İş dünyasından universiteti bitirib gələn tələbələrin işçi olaraq bazara hazır olmadıqları ilə bağlı tez-tez şikayətlər eşidirik. Hətta yüksək qiymətlərlə universiteti bitirənlər belə, iş tapmaqda, yaxud iş tapanlar işin icrasında, bazara ayaq uydurmaqda problemlə üzləşə bilirlər. Bəs bu problemi yaradan səbəb nədir? Valyuta.az bu mövzu ətrafında Bakı Mühəndislik Universiteti Texnoparkının direktoru, İnnovasiya Ekosistemi Oyunçuları Assosiasiyası idarə heyətinin sədri İsa Qasımovla söhbətləşib.
– İş dünyasından tez-tez belə narazılıqlar eşidirik ki, universiteti bitirib gələn kadr iş həyatına hazır olmur, işi işdə öyrədirik. Universiteti bitirib gələn kadr iş həyatına nə dərəcədə hazır olmalıdır?
– Ali təhsil müəssisəsini bitirən, istehsalat praktikası keçən tələbə ixtisası üzrə işə başlamaq üçün müəyyən bacarıqlara artıq sahib olmalıdır. Lakin bu gün bu məsələ problemdir. Təkcə ölkəmizin deyil, hazırda dünyanın müzakirə mövzusudur. Qabaqcıl iqtisadiyyata malik ölkələrdə tədqiqat yönümlü ali təhsil müəssisələri bazarın lokomotivi ola bilirlər. Məsələn, Stanford Universiteti “Silikon Vadisi”nə, Massaçusets Texnologiya İnstitutu (MİT) İT sektoruna lokomotivlik edir. Aparıcı layihələr, innovasiyalar, ideyalar əksər hallarda bu cür inkişaf etmiş elm-təhsil müəssislərindən çıxır. İnkişaf etməkdə olan cəmiyyətlər isə qabaqcıl iqtisadiyyata malik ölkələrdəki o nümunəni izləyirlər. Əslində, bizdə bu müzakirələrin olması həmin tələbatın ölkəmizdə də qəbul edildiyini, başa düşüldüyünü göstərir. Amma bu “doyan” proses də deyil. Universitetlər bazara nə qədər səmərəli xidmət versələr də, bazar yenə daha çoxunu istəyəcək. Çünki bazarda rəqabət ağılasığmaz dərəcədə artır. Universitetlərimizin iş dünyasının gözləntilərinə cavab verməmə səbəbi universitet-sənaye əməkdaşlığındakı problemdir. İstehsalat təcrübəsi dövründə tələbələrin real iş şəraitində çalışması yaxşı səviyyədə təmin edilmir.
– Sonuncu kursda tələbələrin getdiyi istehsalat təcrübəsini nəzərdə tutursunuz?
– Bəli. Rəsmiyyətdə hər şey qaydasındadır, amma icrasında problemlər var. Deyək ki, 3-cü kursda oxuyuram, mənim bazarla tanışlığımla bağlı xeyli tədbirlər, təlimlər və s. var, iştirak edirəm. Ancaq sırf ixtisaslaşmış şəkildə istehsalat praktikasında iştirak etməkdə problemlər var. Tələbə məzun olmağa doğru gedərkən, bazarın içində özünü tapmır, sənayenin nə istədiyini bilmir.
– Şirkətlər tələbələrin onların iş mühitində təcrübə keçməsində maraqlı deyillər, yoxsa universitetlər bu məsələyə həssas yanaşmırlar?
– Universitet iş dünyasının ona ehtiyacı olduğunu düşünürsə, yanlış deyil, amma səmərəli də hesab etmək olmaz. Satdığım məhsulun alıcısı iş dünyasıdırsa, deməli, məhsulumu, tədqiqatımın nəticələrini satmaq, tələbələrimi yaxşı kadr kimi yetişdirmək və yerləşdirmək üçün qapısına getməliyəm. Hətta gedib onların problem və ya ehtiyacları ilə bağlı təkliflər bildirə bilərəm. Amma bu kimi məsələlər bizdə hələ də təhsilin gündəliyində yetəri qədər yer almır.
