İş həyatına başladıqdan 2 il sonra karyerasında rəhbər vəzifələrə keçid edib. Deyir ki, liderlik xüsusiyyətləri ailədə hamıda var. “İnsanları arxamızca gəlməyə inandıra bilirik” deyə bildirir. Eyni zamanda disiplinlidir. “Əgər söhbət işdirsə, mənim üçün dost-tanışla yadın fərqi yoxdur. Əksinə dost-tanışımsansa, dediyimi hamıdan əvvəl etməlisən” – deyən valyuta.az-ın müsahibi Azərbaycanda fəaliyyət göstərən ən böyük fintek şirkəti olan “United Payment”in icraçı direktoru Edqar Abdullayevdir.
Edqar Abdullayev karyerasında keçdiyi yol və bugünkü fəaliyyəti ilə bağlı sualları cavablandırıb.
Qeyd edək ki, E.Abdullayev daha öncə “Azercell”, “Paşa Bank”, “Azərconnect” kimi şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.
– Edqar bəy, tarix üzrə təhsil almısınız, amma universitetdən sonra telekom sahəsində çalışmısınız. Tamamilə uzaq sektorda işə başlamağınız necə oldu?
– Rəqəmsal texnologiyada bizim işimiz “Disruptive technologies”dir. Türklər buna oyunbozan deyirlər. Mənim həyatda yanaşmam bir az oyunpozandır. Qayda-qanun pozan yox, sadəcə qoyulmuş standartlardan əlavə işə kreativlik, dəyər qatmağı sevirəm. Türk liseyində təhsil aldığım üçün əslində, Türkiyədə TCS imtahanına hazırlaşırdım. Həmin imtahan aprel ayında idi, sənədləşmədə bəzi ləngimələr oldu deyə, o imtahanda iştirak edə bilmədim. Sonra yerli universitetlərə hazırlaşmağa başladım. Hüquq, yaxud politologiya istiqamətinə getmək istədiyim üçün seçim zamanı əsas o ixtisasları yazmışdım. Dostların təkidi ilə tarix də yazdım, elə oldu ki, ora qəbul oldum. Universitetdən sonra hərbi xidmətdə elektromexanik və rabitəçi kimi xidmət göstərdim. Artıq sektor dəyişikliyi getməyə başladı.
Onu da qeyd edim ki, 2020-2022-ci illərdə, Türkiyənin Yeditepe Universitetində Biznesin idarə edilməsi üzrə magistr səviyyəsini fərqlənmə ilə bitirmişəm.
– Bakalavr təhsili dönəmində işləmədiniz?
– Heç vaxt bekar qalmamışam, məndə dayanmaq yoxdur. (Gülür). Birinci kursda özümü əsasən dərsə kökləmişdim, amma sonrakı kurslarda artıq işləmək istədim. İkinci kursda Bakıdakı türk tələbələrə rus və ingilis dili öyrətməyə başladım. Dil öyrətməklə bağlı öz metodum var idi. Adam var imtahandan yaxşı nəticə göstərir, amma sözləri birləşdirib cümlə halına sala bilmir. Ola bilər ki, tam imtahan səviyyəsində olmasın, amma 6-7 aya mən öyrətdiyim tələbə rus və ingiliscə rahat danışa bilirdi.
“Atamın bizə öyrətdiyi bir şey var ki, kişiyə bəhanə yoxdur”
– Rus və ingilis dilini mükəmməl səviyyədə harada öyrənmişdiniz?
– Atam aktyor idi və onun işləri ilə əlaqədar uzun müddət Rusiya və Estoniyada olmuşuq. Ümumiyyətlə, atamla hər zaman rus dilində danışmışıq. Atam inkişaf etməyimiz üçün rus dilini bilməyimizin vacib olduğunu hər zaman vurğulayırdı. İngilis dilini də 6 yaşımdan şəkilli lüğətlə öyrənməyə başlamışam. İnkişafımda valideynlərimin hər ikisinin böyük rolu olub. 6-cı sinifdən sonra isə liseydə təhsil aldım, burda ingilis dilimi daha da təkmilləşdirdim.
