Müğənni Pəriyar Məmmədova və meneceri İslam Kamaloğlu Bakıda iki nəfər tərəfindən fiziki zorakılığa məruz qalıblar.
Bu barədə o, sosial şəbəkədə paylaşım edib.
Qeyd edib ki, hadisə avqustun 14-də səhər saatlarında 20 Yanvar dairəsi yaxınlığında yerləşən ticarət mərkəzinin qarşısında baş verib.
Pəriyar Məmmədovanın sözlərinə görə, tanımadığı iki nəfər ona nalayiq ifadələr işlədib, daha sonra isə meneceri onlara irad bildirib.
Bundan sonra həmin şəxslər İslam Kamaloğlunu döyməyə başlayıblar. P.Məmmədova da davaya müdaxilə edən zaman döyülüb.
Müğənni və meneceri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisədən sonra P.Məmmədova polisə müraciət edib.
DİN-in mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, məsələ ilə bağlı zərərçəkmiş şəxsin polisə müraciəti daxil olub. Əməli törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək ərazi üzrə müvafiq polis orqanına dəvət olunublar.
Hazırda araşdırmalar davam etdirilir.