Şirkətlərə gəlincə, burda iki yanaşma var. Biri var ki, universitet şirkətə tələbəsini istehsalat təcrübəsinə götürməklə bağlı müraciət edir. Bir də var həmin biznes müəssisəsi təqaüd proqramı təşkil edir, arzu etdiyi namizədləri seçib götürür. İkinci variant müəssisənin maraqlarına daha uyğun olur. Ancaq bu həmişə ixtisaslaşmış istehsalat təcrübəsi olmur. Olsa da, bütün universitet tələbələri yararlana bilmir. Yuxarıda qeyd olunan birinci versiyada isə, hansısa təşkilata universitet tələbəsini təcrübə üçün göndərsə, şirkətlərin o təcrübəçilərlə məşğul olmağa maraqları olmur. Bu səbəbdən də, istehsalat təcrübəsi arzuolunan formada baş vermir.
Bu iki nüansdan öncə isə, tələbəni hazırlayan müəllim heyətinin bazara yanaşması, bazar haqqında biliklərinin hansı səviyyədə olması məsələsi var.
– Tələbə hazırlayan professor-müəllim heyətinin bilik və bacarığı bazardan geri qalır?
– Professor-müəllim heyətinin hamısının bilik və bacarığının bazardan geri qaldığını deməzdim. Hətta, az da olsa bəzi tədqiqatçılar arasından bazarı qabaqlayanlar da var. Ümumilikdə isə, universitet müəllimlərinin əksəriyyəti bilik iqtisadiyyatının reallıqlarından uzaq qalırlar. Ən ciddi problemlərimizdən biri də odur ki, texnologiyaların transferi və elmin kommersiyalaşdırılması universitetlərin, o cümlədən əksər müəllimlərin gündəliyində hələ də aktual deyil. Universitetlər qəbul etməlidirlər ki, innovasiya bazarda tətbiq oluna bilən yeniliklər, həll yollarıdır. Sənin gətirdiyin yenilik bazarda tətbiq edilə bilmirsə, o innovasiya ola bilmir. Bu şəraitdə müəllimin formalaşdırdığı dərs mühiti tələbəni iş həyatına yetərli hazırlaya bilmir.
– Müəllim heyətinin bazara, yaxud dərslərə yanaşması dəyişməlidir?
– Təhsilimizin dili ilə bazarımızın dili eyni deyil. Bazara pul yatıran deyir ki, mən investisiya qoyuram, pul qazanmalıyam. Mənə işlək həll yolu, bazara uyğun kadr lazımdır. Ancaq təhsilimiz bu dövrdə necə yanaşmalar tətbiq edə edə bilir? Elə fənlər var ki, bizimdə yenidir, 4-5 il, maksimum 10 ildir ki, tədris olunur. Bu fənlərin əksəriyyətinin dərs vəsaitləri hamısı tərcümədir. Müəllim də, dolayısı ilə tələbə də orda yazılan nəzəri məlumatların uğur hekayəsini öz ölkəmizdə görə bilmədiyi üçün onu başa düşə bilmir. Təbii ki, tətbiq edilən imtahan mexanizmi də əzbərçiliyə meyilliyi artırır.
