Qlobal şirkətlərdə 20 illik iş təcrübəsi olub, bu müddətdə Nigeriya, Amerika, Rusiya, İngiltərə, Kanada kimi ölkələrdə fəaliyyət göstərib. İnvestorlar ona deyirmişlər ki, ideyan olsa, öz işini qura bilərsən. Bu, onu düşünməyə məcbur edir. Müxtəlif ideyalar yaranır və nəticədə karyerasının sonrakı dönəmini öz işini qurmağa həsr edir.
Valyuta.az-ın müsahibi Kanadada neft sahəsində texnoloji həllər hazırlayan “Advanced Upstream Ltd” və xarici dil öyrədilməsi proqramı olan “SpellQuiz”in yaradıcısı olan azərbaycanlı Ceyhun Nəcəflidir. 54 yaşlı müsahibimiz Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin rəhbəridir.
Müsahib öz şirkətlərini qurmamışdan öncə 15 ilə yaxın “Schlumberger”, 5 il “Baker Hughes” kimi qlobal şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb.
– Ceyhun bəy, ilk işiniz üçün 1999-cu ildə Afrikaya üz tutmusunuz. İndi bu məsələlər daha rahatdır. Bəs o dövrdə bu qərarı verməyiniz necə olmuşdu?
– Mən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kimya texnologiyası üzrə təhsil alırdım. Neft məhsullarının istehsalı ilə bağlı sahə idi. Mən özümü neft işində sahədə yox, elmi istiqamətdə görürdüm. Ona görə aspirantura təhsili də aldım. Aspiranturada oxuduğum dövrdə bir efiopiyalı dostum var idi, “Sperry Sun” neft quyularını qazma şirkətində işləyirdi. 2 həftə Xəzər dənizində işləyirdi, 2 həftə universitetimizdə təhsil alırdı. Azərbaycanda ağır zamanlar idi, iş yerləri bağlanırdı. Mənim sahəmlə bağlı iş imkanı yox idi. Tələbə vaxtı qəzetlər üçün yazılar yazırdım, amma pul almırdım (Gülür). Kitab yazdım, gördüm ondan da pul qazanmaq mümkün deyil. Həmin dostum dedi ki, gəl mənimlə get, sən də neftçi ol və pul qazan. Dedim gedim pul qazanım. Professorumuz universitetdə qalıb dosent olmağımı istəyirdi. Mənə ayda 20 dollar maaş yazacaqdılar. Mən Nigeriyada “Schlumberger”də işləməyə getdim və ilk maaşım ayda 3500 dollar oldu. Yəqin ki hər kəs 20, yaxud 3500 dollar arasında qalsa, mənim kimi seçim edərdi.
– Afrikaya gedəndə ingilis dilini bilirdiniz?
– Xaricdə işləmək planım olmasa da, tələbə vaxtı ingilis dilini öyrənirdim. O vaxt indiki imkanlar yox idi, özüm evdə öyrənirdim. Kitabdan oxuyurdum, amma tələffüzü öyrənmək üçün yer axtarırdım. İngilis dilində olan valları dinləmək üçün Mərkəzi Kitabxanaya gedirdim. Səsləri pis idi, amma başqa alternativlər də yox idi. Harda xarici görsəm, danışmağa çalışırdım. Yenə də Afrikaya gələndə stress oldu. Yaxşı-pis danışa və oxuya bilirdim, amma səsləri başa düşmürdüm. Afrikada aksent də var idi. Dua edirdim ki, heç olmasa onların dediklərini başa düşüm (Gülür).
– Nigeriyada işlədiyiniz 3 il necə keçdi?
– Nigeriya Qərbi Afrikada yerləşir. Qərbi Afrika yaşamaq və işləmək üçün ən təhlükəli yerlərdən idi. Bu səbəbdən iş üçün ora getmək istəyənlər olmurdu. Amma adam yaşayandan, insanları tanıyandan sonra öyrəşir.
– Zamanla öyrəşmisiniz. Bəs ilk vaxtlar hansı çətinliklər oldu?