– “Azercell”də işə başlamaqla telekom sahəsinə yönəlmisiniz. Bu sektora gəlişiniz necə oldu?
– Telekom şirkətlərində çağrı mərkəzi və ön ofisə kadrları yetişdirən bir yer kimi baxa bilərik. Ora adətən, təcrübəsiz kadrları götürürlər və sonra irəliləmə gedir. Bu gün telekom sahəsində idarəetmədə olanların böyük əksəriyyəti nə vaxtsa ön ofisdə və yaxud çağrı mərkəzində işə başlayanlardır. Mən də hərbi xidmətdən gələn kimi – 2006-cı ilin oktyabrında iş axtarmalı oldum. Oktyabrın axırı və noyabrda məni müsahibəyə çağırdılar. Dekabrda işə başladım. 2014-cü ilin may ayına qədər orada işlədim.
– 8 il eyni iş yerində çalışmısınız. Bu müddətdə hardan hara gəldiniz?
– Çağrı mərkəzinin ştatda olmayan işçisi kimi təmsilçi vəzifəsi ilə başladım. Bu işin mənfisindən başlamışam. İlkin mərhələ olaraq ordan ştata keçmək bir üstünlük idi, çünki aktiv əməkdaşları ştata tez keçirirdilər. 5 ay sonra 2007-ci ilin may ayından ştata keçdim. 2008-ci ilin iyun-iyul aylarında isə bizim heyətdən 20 nəfəri seçib növbə cavabdehi etdilər, mən də onların içərisində idim. Sonra 20 nəfərin içərisində daha aktiv olanı qrup rəhbəri edəcəklərini dedilər və mən qrup rəhbəri seçildim. İki il yarım da o işi gördüm. Sonra bölüm, ardınca telefon əlaqə mərkəzi rəhbəri oldum. “Azercell”dən ayrılanda daxil olan müraciətlərin idarə olunması sektorunun rəhbəri idim. Sonra öz işimi qurmaq qərarı verib işdən çıxdım.
– Dediniz ki, aktiv olanlar, kadr olaraq özünü göstərə bilənlər irəliləyirdilər. Siz həmin dövrlərdə necə işləyirdiniz?
– Atamın bizə öyrətdiyi bir şey var ki, kişiyə bəhanə yoxdur. Heç vaxt özümə yazığım gəlməyib. Daxilən özümə qarşı çox sərt disiplinim var. Birincisi, Allah insanın qarşısına çıxarmalıdır. İkincisi, insan özünə qarşı mərhəmətsiz olmalıdır. “Axşam gec yatmışam, səhər bir az artıq yatım” demirəm. Vaxtında yatardın. Yatmaq istəyirsənsə, yat, amma yatan geri qalır. Üçüncüsü, mənə tapşırılan ən xırda işə belə yüksək səviyyədə məsuliyyətlə yanaşıram, dəyər qatacaq şəkildə etmək istəyirəm. Bir işə dəyər qatmadığım yerdə dayana bilmirəm. Dördüncüsü, vaxt məsələsində həmişə həssas olmuşam. Məsələn, mən adama deyə bilərəm ki, 10:57-də işdən çıxacam. Hərdən zarafatla deyirlər ki, 11-də çıxarsan. Deyirəm ki, mən 11-də çıxası olsam, 11 deyərəm. Vaxt məsələsində həssaslığım belədir. Çağrı mərkəzinin də işi elədir ki, 9:00-da sən şəbəkədə olmalısan. Nahar vaxtı üçün müəyyən bir vaxt ayrılır, amma bəzən nahara çox vaxt sərf edənlər olur. Yaxud bizə deyilirdi ki, yalnız 5-ci gün işə cins geyinə bilərsiniz, qalan günlər sərbəst iş geyimində olun. İşçilərin çoxu hər gün cinsdə gəlirdi. Tez-tez onlara irad tutulurdu. Mənə deyirdilər ki, onsuz da heç kim heç nə demir, hər gün cins geyin. Amma bir şeyi bilirəmsə, onu niyə mənə irad tutsunlar ki? Söz götürməyi sevmirəm. Rəhbərlik görür ki, məsuliyyətliyəm, söz bir dəfə deyildisə, artıq onu işimdə tətbiq edirdim. Elə şey var ki, demirlər, amma mən onu başa düşürdüm və təkrarlamırdım. Hər bir müştəri zənginə yüksək səviyyədə yanaşırdım. İş yoldaşlarım mənə irad bildirirdilər ki, hər bir müştəri ilə elə danışırsan ki, elə bil səhərdən zəng qəbul etməmisən. Halbuki gün ərzində 150-200 zəngə cavab verirdik. Bu səbəbdən də həm keyfiyyətli xidmət göstərirdim, həm də yorulmurdum.
