Prezident İlham Əliyevin təsdiqlədiyi 2026–2030-cu illər üzrə Məşğulluq Strategiyasının Tədbirlər Planında Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin hazırlanması nəzərdə tutulur. Bu yeniliyin əmək bazarında yeni imkanlar yaratması və işçilərlə işəgötürənlər arasında münasibətlərə təsir göstərməsi gözlənilir. Bu təşəbbüs əmək bazarında hansı dəyişikliklərə səbəb ola bilər və çevik iş rejiminin tətbiqi üçün hansı mexanizmlər vacibdir?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bildirib ki, çevik iş vaxtı modellərinin hazırlanmasının Məşğulluq Strategiyasına daxil edilməsi əmək bazarının müasir tələblərə uyğunlaşdırılması baxımından mühüm addımdır.
Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində artıq ənənəvi “09:00-18:00” iş qrafiki yeganə model hesab edilmir. Rəqəmsallaşma, xidmət sektorunun genişlənməsi və məsafədən işləmə imkanlarının artması daha çevik əmək münasibətlərini zəruri edir: “Bu təşəbbüsün əmək bazarında bir neçə müsbət nəticə verməsi mümkündür. İlk növbədə, əmək bazarına çıxmaqda çətinlik çəkən bəzi qrupların – azyaşlı uşağı olan valideynlərin, tələbələrin, əlilliyi olan şəxslərin və pensiya yaşına yaxın insanların məşğulluq imkanları arta bilər. Eyni zamanda, şirkətlər işçi ehtiyacını daha səmərəli planlaşdıra, pik iş saatlarına uyğun iş qrafikləri formalaşdıra və əməliyyat xərclərini optimallaşdıra bilərlər. Digər mühüm məqam istedadlı kadrların saxlanılmasıdır. Son illərdə aparılan beynəlxalq araşdırmalar göstərir ki, əməkhaqqı ilə yanaşı, iş qrafikinin çevikliyi də işçilərin iş yerini seçməsinə və uzunmüddətli işləməsinə ciddi təsir göstərən amillərdən biridir. Xüsusilə bilik iqtisadiyyatı və texnologiya sektorunda bu tendensiya daha aydın müşahidə olunur”.
E.Quliyev əlavə edib ki, bununla yanaşı, çevik iş rejiminin uğurlu tətbiqi yalnız hüquqi dəyişikliklərlə məhdudlaşmamalıdır. Bir neçə mühüm mexanizm formalaşdırılmalıdır: “Birincisi, çevik iş vaxtının konkret modelləri aydın şəkildə müəyyən edilməlidir. Buraya sürüşkən iş saatları, sıxlaşdırılmış iş həftəsi, hibrid iş modeli, məsafədən işləmə və nəticəyönümlü iş prinsipləri daxil ola bilər.
İkincisi, işçilərin hüquqlarının qorunması xüsusi əhəmiyyət daşıyır. Çevik iş rejimi əlavə və ya qeyri-məhdud iş saatlarına çevrilməməli, iş vaxtının uçotu, artıq işə görə ödəniş, istirahət hüququ və sosial təminatlar tam şəkildə qorunmalıdır.
Ətraflı
Üçüncüsü, işəgötürənlər üçün praktik metodiki tövsiyələr hazırlanmalıdır. Xüsusilə kiçik və orta sahibkarlıq subyektləri çevik iş rejiminin necə təşkil ediləcəyi, məhsuldarlığın necə ölçüləcəyi və əmək intizamının necə təmin ediləcəyi ilə bağlı dəstəyə ehtiyac duyacaqlar.
Dördüncüsü, rəqəmsal infrastruktur və performansın qiymətləndirilməsi sistemləri inkişaf etdirilməlidir. Çevik iş rejimində əsas meyar işçinin ofisdə keçirdiyi vaxt deyil, əldə etdiyi nəticə olmalıdır. Bu isə müasir idarəetmə yanaşmalarının tətbiqini tələb edir”.
Ekspert qeyd edib ki, eyni zamanda, bəzi risklər də nəzərə alınmalıdır. Bütün peşələr üçün çevik iş rejimi uyğun deyil: “İstehsal, səhiyyə, nəqliyyat və təhlükəsizlik kimi sahələrdə klassik iş qrafikləri uzun müddət əsas model olaraq qalacaq. Bundan başqa, düzgün tənzimlənmədiyi halda çevik iş rejimi iş və şəxsi həyat arasındakı sərhədlərin pozulmasına, işçilərin həddindən artıq yüklənməsinə və əmək münasibətlərində mübahisələrin artmasına səbəb ola bilər.
Ümumilikdə hesab edirəm ki, bu təşəbbüs düzgün hüquqi baza, effektiv nəzarət mexanizmləri və beynəlxalq təcrübənin ölkənin əmək bazarına uyğunlaşdırılması ilə müşayiət olunarsa, Azərbaycanda daha çevik, inklüziv və rəqabətqabiliyyətli əmək bazarının formalaşmasına müsbət töhfə verə bilər. Əsas məqsəd yalnız iş saatlarını dəyişmək deyil, həm işçinin rifahını, həm də müəssisələrin məhsuldarlığını eyni vaxtda artıran balanslı əmək münasibətləri qurmaq olmalıdır”.