Avstraliyadakı təhsili başa vuranda, “Amazon” şirkətindən iş təklifi gəlir, amma “yox” deyir. O zaman üçün karyerasına kiçik şirkətlərlə başlamağın önəmli olduğunu düşünür. Zamanla bir yol keçir və hazırda dünyanın ən böyük şirkətlərindən birində çalışır. Bu gün də əvvəlki fikrindədir və başlanğıcı doğru etdiyini düşünür.
Valyuta.az-ın müsahibi “Google” şirkətinin Avstraliyanın ən böyük şəhəri Sidneydə yerləşən ofisində saytın etibarlılığı üzrə mühəndis (site reliability engineer) vəzifəsində çalışan azərbaycanlı Bəxtiyar Fərəyevdir.
B.Fərəyev daha öncə Sidneydə “eBay”da və müxtəlif şirkətlərdə, startaplarda çalışıb.
Qeyd edək ki, B.Fərəyev telekommunikasiya mühəndisliyi üzrə İstanbul Texniki Universitetində bakalavr, Koç Universitetində magistr təhsili alıb. Avstraliyanın Sidney Universitetində kompüter mühəndisliyi üzrə ikinci magistratura oxuyub.
– Bəxtiyar bəy, bakalavr təhsilini Azərbaycanda deyil, Türkiyədə almısınız. Bu seçim necə olmuşdu?
– Mən orta məktəbi 2006-cı ildə bitirmişəm. İndi xaricdə təhsil üçün imkanlar çoxdur, ölkə seçimi daha genişdir. O vaxt daha çox Türkiyəyə gedilirdi. Üstəlik, mən Türkiyə Dəyanət Vəqfi – Bakı Türk Liseyində oxuyurdum. Liseyin keçmiş məzunlarına baxırdıq, yarıdan çoxu Türkiyəyə gedirdi. Yəqin ki, bu səbəblərdən mən də Türkiyədə təhsili seçmişdim.
– Türkiyədəki təhsiliniz ödənişli idi?
– Xeyr, ödənişli təhsil olsa, yəqin ki gedə bilməzdim. Ölkə xaricində təhsilin xərcləri çox baha olur. Təqaüdlü təhsil qazanmışdım.
“Bakalavrı bitirəndən sonra Hindistana getdim”
– Türkiyədə oxuduğunuz müddətdə bir Hindistan startapı üçün “remote” (uzaqdan işləmək) olaraq işləmisiniz. “Remote” işlər indi məşhurdur, o vaxt bu işi tapmağınız necə olmuşdu?
– Bakalavr təhsili dönəmində daha çox dərslərə fokuslanmışdım, ona görə işlərə baxmırdım.
Tələbə vaxtı yay aylarında müxtəlif proqramlarla fərqli ölkələrə gedirdim. Bakalavrı bitirəndən sonra isə Hindistana getdim. Fərqli ölkədə yaşamaq, fərqli iş mühiti görmək, yeni nələrsə öyrənmək istəyirdim. Hindistanda bir startapda mühəndislikdən kənar – biznesin inkişafı sahəsində işlədim. Hindistanda tanınmış yerli startap idi. Fərqli regionlara açılmaq istəyirdilər. Türkiyə də o ölkələrdən biri idi. Türkiyədən də məni seçmişdilər. Yayda 3-4 aylıq Hindistanda qaldım, orada startapda işlədim. Sonra magistr təhsilim başladı, Türkiyəyə qayıtdım, amma bir il o startapda uzaqdan işləməyə davam etdim. İlk iş təcrübəm idi.
– Magistr təhsili dönəmində Türkiyədə başqa işlərdə çalışmadınız?
– Koç Universitetində magistr təhsilim araşdırma yönümlü idi. Ona görə universitetdə də araşdırma asisstantı olaraq işlədim.
– Türkiyədə idiniz, amma sonra Avstraliyaya köçdünüz. İkinci magistr təhsili aldınız, amma bu dəfə kompüter elmləri üzrə. Ölkəni və sahəni dəyişmək qərarı vermə səbəbiniz nə oldu?