Bir də mən həmişə günahı özümdə axtarmağa çalışıram. Balaca uşaqdan tutmuş, rəhbərliyə qədər nə problem varsa, deməli, mənim səhvimdir. “Mən düz izah edə bilməmişəm”, “Vaxtında yaxşı sata bilməmişəm” və s.
“Mən Şəkidənəm, şəkililər isə biznesdə müvəffəqiyyətli olurlar”
– Standartı sevməyən adam qaydalara qarşı bu qədər həssasdır.
– Mən ali məqsədimi heç vaxt unutmuram. Disiplinsiz çağrı mərkəzini idarə etmək mümkün deyil. Bəzən işi bilməyən adamlar bununla bağlı irad tuturdular ki, bu nədir, gestapodur. Məqsədim müştəriyə ən yaxşı xidməti təqdim etməkdirsə, rejim belə olmalıdır. Məqsədə cavab verirsə, standartlaşdırmağı sevirəm. “PAŞA Bank”da biznes proseslərin idarə olunması şöbəsi mənim rəhbəri olduğum departamentin bir qolu idi. Orda da standart yanaşmasız mümkün deyil. Məqsədə xidmət edirsə, işə dəyər qatırsa, standart olmalıdır. “Lean Six Sigma” metodologiyasının da 5S standartı, məhz ən effektiv yanaşmanın, prosesin standartlaşdırılması lazım olduğunu təbliğ edir. Hamı ən yaxşısını etməlidirsə, o “ən yaxşı” standartlaşmalıdır ki, əməliyyatda hamı standarta uyğun xidmət təqdim etsin.
– “Azercell”dən öz şirkətinizi qurmaq üçün çıxdığınızı dediniz. İş qurmağa meyillilik o vaxtdan var idi?
– İş qurmaq qanımda var. Mən Şəkidənəm, şəkililər isə biznesdə müvəffəqiyyətli olurlar. Satmaqdan zövq alıram. Çağrı mərkəzi və ön ofisdə satış hədəfləri olur. Fikirləşdim ki, mən başqa bir şirkət üçün bu işi qururam, satışı aparıram və bunu özüm işimdə də edə bilərəm. 2011-2012-ci illərdə artıq bu haqda düşünürdüm. Amma öz işimi qurmaq üçün rəqabətə davamlı təklif hazırlamalı idim. Bu, taksi şirkəti oldu. “Dost taxi”ni qurduq. Əslində, yaxşı başlamışdıq, bütün prosesləri sıfırdan və effektiv hesab etdiyim kimi qurmuşdum. Böyük müştərilərimiz var idi və xidmətlərimizdən razı idilər. Amma iki devalvasiya oldu, o bizim hesabımızda olmayan bir vəsait itkisi idi. Yeni başlayan biznes üçün də bu yaxşı hal deyildi. “PAŞA Bank”dan dəvət gəlmişdi, ona görə şirkəti satıb ora getdim. Öz işini qurmaq mənim üçün iki illik bir təcrübə dövrü oldu.