– Virus və xəstəliklər çox idi, yoluxmamaq üçün ehtiyatlı olmalıydıq. Oğurluq, quldurluq halları çox olurdu. Bizi “Schlumberger” ora işə aparanda ilk tələblərindən biri də o idi ki, istədiyimiz yerə ancaq mühafizə ilə gedə bilərik. Çünki şirkətlərin işçilərini qaçırıb pul tələb edirdilər. Düzdür, zamanla öyrəşdim, özümlə mühafizə aparmadım. İlk vaxtlar bunu etmək olmurdu.
– Qaçırılma təhlükəsi yaşadığınız hansısa situasiya oldumu?
– Olub. Mən sahə mühəndisi idim. İşimiz neft quyularında idi. Bizim barja da Niger çayının deltasında yerləşirdi. Ətraf da meşəlik, çaylarda timsahlar. Şəhərə yolumuz motorlu qayıqla 6 saatlıq məsafə idi. Barjada telefon yox idi. Evlə danışmaq üçün şəhərə getməli idik. Bir dəfə elə oldu ki, 2 həftə işlədikdən sonra könlümdən evlə danışmaq keçdi. Güclü darıxmaq hissi gəlmişdi. Dedilər ki, hazırda səni şəhərə aparacaq hərbi qoruma yoxdur, gedə bilməzsən. Dedim gözləyən deyiləm, gedəcəm. Supervayzerimə dedim, mənə bir qayıq təşkil etdi. Piratlar yaşayan yerlərdən keçirdik. Mənim qayığımı sürən də piratlardan biri idi. Özü də tam məst idi. Amma birtəhər gəlib şəhərə çıxdım.
Mən şirkətin bütün təhlükəsizlik siyasətini pozmuşdum. Axşam ofisə çatanda, çox narahat oldular, dedilər tək necə gəlmisən? Səni tutmayıblar? Dedim məni niyə tutsunlar? Deməli, mən çıxandan 5 dəqiqə sonra 500 nəfər gəlib bütün barjanı girov götürüb. 1 ay girov saxlayıb pul almışdılar. Barjanın böyüyü mən idim. Üstəlik barjada yeganə ağ adam idim. Üstündən bir il keçəndən sonra mən ora getdim, həmin basqın edən şəxslərdən biri ilə qarşılaşdıq. Mənə dedi ki, səni tanıdım, o vaxt sənin arxanca gəlmişdik, aradan çıxmışdın (gülür). Ağ adamın qiyməti artıq idi.
Ümumilikdə, Nigeriyada yaşayan insanları sevdim. İnsanların hər yerdə yaxşısı, pisi var. Sadəcə orda insanlar əziyyətli həyat yaşayırlar.
– Sonra “Schlumberger”in Rusiya bölməsinə keçmisiniz. Səbəb nə oldu?
– “Schlumberger”də karyerada yüksəliş imkanları çox idi. İnkişaf etdiyini gördükcə, səni daha yaxşı işlərə keçirirdilər. Nigeriyada işlədiyimin son il idi, sahə mühəndisləri imtahan verdilər. Parisdə top menecmentə işimizi təqdim etdik. 5 nəfər sahə mühəndisi seçmişdilər, onlar təqdimat etdi, bircə mən menecer vəzifəsinə seçildim. Məndən soruşdular ki, səni sahə meneceri qoyaq? Dedim ki, istəmirəm, hələ mühəndis olaraq davam edim. 4 il sonra menecer işinə hazır olaram. Parisdən çıxıb Bakıya valideynlərimin yanına gəldim. Bir həftə keçməmişdi, Afrikadan menecerim zəng etdi ki, vacib gəlməlisən, sonra sənə istirahət üçün vaxt verərik. Beş dəqiqə keçməmiş başqa bir zəng Parisdən gəldi ki, bəs səni Sibirə menecer göndəririk, Afrikaya getmə. Menecer olmağı planlamasam da, onlar məni o vəzifədə gördülər. Rusiyada 8 il işlədim, amma arada 2 il Amerikada, 1 il İngiltərədə işləmişəm.
Mən “Schlumberger”də 15 ilin içində 16 iş dəyişdim. Bir işdə məni çox qalmağa qoymurdular. İmkan olan kimi vəzifəmi artırırdılar.