– Mən əvvəl Türkiyədə qalmaq istəyirdim, amma həm şəxsi, həm də Türkiyə iqtisadiyyatının ovaxtkı durumu səbəbindən fikrimi dəyişmişdim. Ona görə doktorantura təhsili üçün ingilisdilli ölkələrə baxırdım. Koç Universitetindəki tələbə yoldaşlarımın çoxu doktorantura üçün Amerikanı seçirdi. Akademik sahədə davam etdikcə ixtisaslaşdığın sahələr daralır deyə, seçəcəyin universitetlər də azalır. Amerikada 2 universitetə müraciət etdim. Təqaüd almadım deyə, başqa seçimlərə baxdım. Sonra dostlardan Avstraliya məsləhəti gəldi, araşdırdım və bu ölkədə kompüter mühəndisliyi üzrə təhsil imkanlarının geniş olduğunu gördüm. Dedim ki, kompüter mühəndisliyinə də marağım olub, amma təhsil almamışam. Zamanla telekommunikasiya sahəsinə marağım azalırdı. Dedim ki, kompüter mühəndisliyi üzrə yeni bir magistr təhsili alım və o sahədə davam edim.
“Azərbaycandakı yeganə iş təcrübəm odur”
– Türkiyədəki təhsili başa vurandan sonra Avstraliyaya gedənə qədər Azərbaycanda da qısa müddətlik bir iş təcrübəniz olub…
– Azərbaycandakı yeganə iş təcrübəm odur. Mən 18 yaşımdan Azərbaycandan çıxmışam, ancaq tətillərdə gəlmişəm. Avstraliya cənub yarımkürəsində yerləşir, burda başlanğıclar sentyabr, oktyabrda deyil, fevral, martda olur. Mən yayda Türkiyədə təhsili başa vurdum, fevral-martda Avstraliyaya gedənə qədər arada bir neçə ay vaxtım var idi. Azərbaycana gələndə, işləmək planım yox idi, amma vaxtım olduğu üçün dedim bir startap mühitində işləyim.
Sahəmlə əlaqəli “Sumaks” texnologiya şirkətində 3-4 ay işlədim. Proqramlaşdırma təcrübəsi cəhətdən yaxşı oldu.
– Sonra Avstraliyaya getdiniz. Bu ölkədəki təhsiliniz də ödənişsiz idi?
– Bəli, o təhsilim də təqaüdlü idi.
– Bəs bu ölkədə iş həyatına necə başladınız?
– Koç Universitetindəki araşdırma işim və Azərbaycanda “Sumaks”dakı təcrübəm o işlərə başlamaq üçün faydalı oldu. İlk olaraq universitetdə kiçik layihələrdə araşdırma edən professorlardan biri ilə işlədim. Dərsləri yoluna qoyduqdan sonra, sahəmlə bağlı biliyim və təcrübəm artdıqca ilk ilimdə elə Avstraliyadakı startaplardan birində işləməyə başladım. Bir ilə yaxın orda yarım ştat işlədim.
– Çalışdığınız yerlərə baxanda, ilk vaxtlar bir şirkətdə çox qalmadığınızı görürük. Bu, məhz daha yaxşı yerə keçmək üçün idi?
– (Gülür) Bu, mənim eyni yerdə çox işləyə bilməməyim deyildi. Sadəcə olaraq İT sektorunda belədir ki, karyeranın əvvəlində sən öyrəndikcə daha yuxarı vəzifə və maaşlı işə getmək imkanın daha çox olur. Təcrübən, bilik və bacarıqların artdıqca təbii ki ona uyğun imkanlar olanda, dəyərləndirməlisən. Fürsətləri dəyərləndirmək inkişafa gətirib çıxarır. Sən gələn təklifə baxırsan ki, orda maaş yüksəkdir və öyrənəcəyin şeylər daha çoxdur. Məsələn, “Google”da 2 il olacaq ki işləyirəm. Hələ ki dəyişmək haqqında düşünmürəm (gülür).
– Niyə?
– Çünki “Google”un daxilində də imkanlar, fürsətlər çoxdur. Burda qala-qala da ölkəni, şöbəni, sahəmi və s. dəyişə bilərəm. Baxıram ki, işçilər bir müddət sonra komanda, ölkə dəyişikliyinə gedirlər. “Google” özü də bunu təşviq edir. Çünki bu zaman işçi fərqli bacarıqlar öyrənir, özünü inkişaf etdirir.
“Google”a ilk müraciətimdə də qəbul aldım”
– “Google” kimi böyük şirkətdə işləmək hədəfiniz var idi?
– Böyük firmalarda işləmək karyeramın başlanğıcında əsas hədəfim deyildi. Çünki əvvəldə daha çox kiçik firmalarda işləyib daha çox şey öyrənib sürətlə inkişaf etmək istəyirdim.