Başqa bir misal deyək. Bəzi müəllimlər elə davranırlar ki, sanki auditoriyadakı tələbələr heç nə bilmir. Həmin müəllim sinfə girəndə, “Mən onu öyrətməyə gedirəm” kimi yanaşırlar. Amma bilik dövründə yaşayırıq və tələbənin auditoriyaya gələnə qədər güclü məlumatlarla qarşılaşma ehtimalı var. Tələbəyə “bilmir” kimi yanaşır, eyni zamanda ona sabahkı bazardan danışa bilmir, bu günə qədər qazandığı təcrübə və bilikləri və öz “doğruları”nı öyrədir. Başa düşmək istəmir ki, onun doğrularının “vaxtı keçib”. O “doğru”ları öyrənib bazara çıxan tələbə görəcək ki, o “doğrular”la heç nə olmur. Onda da bir az eqo da əmələ gələ bilir və ixtisasını yaxşı bildiyini düşünür. Çünki müəllimin doğrularını yaxşı öyrənib, yüksək qiymət alıb. Bu situasiyada universiteti yüksək qiymətlə bitirən tələbə, bazarın tələbinə uyğun olmaya bilir.
– Bazarı bilən müəllimin yanaşması necə olur?
– Müəllim bazara inteqrasiyalı olmalıdır. Bazarı bilən müəllim qəbul edir ki, tələbə nəyisə bilir. Müəllim tələbələrinin mövcud bilik səviyyəsini düzgün qiymətləndirərək, onlara yeni və gərəkli biliklər qazandırılmasına, bir növ mentorluq etməlidir. Onda yeni metodologiya çıxır ki, iş dünyasının problemlərini öyrənib tələbəyə danışmalıyam, tələbə öyrənmənin əsas mahiyyətini anlayaraq kəşf etməyə maraqlı olsun. Müəllim tələbəyə öz doğrularını təlqin etməyə çalışmaqdansa, onu problemi həll etməyə cəlb etməli, yaxud problemi tapmağa köməklik etməlidir. Başqa sözlə, problemin həlli üçün tərif əzbərlətmək faydalı deyil. Bu zaman bazarla inteqrasiyalı təhsil prosesi başlayır.
– Müəllimlərin bazara inteqrasiya edə bilməmə səbəbləri nədir?
– Öyrədənlərin başları “öyrətməyə” o qədər qarışıb ki, bazarın nə istədiyini kütləvi olaraq bilmirlər. Təhsil prosesini motivasiya edən tədqiqatdır. Tədqiqatı yetərli olmayan təhsil prosesi bezdirici, yorucu və maraqsız olmağa məhkumdur. Belə vəziyyət öyrənən üçün də bezdirici olacaq. Tədqiqatı isə motivasiya edən innovasiya prosesidir, gəlir və sair bu kimi maraqlardır. Müəllim biliklərinin köhnəlməməsi üçün davamlı tədqiqat aparmalıdır. Apardığı tədqiqatların nəticələrini təkcə elmi əsərlər yazmaq və tədris prosesinə tətbiq etməklə kifayətlənməməli, xüsusilə innovasiya proseslərində tətbiq imkanlarına maraqlı olmalıdır. Bəli, mən də innovasiya prosesinə çox maraqlıyam. İnnovasiya prosesi mənə yeni fürsətlər, xüsusilə sahibkarlıq qazandırır. Bu proses məni dəyişir və nəticədə öyrətdiklərimi də dəyişir.
Universitet müəlliminin maaşı yetərli olsa, may-iyun ayında müəllim növbəti tədris ili üçün daha çox dərs saatı götürməyə maraq göstərməz. Ona görə daha çox dərs götürməyə çalışır ki, daha çox qazansın. Bir müəllim 4-6 ayrı fəndən dərs deyirsə, onun dərs yükü 1000 saatdan çoxdursa, o adamın tədqiqata, araşdırmağa, düşünməyə nə qədər vaxtı qalar?
– Bir müəllim həftədə neçə saat dərs götürməlidir ki, tədqiqata da vaxtı qalsın?
