yaxın danışıqlar daha çətin olur.
– Tətbiqi nə zaman tam istifadəyə verməyi planlaşdırırsınız?
– Bu ilin sonuna planlayırıq. Sadəcə burada hər şey düşündüyümüz kimi olmaya bilər. Zaman-zaman yeni həll edilməli məsələlər çıxa və zaman uzana bilər. Tətbiq artıq “App store”dadır, onun üzərinə işləyirik. İnsanların hər gün istifadə edəcəyi tətbiqə çevirmək istəyirik. Səyahət etməyi sevən bütün insanlar üçün “Snapchat”, “Tiktok” kimi bir şəbəkə düzəltmək istəyirik.
– Bu layihə “unicorn” ola bilər?
– Bu hiss var ki, gecə 2-də, həftə sonları da işləyirik. Hədəfimiz odur. Bu maraq bizi motivasiya edir.