“Google” kimi böyük şirkətdə işləməyə həm də psixoloji olaraq hazır deyildim. Məzun olduqdan sonra “Amazon”dan iş təklifi almışdım, ancaq bundan imtina edərək kiçik bir şirkətdə – “Genbook”da çalışmağa başlamışdım. Üstündən zaman keçib və o vaxt düz qərar verdiyimi düşünürəm. Həmin şirkətdə bir çox şey öyrəndim və bu, gələcək inkişafımda çox rol oynadı. Zamanla elə oldu ki, “Ebay”dakı komanda müxtəlif səbəblərdən dağılmağa başladı. Komanda üzvlərim mən işə başlayandan 1 il sonra fərqli firmalara getdi və mən də böyük firmalarla müsahibələrə hazırlaşdım. Bu hadisə olmasaydı, bəlkə də “Google”a indiyə kimi müraciət etməyəcəkdim. İlk müraciətimdə də qəbul aldım. Eyni zamanda Avstraliyanın böyük “Atlassian” firmasından da eyni vəzifə üzrə iş təklifi almışdım, ancaq “Google”u seçdim.
– Nə mənada daralır? Kiçik və böyük şirkətləri müqayisə edək.
– Kiçik şirkətlərdə həll olunmalı iş kifayət qədər çox olur və onları həll etmək üçün yetərli qədər kadr olmur. Bir insan inkişaf etmək istəyirsə, kiçik şirkətə gedə bilər. İşlədiyin sahə ilə yanaşı, digər sahədə də işləri görə bilirsən. İstər-istəməz sənin üçün maraqlı olan digər istiqamət varsa, onları da öyrənirsən. Böyük şirkətlərdə çox vaxt konkret bir sahədə işləyirsən və komanda böyük olduğu üçün sənin sahən kiçik startaplara nəzərən daha az olur. Ancaq təcrübən və məsuliyyətin artdıqca çalışdığın sahələr də genişlənir.
– “Google”da işə qəbul çətin idi?
– 5 mərhələdən ibarət daha uzun proses idi. Mənim üçün bu proses hardasa 3 ay çəkdi. Böyük şirkətlərdə işə qəbul olmaq tək işini bilməklə bitmir, eyni zamanda müsahibələrə yaxşı hazırlaşmalısan. Ola bilər ki, məndən yaxşı bir mühəndis “Google” müsahibəsindən kəsilib. Böyük şirkətdə işləmək hədəfi olanlar bu prosesə məsuliyyətli yanaşmalı, ciddi hazırlaşmalıdırlar.
“Burda evsiz adam demək olar ki, yoxdur”
– Avstraliya iş və yaşamaq üçün necə yerdir?
– Çox adam Amerikanı arzulayır, daha yaxşı iş, daha yaxşı maaşın orda olduğunu düşünür. Avstraliya bu cəhətdən çox adam tərəfindən kəşf edilməmiş ölkədir. Burda yaşayan azərbaycanlı tanımırdım deyə, çox şeyi gələndən sonra kəşf etdim. Burada hamının yaşamı müəyyən bir səviyyədən yuxarıdır. Burda evsiz adam demək olar ki, yoxdur. Gecə küçədə gedəndə özünü təhlükədə hiss etməzsən.
– Bu ölkəyə gəlmək istəyən azərbaycanlılar ola bilər. Maraqlıdır, minimum əməkhaqqı nə qədərdir?
– Minimum əməkhaqqı Azərbaycan manatı ilə saatına təxminən 25 manat olar.
– Yeni gələnlər minimum əməkhaqqı ilə başlayırlar?
– Mən tələbə vaxtı işləməyə başladım, ona görə təxminən minimum əməkhaqqı məbləğində maaş alırdım. Yeni gələnlərin təcrübəsinə baxır. Təcrübən çoxdursa, təbii ki daha yüksək maaşlı işdə çalışmaq imkanın olur.
– 5-6 illik İT sektorunda təcrübəsi olan, peşəkar bir şəxs ayda nə qədər qazana bilər?
– İT sahəsində 5-6 illik təcrübəsi olan şəxs böyük firmalarda olmasa belə, orta ölçülü firmalarda illik 140-150 min Avstraliya dolları (160-170 min AZN) ala bilər. 140-150 min Avstraliya dolları maaş odur ki, vergi və digər xərcləri çıxandan sonra ayda əlinə təxminən 9500-10000 AZN gəlir.