– Universitetdə dosent vəzifəsində tam ştat işləyən birinin Azərbaycanda dərs yükü həftəlik 12 saatdır. Bu, çox deyil, amma 4 ayrı fəndən olanda, çoxdan da çoxdur. 2 fənn olursa, bir-birinə yaxın olmalıdır. Orta statistik müəllimlər 1-1,5 ştat dərs yükünü doldurmağa çalışırlar. 1,5 ştat həftədə minimum 18 saat dərsdir. Bu 4-5-6 ayrı fəndən olanda, keyfiyyət aşağı düşür. Bu gün hər şey fərqlidir. 20 illik bazar unudulur, hər il yeni dərs mövzuları, yeniliklər ortaya çıxır. Əlbəttə, dərs yükü çox və fərqli fənlərdən olan müəllimlərin tədqiqata vaxt ayırması sual altındadır.
– Deyək ki, müəllimlərə yüksək maaş verildi, onlar daha az dərs saatı götürdülər. O müəllimlər tədqiqata meyilli olacaqlar?
– Əgər mənim boş vaxtım qalırsa, tədqiqata başlayacam. Tədqiqatın nəticələrinin daha effektiv olması qarşıma problem kimi çıxacaq. Mən o problemi həll edəndə tədqiqatatlarımın nəticəsinin bir hissəsi mənə pul qazandıran şəkildə inkişaf etməyə başlayacaq. İnnovasiyaya aparacaq. İnnovasiya edəndə bazarla dialoqa başlayacam. Bu zaman isə mənim auditoriyadakı dərsim təkcə slayd üzrərində olmayacaq. Bazarla inteqrasiyalı şəkildə olacaq.
Azərbaycanda aparıcı universitetlərin hamısında yüksək və qlobal reytinqli mənbələrdə məqalə nəşr etdirən müəllimlərə 500-1000-1500-2000 manat mükafatlar verilir. Vaxtı olan müəllimin məqalə yazmağa imkanı olacaq.
Digər məqam da var. Deyək ki, məqaləm reytinqli qlobal bir nəşrdə yayımlandı, çox sayda istinad oldu. Universitetlər texnologiyaların transferi və elmin kommersiyalaşdırılmasına ciddi və uzunmüddətli hədəflər kimi baxmadığı halda, bu tədqiqatlar müzakirə etdiyimiz problemin həlli ola bilməyəcək. Təkcə məqalə yazmaq üçün deyil, iqtisadiyyatın və cəmiyyətin problemlərinə həll yolu gətirən tədqiqatlar aparılmalı və bunun nəticələri texnologiyaların transferinin bir parçası ola bilməlidir.
– Müəllimlərin əməkhaqqısı artsa, biznes mühitində çalışan, bazarı bilən kadrları müəllim kimi tədrisə cəlb etmək olar?
– Maliyyənin az olması önəmli iki faktordan biridir. Biznes dünyasında olan mütəxəssis düşünür ki, tədrisə ayırdığım vaxta başqa işə sərf etməklə qat-qat çox pul qazanıram. Digər bir məqam isə, universitetlərdəki akademik azadlıqdan uzaq olan inzibati proseslərdir. Bəzi inzibati proseslər biznesdə işi olanlara yorucu və ya bezidirici ola bilir.
– Deyək ki, universitetlər bazara elmi-tədqiqat nəticələri təqdim etdilər. Bizneslərimizin bu tədqiqatları tətbiq etməyə ehtiyacı var?
– Əgər problemə həll yolu tapırsa, bu ona daha çox pul qazandırırsa, istehsal etdiyi məhsulun maya dəyərini azaldıb keyfiyyətini artıra bilirsə, niyə əməkdaşlıq etmək istəməsin? İstəmirsə, bu da yaxşı hal olmaz. İstənilən halda etdiyimiz tədqiqatın nəticəsi də əlçatan olmalıdır. Bunun üçün o ideyanı hazır olandan sonra bazara çıxarmamalıyıq. Sən məhsulu hazırlayıb bazara çıxarırsan, bazar səni başa düşməyə bilər. Bəlkə də bazar o mərhələni keçib. Bəlkə onun effektivliyinin aşağı olması ilə bağlı bazarın sənə təklifləri ola bilər. Tədqiqat üçün ideya və ya problemlər bazarla birgə dialoq əsasında ortaya çıxarılanda daha əlçatan nəticələr ortaya qoymaq olur.