– 1 il də “Schlumberger”in Kanada bölməsində işlədikdən sonra 15 ilə yaxın çalışdığınız şirkətdən ayrılmısınız. Bu qərarı verməyiniz necə oldu?
– Bilirdim ki, şirkət məni Kanadada çox saxlamayacaq, yenə hansısa ölkəyə göndərəcək. Kanadaya qədər yoldaşımla evlənəndən sonra 10 ev dəyişmişdik. Bizə xoş idi, amma artıq 2 uşağımız var idi, düşündüm ki, uşaqlar üçün stabillik lazımdır, bir məktəbə getsinlər. “Schlumberger”dən məni Azərbaycana köçürməyi xahiş etmişdim, amma şirkət daxilində vəzifəm böyümüşdü deyə, mənə uyğun Azərbaycanda vəzifə yox idi. Azərbaycandakı ofisi balaca idi. Fikirləşdim ki, Kanada yaxşı ölkədir, burada yaşaya bilərik. Mən Kanadada qalmağı planlayanda, “Baker Hughes” mənə iş təklif etdi. Şirkətin innovasiya ilə məşğul olan, yeni texnoloji həllər yaradan şöbəsinə rəhbərlik dəvəti idi. Mən innovasiyanı sevsəm də, 4 ay cavabımı gözlədilər, sonra düşündüm ki, fürsətdir. Qəbul etdim, 2013-cü ildə o şirkətə keçdim, 5 il orda işlədim.
– Sonra ayrılıb artıq öz işinizi qurmusunuz. Bu dəfə məqsəd öz işini qurmaq idi?
– “Baker Hughes”də işlədiyim dönəmdə dünyada iqtisadi böhran başladı, Menecment ofisi Amerikaya köçürmək istəyirdi. Mən isə artıq ölkə dəyişmək istəmirdim. Düşündüm ki, qlobal şirkətlərdə işləmişəm, yaxşı təcrübəm var, ideyalarımı, faydamı onlara verirəm. “Schlumberger”də işləyəndə, böyük bir proqram yaratmışdım, şirkətə milyonlarla dollar qənaət etməyə imkan verdi. Onunla bağlı mənə yaxşı vədlər vermişdilər, amma axırda əlimi sıxıb dedilər ki, sağ ol, özünlə fəxr edə bilərsən (Gülür). Yəni söz verdikləri heç nəyi etmədilər. Ona görə “Baker Hughes” Amerikaya köçəndə, düşündüm ki, o qədər böyük kompaniyalar üçün işləyirəm, bəlkə indi özümə işləyim? O da risk idi, hər kəs iş qura bilməz. Özü də böhran vaxtı. Dedim ki, indi başlamasam, qalacaq. Etdim və alındı.
– “Advanced Upstream Ltd” Bu gün hansı xidməti göstərir?
– Biz neft çıxarılması ilə bağlı texnoloji cihazlar hazırlayırıq. Quyular qazılır, sonra orada neftin çıxarılması texnologiyası ortaya girir. Neftin çıxarılması ilə bağlı müxtəlif innovasiyalar var. Biz elə innovasiya etmişik ki, çox müştəriləri irəli salır. İstehsal üçün avadanlıqları Kanadada hazırlayırıq, onları müxtəlif ölkələrdəki müştərilərimizə göndəririk. Avadanlıqlarımızı quyuya buraxırıq, həm də quyudan neft çıxarılması ilə bağlı xidmət təklif edirik. Çünki bizim texnologiya xüsusidir, onu işlətmək üçün bacarıq lazımdır. Amerika, Kanada, Avropa, Asiya ölkələri və s. hamısında işləyirik.
– Bu işlərin qurulması az maliyyə ilə başa gəlmir. O işi qurmaq üçün əlinizdə maliyyə var idi?