– Bu təcrübə sizə nəyi qazandırdı?
– O işi qurarkən sərf etdiyim pul və vaxta heyfim gəlmir. Çünki heç bir təhsil ocağı onu mənə öyrədə bilməzdi. Həyatımın liseydə, universitetdə, əsgərlikdə olan və “Azercell”də işləyən vaxtlarında ailə üzvlərim kimi, kimlərsə qayğıma qalırdı. İşləyirdim, pulumu qazanırdım. Öz işimi quranda isə belə bir lüks olmadı, hər işin qayğısına mən qalmalı idim.
– Növbəti iş yeriniz “Azərconnect” oldu.
– Ölkəmizdə “Six Sigma” sahəsində qara kəmər alan iki mütəxəssisdən biri idim. Hətta mən master qara kəmər sahibi idim. Çünki 100 saatdan artıq təlim keçmişəm. “Six Sigma” mütəxəssisinə ehtiyac var idi deyə, “Paşa Bank” dəvət etmişdi. “Paşa bank”da çalışdığım 3 il ərzində bir neçə qlobal şirkətlə bir yerdə çox önəmli işlər gördük. O şirkətdəki 3 ilim iş həyatında məni 10-15 il irəli atmış oldu. 6 aya elə iş görürdük ki, 8-9 il tələb edən işlər idi. Ən yaxşı təcrübələri öyrənib onları tətbiq edirdik. “Six Sigma”ya görə “Azərconnect” də məni dəvət etdi. Müştəri və rəqəmsal xidmət idarəsinin direktoru oldum. 2 il orda işlədim.
“Fintex sahəsində iş qurmaq istəyi yarandı”
– Sonra ordan ayrılıb artıq “United Payment”i Azərbaycanda qurmusunuz. Niyə fintek?
– “Paşa Bank” kimi bir bankın innovativ yanaşmasını öyrənəndən sonra yeni ideyalar ağlıma gəlməyə başladı. Fintex sahəsində iş qurmaq istəyi yarandı. 2021-ci ilin fevralında türkiyəli şəriklərlə tanış oldum. Allah o istiqamətdə yolumu açdı. “United Payment” 2010-ci ildən Türkiyədə işləyir. Biz bu şirkəti Azərbaycanda da sıfırdan qurduq. Lazım olan kadrları tapmaq, işi sistemə salmaq asan deyildi. Bu gün bu sahədə Azərbaycanda ən böyük şirkət bizik. Nizamnamə kapitalımız 2 850 000 manatdır.
– “United Payment”dən danışaq. Hansı xidmətləri göstərirsiniz?
– Bir istiqamətimiz nağd ödəniş köşkləridir. Bu nədir? Türkiyədə bizdəki kimi qaz, işıq, su və s. pulları eyni ödəniş terminalından ödənilmir. Dövlət qurumları, şirkətlər və s. hər biri üçün ayrıca ödəmə terminalı – nağd ödəniş köşkləri var. Azərbaycanda bu istiqamətdə kifayət qədər təcrübəli və oturuşmuş partnyorlarımız olduğundan, bu işi görməmək qərarına gəlmişik.
İkinci istiqamətimiz elektron Pul xidməti, yəni cüzdan xidmətinin təmin edilməsidir. Yəni hər müəssisəyə ayrıca cüzdan xidməti təklif edirik. Şirkətin Türkiyədə 72 cüzdanı var. Azərbaycanda da ilk cüzdanımız, Türk dünyasının maliyyə aləti olan “TURAN” cüzdanı olacaq və bir neçə həftəyə istifadəyə verməyi planlaşdırırıq. Məsələn, Valyuta.az üçün cüzdan buraxmaq istəyirsiniz, siz ön proqram işlərini bilirsiniz, amma ora pul qoymaq, göndərmək almaq üçün siz lisenziya almalısınız. Bunun üçün “FinTech As a Service” satırıq. Yəni xidmət əvəzi fintek satırıq.
