Düz 4 il əvvəl oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi işğaldan azad olundu. Ərgünəş dağı və onun ətəyində meşələrlə əhatə olunan Qozluçayın dərəsində yerləşən Hadrut 44 günlük Vətən müharibəsində əsas strateji məntəqələrdən biri hesab olunurdu. Dağlıq, çətin relyefli ərazidəki qəsəbənin azad olunması Azərbaycan Ordusunun əsas tapşırıqlarından biri idi. Qəsəbə uğrunda şiddətli döyüşlər 2020-ci ilin oktyabrın 7-də başlamışdı.
Vətən müharibəsi dövründə Ermənistan ordusu əsas qüvvələrini Hadrutda cəmləmişdi. Çünki düşmən məntəqənin nəzarətdən çıxmasının məğlubiyyəti qaçılmaz edəcəyini yaxşı bilirdi. Onlar Azərbaycan Milli Ordusunun Füzuli istiqamətindən, düzənlik ərazidən hücuma keçəcəyini gözləyirdilər. Lakin peşəkarlıqla icra edilən döyüş planı qanunsuz erməni silahlı birləşmələrini çaşbaş saldı. Xüsusi təyinatlılar və digər qoşun növlərinə mənsub olan hərbçilərimiz 1468 metrlik Ərgünəş yüksəkliyini aşaraq, dünya hərb tarixində özünəməxsus yer tutan “Hadrut əməliyyatı”nı həyata keçirdi. Bir neçə gün davam edən döyüşlərdən sonra aciz vəziyyətə düşən düşmən məğlubiyyətə düçar oldu.
Hadrutun işğaldan azad olunmasında böyük şücaət göstərən Azərbaycan Ordusunun hərbi qulluqçularından biri həmin günləri belə xatırlayır: “Biz əvvəlcə Ərgünəş dağının ətrafında sıx meşəliyə gəldik. Orada axşamın düşməsini gözlədik ki, hava qaralsın və dərəyə düşüb yuxarı qalxaq. Çünki gecə vaxtı bunu etmək daha təhlükəsiz və düzgün idi. Düşmənin müşahidə imkanı zəifləyirdi. Xüsusi təyinatlılarla koordinasiyalı şəkildə hərəkət edirdik. Düşmən bizi mühasirəyə almaq istəyirdi. Şiddətli döyüşlər başladı. Mən həm çiynimdən, həm də ayağımdan yaralandım. Ağır döyüşdə şəhidlər verdik. Allah onlara rəhmət etsin, yaralılarımız oldu. Amma bu, bizim əzmimizi qıra bilmədi. Bütün şəxsi heyət sona qədər mübarizə apardı və Hadrut işğaldan azad edildi”.
Həm Vətən müharibəsi, həm də antiterror əməliyyatının iştirakçısı, komando bölməsinin mənsubu olan digər bir döyüşçü isə deyir ki, 30 ildən sonra torpaqlarımızın işğaldan azad edilməsində və suverenliyimizin bərpasında pay sahibi olmaq əvəzolunmaz hissdir: “Düşmənin ağlına gəlməyəcək şəkildə maneələri aşaraq, onların 30 ildir möhkəmləndiyi torpaqlarımızı geri qaytardıq. Biz bunu öz qanımız, canımız və əzmimiz hesabına etdik. Bu hərbi əməliyyatlar Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi və onun qarşısında icra edə bilməyəcəyi heç bir tapşırığın olmadığını nümayiş etdirdi”.
Hadrut döyüşlərinin əhəmiyyətindən danışan hərbi ekspert Azər Bayramov həmin əməliyyatın dünyanın bir çox hərbi mərkəzlərində öyrənilərək tədris olunduğunu bildirir: “Hadrutda düşmənin Azərbaycan Ordusundan qat-qat çox olmasına baxmayaraq, hərbçilərimiz qarşıya qoyulan tapşırığın öhdəsindən layiqincə gəldi və düşməni darmadağın etdi. Ermənistan tərəfində belə bir mif formalaşmışdı ki, düzənlik ərazidə Azərbaycan Ordusu uğurlu olsa da, dağlıq və çətin relyefli ərazidə onların qarşısı alınacaq. Ancaq Hadrut döyüşləri onların uydurduğu həmin mifi puç etdi. Döyüşçülərimiz istənilən şəraitdə qarşıya qoyulan tapşırığı yerinə yetirməyə qadir olduqlarını sübut etdilər”.
Hadrut əməliyyatı Qarabağda qanunsuz yerləşdirilən erməni silahlı birləşmələrinə psixoloji baxımdan da ağır zərbə endirdi. Xeyli canlı qüvvəsi və texnikası məhv edilən düşmən Hadrutun işğaldan azad olunması nəticəsində bir daha özünə gələ bilmədi. Hadrut qələbəsi Zəfərə – Şuşaya aparan yolun əsas sütunu oldu…
Liman.az