– Bu işi qurmaq və müəyyən yerə gətirmək üçün milyonlar lazım idi. Məni tanıyan investorlar həmişə deyirdilər ki, ideyan olsa, onu öz işini quraraq edə bilərsən. Artıq bu özü də məni düşünməyə məcbur etdi. İstehsalatda hansı problemlər var? Necə həll etmək olar? İdeyalar yarandı. Sonra o ideyanı reallaşdırmağı bacaran komandanı yığdım. Çünki nə qədər gözəl ideyan olsa da, yaxşı komandan olmalıdır. Və investorlar mənə inandılar. Düzdür, kor-koranə pul vermirlər. Bir kompaniya investisiya vermək üçün mənim barəmdə 30 nəfərdən maraqlanmışdı. Hamısından yaxşı rəy alandan sonra investisiya ayırdılar. Bizə davamlı olaraq investorlardan artıq təkliflər gəlir, amma buna strateji yanaşıram. Elə investorları qəbul edirik ki, bizə strateji faydası olsun.
– Şirkəti 2018-ci ilin iyulunda qurmusunuz. 2 il keçməmiş dünya iqtisadiyyatına mənfi təsir edən pandemiya başladı. O dövrü neçə keçdiniz?
– Çox ağır zamanlar idi. Az xərclə keyfiyyətli və daha sürətli iş görməyə çalışırdıq. Başqa şirkətlərin 3 ilə etdiyi işləri biz 3 aya edirdik. İşimizin keyfiyyətinə görə bizə maraq artdı, davam edə bildik. Böyük şirkətlər böhrana görə çox yaxşı işçilərini ixtisar etməli olurdu. Mən onları götürdüm. O cəhətdən mənə çox yaxşı köməklik etdi. Komadamız ilk vaxtlar 10 nəfər olardı. İndi 50 nəfərdir. Bir il üçün hədəfimiz 100 nəfərlik işçi olacaq şirkət halına gəlməkdir.
– Ceyhun bəy, işinizin böyüməsində sizə bağlı əsas səbəblər nələrdir?
– Böyük şirkətlər böyük təcrübədir, onlarda çalışmağın qatqısı çoxdur. Üstəlik, düşünürəm ki, bu həyatda tələbə kimi olmaq, davamlı öyrənmək lazımdır. Öz şirkətim var, amma bu mənə eqo vermir, mentorlarım var, onlardan öyrənirəm. Vaxtilə böyük kompaniyaların idarəçiləri olan, hazırda pensiyaya çıxan şəxslər mənə məsləhət, dərs verirlər. İnsan öyrəndikdə özü ilə qürur hissi keçirir. Mən öyrənməyə meyilli olmasam, inkişafın yolu bağlanır, işin böyümür.
“Baker Hughes”da işləyəndə bir neçə patentim var idi. Öz şirkətimdə isə hardasa 10 patentim oldu. Adıma 12 qrant verilmiş patent var.
– İngilis dilini öyrənməkla bağlı proqram da qurmusunuz. Bu sahə ilə sizi bağlayan nə oldu?
– Kanadaya gələndə, dedim ki, uşaqlarım ingilis dilini yaxşı öyrənsinlər. Mən sürətli danışıram deyə, özüm onları öyrədə bilmərəm. Menecer olduğum üçün düşündüm ki, onlar üçün dil öyrənə biləcəkləri bir sistem qura bilərəm. Eşitdiklərini yazacaqları bir proqramla effektiv öyrənə biləcəklərini düşündüm. Dedim elə bir sistem yaradım ki onlayn olsun, mənim uşaqlarımla yanaşı, hər kəs istifadə edə bilsin. Müəllimlər tapdım, mətnlər hazırladılar, sonra o mətnləri səsləndirəcək şəxslər cəlb etdim. Proqramçılar tapdım, vebsayt düzəltdim. O işi 2018-ci ildə qurmuşam. Bu gün proqramımızın 400 minə yaxın tələbəsi var. Dünyanın müxtəlif ölkələrindən müəllimlər, şagirdlər bu proqramdan istifadə edirlər. İlk vaxtlar çox maliyyə yatırdım, amma indi özünü saxlayır. Fokusum neft sahəsindəki şirkətimi böyütməkdir. Bu işlə uşaqlarım daha çox məşğuldur. O bizneslə bağlı da planlarımız var. Hazırda əsas İngilis dili öyrədilməsidir. Gələcəyə başqa dillərin öyrədilməsini də ora əlavə etmək olar. İndi elə bir platforma edəcəyik ki, müəllimlər öz dərslərini ora əlavə edə biləcəklər.