Avstraliyanın ən önəmli sistemindən biri vergidir. Bəlli bir gəlirə qədər vergi ödəmirsən, amma gəlirin artdıqca səndən tutulan vergi də artır. 130-140 min Avstraliya dollarıdırsa, 30 faiz vergi verirsən. Gəlirin 180 min dollardırsa, yüksək səviyyə sayılır və onun 40-45 faizi vergi olaraq tutulur. Yəni bəlli bir səviyyədən sonra daha çox qazansan belə, qazancının demək olar ki, yarısını vergi olaraq ödəyirsən. Bu şəkildə Avstraliya həm zəngin ölkəyə çevrilir, həm də az və çox qazanan adamlar arasıdakı aylıq gəlir fərqi kəskin şəkildə böyük olmur.
Gəlirinin 30-40 faizi yaşam xərclərinə gedir. Ümumilikdə, gəlirin xərcləri qarşılamaq, səyahət etmək istəyənlər üçün kifayət edir.
– Avstraliya hansı sahədə xaricdən kadr cəlbində maraqlıdır?
– Bura gəlməyin iki yolu var. Biri odur ki, böyük şirkətlərdən hansısa sponsor olur, səni gətirir. Bu zaman sənin yerləşmə məsələn həll olur, gələn kimi işə başlayırsan. İkincisi isə belədir ki, Avstraliya dünyanın istənilən ölkəsindən müəyyən sahələr üzrə kadrları cəlb etməkdə maraqlıdır. Mühəndislər, həkimlər və s. mütəxəssislərə tələb çoxdur. Gəlmək istəyənlər sistem vasitəsilə qeydiyyatdan keçirlər. Sistemlə müraciət edib hər kəs bura gələ bilər. Sənin sahən üzrə müraciət edənlərlə, onların balları ilə rəqabətə girmiş olursan. Bu yolla gəlirsənsə, öz hesabına ev tutmalısan. İstədiyin sahədə işlərə müraciət edə bilərsən. İlk aylarda iş tapmırsan, ona görə əlində məbləğlə gəlməlisən. Yaşam xərcləri bahadır.
“Mənim üçün kimlərlə işlədiyim maaşdan daha önəmlidir”
– Bəxtiyar bəy, sizcə, karyerada istədiyini əldə etmək nələrdən asılı olur?
– Mən işimi ən yaxşı şəkildə etməyə çalışmışam və təcrübə qazandıqca daha çətin problemlər üzərində işləməyə can atmışam. Maaş çox vaxt yaratdığın dəyər ilə düz mütənasib olduğu üçün çətin problemləri həll etdikcə, daha böyük dəyər qatdıqca, qazancın da ona görə artır. Bir yerdə çalışdığın iş yoldaşlarının da sənin inkişafında böyük rolu var. Mənim üçün kimlərlə işlədiyim maaşdan daha önəmlidir.
Eyni zamanda, texnologiya sahəsi sürətlə inkişaf edir. Bu da yenilikləri öyrənmək zərurəti yaradır. Tələb olunan kadr olmaq üçün yenilikləri davamlı öyrənməlisən. Bu tək texnoloji sahə ilə bağlı da deyil, ümumiyyətlə, artıq elə dövrdür ki, indiki biliklərin səni 10 ildən çox irəli aparmır. Davamlı öyrənmək lazımdır.
– Dəfələrlə dünyanın ən yaxşı turizm şəhəri elan olunan Sidneydə yaşayırsınız. Yaşadığınız yerin turizm imkanlarından istifadə edirsiniz?
– Avstraliya Amerika və Avropadan uzaqda olsa da, maraqlı ölkədir. İmkan olduqca Avstraliyanı və ətrafındakı maraqlı ölkələri gəzirik. Bu ölkədə hər kəs 20 iş günü tətil götürə bilir. O müddətdə səyahət etməyə çalışırıq. İndiyə qədər 40-dan çox ölkədə olmuşam. Avstraliyaya gələnə qədər bu rəqəm 10-dan az idi.
– İşinizdə və yaşadığınız ölkədə xoşbəxtsiniz?
– Bəli. Hər dəfə səyahətdən dönəndə evimizə qayıtmış kimi hiss edirəm. Yaşam tərzimiz, qayda-qanunlar, təhlükəsizlik və s. cəhətdən rahat ölkədir. Bura ikinci evimiz kimidir.
Liman.az