Üçüncü istiqamətimiz ödəniş aqreqatoru dediyimiz, Ödəniş xidmətinin təchiz olunması xidməti, yəni bir APİ inteqrasiyası ilə, həm virtual post terminallar, həm digər elektron pul hesabları, həm də ödəniş kioskları vasitəsilə ödəniş xidmətinin təmin olunması xidmətini təqdim edirik.
Dördüncü istiqamət beynəlxalq ödənişlərin təchiz olunması xidmətidir. Şirkətimiz tərəfindən ötən il elektron pulqabı olan “Turan Technoloji” MMC yaradılıb. Onun da Azərbaycan üzrə icraçı direktoruyam. Bugünlərdə elektron pul təşkilatı lisenziyası aldıq. Bu lisenziyanı ölkədə ilk alan “Azərcell” və biz olduq. Elektron pul təşkilatı olaraq hazırda əsas layihəmiz “Turan Cüzdan”dır. Deyək ki, xaricdə təhsil alanınız var, “Turan” hesabı ilə onun “Turan” hesabına pul göndərə biləcəksiniz. Hazırda Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan ilə yanaşı, Avropanın 6 ölkəsinə də pul göndərmək mümkündür. Pul göndərilə biləcək ölkələrin sayını sürətlə artıracağıq. “Turan cüzdan” Türkiyədə işləyirdi, amma biz lisenziyanı indi almışıq və sürətli işləyirik.
“Virtual aktivlərin idarə olunması ilə bağlı Mərkəzi Banka müraciət etmişik”
– Elektron pul təşkilatı olaraq lisenziya aldınız. Bundan sonra planda nələr var?
– Növbət illərdə planımız odur ki, elektron pul təşkilatı lisenziyasının bizə verdiyi səlahiyyətlər çərçivəsində ölkəmizə yeni innovativ ödəniş alətləri və rəqəmsal ödəniş alətlərinin genişlənməsi üçün xidmət verək. Ölkəmizdə maliyyə inklüzivliyinin artmasına xidmət göstərək. Azərbaycan xalqını nağdsız ödənişlərə həvəsləndirək. Nağdsız ödənişlərə yönəlmənin artması ilə ölkə iqtisadiyyatına dəstəyimiz olsun. Ən əsas regionlarda və uzaq ərazilərdəki bank hesabı əlçatmaz olan insanlarımıza elektron pul hesabının əlçatanlığı ilə bank hesablarının istifadəsi vərdişləri yaradaq. O insanlar rəqəmsal və məsafədən ödəniş imkanlarından faydalana bilsinlər.
Türk dünyasının ödəniş aləti olan “Turan” elektron pulqabını ölkədə aktivləşdirək. Bütün türk dünyası bir platformada birləşsin və bununla xarici ölkələrə də çıxsınlar.
Digər məqsədim Azərbaycan Fintex Assosiasiyasını digər türkdilli ölkələrin fintek assosiasiyaları ilə mərkəzi bankların nəzarəti altında birləşdirməkdir. Növbəti 3 il ərzində planımız budur.
– Kriptovalyuta sektorunda sizin şirkəti görəcəyik?
– Mayın 1-dən Azərbaycan Mərkəzi Bankının xüsusi tənzimləmə rejimi istifadəyə verildi. Bu, maliyyə sektorunda innovativ texnoloji həlləri sınaqdan keçirmək istəyən təşkilatların işini asanlaşdırır. Düşündüyümüz innovativ məhsulları risk olmadan Mərkəzi Bankın ekspertizası və rəyi ilə, onların tələbinə uyğun tətbiq etmək imkanımız olur. Kriptovalyutaya ölkəmizdə virtual aktivlər deyirlər. Biz virtual aktivlərin idarə olunması ilə bağlı artıq müraciət etmişik. 25 gün ərzində onlar geri dönüş edəcəklər. Çalışacağıq ki, bu sahədə də ölkəmizdə fəaliyyət göstərək.
