Rusiyanın ən dağıdıcı silahlarından biri hesab edilən “Poseidon” nüvə torpedası yenidən beynəlxalq gündəmə gəlib.
Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasının (RANEPA) Hüquq və Milli Təhlükəsizlik İnstitutunun eksperti Aleksandr Stepanov “Poseidon” pilotsuz sualtı nüvə aparatını Rusiyanın ən dağıdıcı silahı kimi qiymətləndirib.
Onun sözlərinə görə, “Poseidon” istənilən təcavüzkara qarşı maksimum dərəcədə dağıdıcı və zəmanətli cavab verməyə hesablanmış strateji çəkindirici vasitədir.
Stepanov bildirib ki, dünya okeanlarında döyüş növbətçiliyində olan bir neçə “Poseidon” daşıyıcısı belə Rusiyanın potensial rəqib hesab etdiyi ölkələrin böyük hissəsini hədəfə almaq imkanına malikdir.
Ekspert əlavə edib ki, nüvə başlıqlı torpedanın tətbiqi güclü sunamilərə səbəb ola və sahilyanı iri şəhər və yaşayış məntəqələrinə ciddi ziyan vura bilər.
Qeyd edək ki, bir müddət əvvəl Böyük Britaniyanın “Daily Express” nəşri Rusiya Prezidenti Vladimir Putinin “Poseidon” pilotsuz sualtı aparatı üzərində işlərin başa çatması ilə bağlı açıqlamalarını Qərb ölkələrinə ünvanlanmış xəbərdarlıq kimi dəyərləndirib.
Xatırladaq ki, iyul ayında Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Aleksandr Moiseyev ölkənin artıq “Poseidon” pilotsuz sualtı aparatının daşıyıcısına malik olduğunu açıqlayıb.