– Fərqli ölkələrdə işləmək sizə hansı təcrübəni qatdı?
– Bəzən özümüzə baxmırıq, amma başqalarını qınayırıq. Fərqli ölkələrdə olmaq mənə öyrətdi ki, heç kəsi qınama. Öyrəndim ki, hansı ölkədə doğulmağımızın fərqi yoxdur, eyniyik, insanıq. Cürbəcür situasiyalarda yaşamışıq, fərqli təcrübələr görmüşük, amma insan eynidir. Onu öyrəndim ki, bir-birimizə qarşı təmkinli, səbirli olmalıyıq. İnsanlar bir-birinə hörmət etməlidir. Bu, çox önəmlidir.
– Gündə 24 saat işlədiyinizi demisiniz. İşiniz çox olur?
– Elə dövrlərim çox olub. Əvvəl baxmırdım ki, yatmışam-yatmamışam. İndi də bəzən gecə yata bilməyəndə, oyanıb e-maillərə filan cavab verirəm, amma zamanla özümü dəyişdirməyə çalışıram. İndi 54 yaşım var, can sağlığı da lazımdır. Düzdür, mən yaşıma görə gənc qalmışam, amma diqqətli olmaq lazımdır. Çox işləsəm də, paraleldə sağlamlığımın qeydinə də qalmağa çalışmışam. Qidalanmama və fiziki aktivliyimə önəm vermişəm. Gündəlik 5 kilometr qaçıram, velosiped sürürəm. Keçən dəfə 40 kilometrlik velosiped yürüşünə çıxdıq. Evdə idman üçün alətlər də var. Arada imkan olanda istifadə edirəm. Vaxtı boşa verməyi sevmirəm. Uşaqları yığıb voleybol, tennis oynayırıq. Hərəkət etmək çox lazımdır.
– “Linkedin”də profil şəkliniz ailəvidir. Hiss olunur ki, ailəyə həssas yanaşan birisiniz. Aktiv iş həyatı ailənizə istədiyiniz vaxtı ayırmağa imkan verib?
– Adam var ki iş onun həyatında əsas məqsədidir, ailə də qurmağa maraqlı deyil. Mənim həyatımın mərkəzində ailəmdir. Evlənməmişdən öncə də düşünürdüm ki, gözəl ailəm olmalıdır. Uşaqları böyütmək, gözəl tərbiyə vermək və s. xəyal edirdim. Reallıqları nəzərə alsaq, işləmək də lazımdır. İş, xaricə səfərlər çox olur. İstədiyim qədər vaxt keçirə bilməsəm də, hər zaman daha çox ayırmağa çalışıram. Ən çox təəssüf etdiyim odur ki, uşaqlarımla ürəyim istəyən qədər vaxt keçirə bilməmişəm.
– Diaspora cəhətdən də aktivsiniz.
– Vətənimi çox sevirdim. Afrikaya yeni getdiyimdə Azərbaycandan çox danışırdım. Adımı “Mister Azərbaycan” qoymuşdular.
Bu gün investorlar mənə deyirlər ki, Azərbaycan adını Kanadada elə qaldırmısan ki, biz başqa azərbaycanlıları da görmək istəyirik.
Biz olduğumuz şəhərdə azərbaycanlı çox deyil. İstəyirəm ki, heç olmasa uşaqlarımız bir-birini tanısın. Heç olmasa ildə iki dəfə yığışıb bayramlarımızı bir yerdə keçirək. Bir-birimizə köməklik edək, dayaq olaq. Yeni gələnlərə köməklik edək. Hər həftə bir-iki ailə Kalqariyə köçür. Hamısı məni tapır. Mənim onlara iş vermək imkanım olmasa da, məsləhət verirəm, ev tapmaq və s. məslələrdə köməklik edirəm. Azərbaycanlılar üçün əlimdən gələni etməyə çalışıram.