Amma bir reallıq var ki, kriptovalyutada maliyyə mənbəyi bilinmir, insan alveri, terrorçuluğun maliyyələşdirilməsi və s. kimi risklər də var. O narahatlığım da var, amma innovativ yeniliklərdən qalmamaq üçün müraciət etmişik. Mərkəzi Bankda bütün risklər nəzərə alınıb cavab verilir. Əgər “yox” deyilsə, deməli, hazırda bazar buna hazır deyil.
“3 günə məni baş əsgər qoydular”
– Çalışdığınız iş yeri elə çox olmayıb, amma çoxunda rəhbər vəzifədir. Rəhbər vəzifə qısa müddət sonra gəlib. Sizcə, bu nəyin sayəsində oldu?
– 2006-cı ilin dekabrından 2008-ci ilin iyuluna qədər əməkdaş oldum, sonra artıq rəhbər vəzifələrdə fəaliyyət göstərmişəm. Bizdə ailədə liderlik xüsusiyyəti hamıda var. İndi qızım və oğlumda bunu hiss edirəm. Kimisə aşağılamaq, incitmək kimi yox, sadəcə belə alınır, insanları arxamızca gəlməyə inandıra bilirik. Universitetdə KVN təşkil etmişdik, orda böyük rolum var idi. Hərbi xidmətdə 3 günə məni baş əsgər qoydular. Məndən bir həftə əvvəl gələnləri sıraya mən aparırdım. 3 aya mənə çavuş vəzifəsi verdilər, amma rəsmi 6 aydan tez olmur. Əgər söhbət işdirsə, mənim üçün dost-tanışla yadın fərqi yoxdur. Əksinə dost-tanışımsansa, dediyimi hamıdan əvvəl etməlisən. Rotam, əsgərlərim üçün canımı verərdim, amma marşla gedirdiksə, ən yaxşı biz getməliydik. Bu da rəhbərlikdə uzun müddət qalmağıma səbəb olub.
– Müsahibə arası əməkdaşlardan biri gəlib dedi ki, getmək istəyir. Hələ ki iş saatı bitməyib.
– Bizim sloqanımız “Niyə də yox?”dur. “Yaparız abi” deyirlər. Saat 5-də həmin əməkdaş çıxmaq istədi. Bu hal bizdə problem deyil. Amma bəzən şənbə günü gecə 3-dən səhər 6-ya qədər hamımız işləyirik. İşi olmadığı halda işdə oturub filmə baxmasından, oyun oynamasındansa, getsin. O işçi sonra qarışılıq olaraq iş olanda daha çox işləyir. Bu sərbəstlik verir. Bizdən 1700 manat çox iş təklif edilən adam belə işdən getmədi. Bizdə səmimiyyət və sərbəstlikdir, insanlara dəyər veririk.
– Pozitiv auralı adamsınız. İrəli getməyinizdə bu xüsusiyyətinizin rolu nə dərəcədədir?
– Pozitivlik hər şeyin başında durur. Pozitivlikdən çox minnətdarlıq deyərdim. Minnətdaram deyə pozitivəm. Məqam olur ki, gördüyüm, danışdığım, gəzdiyim, eşitdiyim üçün Allaha minnətdar oluram. Necə mən pozitiv olmayım? Bu kimi şeylərə görə həmişə şükür edirəm. İşdəki problemləri şəxsi qəbul etməməyi də öyrənmişəm. Mən hələ karyeramın əvvəlində zənglərə həvəslə cavab verib yüksək keyfiyyətli ballar alırdım ki, gözə çarpdım və zamanla irəlilədim. Bunların arxasında pozitivlik durur. Həmişə hər yerdə pozitivliyim gözə çarpır.
– Yənə xarakterimiz və işə yanaşmamız karyera yolumuzda önəmlidir.
– Pozitivliklə yanaşı, işin məqsədlərinə uyğun şəkildə ən yüksək keyfiyyətdə təqdim etmək lazımdır. Mənə binanın həyətini süpürməyi tapşırsalar, oranı elə süpürərəm ki, məndən yaxşı heç kim süpürə bilməz. Məni hansısa şirkətə süpürgəçi götürsələr, 4-5 ildən sonra, göstərdiyim keyfiyyətli nəticələrə görə departament rəhbəri olaram.
“İşdə öndə olan biznesdir”
– Bəzən elə məqamlar olur ki, rəhbər orda səhv etdiyini sonra özlüyündə müəyyənləşdirir və gələn dəfə artıq başqa cür davranır. Sizdə belə hallar da yəqin ki olub.
– Rəhbərliyə yeni başladığım zamanlarda ən böyük mənfi xüsusiyyətim o idi ki, əməkdaşlarla çox səmimi olurdum və bundan suistifadə edənlər olurdu. Mənim beynimdə alqoritm var, suistifadə edəndə o işçiylə sağollaşırdım və məndən küsürdülər. Bəzən elə bilirdilər ki, dostuq deyə istədiyini edə bilər. Adam özünü o qədər yaxın hesab edir ki, işə gəlməyib vatsapda “bu gün işə gəlmədim” yaza bilər. Mən də ona “işə xəbər verməmiş gəlməməlisən” deyə təqdimat yazanda inciyirdilər ki, bəs biz dostuq. Əgər dostuqsa, o, hamıdan çox qaydalara riayət etməlidir ki, mənə söz gəlməsin. İlk vaxtlar səmimiyyətim bir az iş və şəxsi münasibətləri cəhətdən qarışıqlıq yarada bilirdi. Çünki iş yoldaşlığının da hərbi xidmətdə əsgər, universitetdə qrup yoldaşlığı kimi bir münasibət olduğunu düşünürdüm. Amma sən demə iş yoldaşı ilə əsasən “only business” (yalnız biznes) yanaşmasında olmalısan. İşdə öndə olan biznesdir. İndi mənimlə işləyənlərin bir-iki ay sonra “only business” dillərinə düşür. Ən böyük səhvim idarəetmədə səmimi olmağım idi. İndi əməkdaşlarımla həm şəxsi, həm də iş münasibətlərimiz arasında dəqiq pərdə qura bilirik. Bu səbəbdən heç kim işlə bağlı qərarlarımızdan incimir.
– Aktyor Fərman Şəkilinin oğlunun yaradıcı tərəfə marağı necədir?
– Mən gözümü açdığım evdə yaradıcı mühit görmüşəm. Atamla yanaşı, anam da aktyor idi. Düzdür, o işləmirdi, amma atam evdə ssenarisini anama oxuyurdu, o da qiymətləndirirdi. Yaxud atam obrazı güzgünün qabağında canlandırırdı, biz də baxırdıq. Gözümü açıb belə mühitdə böyümüşəm, ona görə yaradıcı tərəfə bağlılığım var. İndi mən başqa sahədəyəm, amma qardaşım Elvin Abdulla o istiqamətdə davam edir. Hətta qardaşım ölkənin ilk qorxu (psixoloji triller) janrında filmini çəkib, eyni zamanda ölkəmizdə yeganə xarici bazara film ixrac edən bir peşəkar rejissordur. Bu filmi ilə İran və Qazaxıstanda keçirilən beynəlxalq film festivallarında Azərbaycanımızı layiqincə təmsil edib. Mən də bu gün onunla fəxr edirəm və onun işini dəstəkləyirəm.