– Universitetdə tədqiqat mühitini qurmaq illərin məsələsidir, yoxsa maliyyəyə bağlıdır?
– Tədqiqat maliyyə, zaman, insan tutumludur. Dünyada tədqiqat iki cürdür. Elm üçün elmi tədqiqatlar və sənaye üçün tədqiqatlar var.
Elm üçün elmlə məşğul olan universitetlər adətən çox güclü ali təhsil müəssisələridir. Onların kifayət qədər yaxşı və dayanıqlı maliyyə mənbələri var.
Sənaye üçün elmlə məşğul olmaq üçün intellektual kapital və maliyyə imkanları ilə yanaşı, universitet-sənaye əməkdaşlığı güclü olmalıdır.
– Universitetlərin maliyyə imkanlarından danışaq. Təhsil haqqı ilə bu sistemi qurmaq mümkündür?
– Bu gün Azərbaycan universitetlərinin, demək olar ki, tək maliyyə yeri təhsil haqqıdır. Təhsil haqqı önəmlidir, universitetlərin büdcəsi ancaq təhsil haqqı ilə formalaşırsa, bu, çox risklidir. Bu halda, universitet davam etsə də, inkişaf etməkdə ciddi çətinliklərlə qarşılaşa bilər.
Təhsil haqqı ilə universiteti inkişaf etdirmək olar. Bunu təbii yollardan biri kimi hesab etmək olar. Ancaq bu yanaşma orta və uzaq müddətli planlarda dəyişməli və biliyin transferi ilə müşayiət olunmalıdır. Əks halda, universitetlər elm-təhsil-biznes əməkdaşlığını qura bilməyəcək və ümumilkdə proses uğurlu olmayacaq. Başqa sözlə, ali təhsilin təşkili də tələb və təklif prinsiplərinə uyğun qurulmalıdır. Hansı ki, üçüncü nəsil univeristetlərdə bu belə qurulur. Bu cür universitetlərin məqsədləri əlavə dəyər formalaşdırmaq olmaqla, bazara ixtisaslaşmış, analitik və tədqiqat bacarıqları olan kadrlar təklif etməklə yanaşı, bilikdən səmərli istifadəni də təmin edilməsinə lokomotivlik edə bilirlər.
– Digər tərəfdən baxsaq, universitetlərdən buraxılan tələbə sayının hamısına şirkətlərdə təcrübə üçün imkan var?
– Əslində, bu, o deməkdir ki, bu qədər məzuna bazarın ehtiyacı varmı? Bazar neçə faiz buna hazırdır? Bu sualların da cavabı tədqiqat işidir. Əsaslı tədqiq etmədən qərarlar verəndə, nəticə də yaxşı olmur. İxtisaslar, qəbul yerləri və s. hamısı tədqiqatla olmalıdır.
– Yəni tədqiqata meyillənmək üçün universitetlərimiz gecikib.
– Keçmişdə kotanı öküzə qoşub torpağı şumlayırdılar, amma indi o rəqabətcil deyil. Yaxud xaçmazlı bir hektar ərazidə pomidor əkir, 4-5 ay işləyir, problem olmasa, bir-iki ay pomidor satır, onda da pomidorun qiyməti aşağı olur. Zirəli, hövsanlı 10 sotluq ərazidə istixanada pomidor əkir, il boyu “yaraşıqlı”, bahalı pomidorlar satır, məhsulları da “uzunömürlü” olur. Universitetlər də işlərində günün tələblərinə baxmalıdır. Ənənəvidən birbaşa imtina etmək düzgün deyil, amma irəliyə baxmalıyıq. İndi universitetlərimizin buna baxmaq üçün atdığı addımlardan biri tədqiqata əhəmiyyət vermələridir. Amma gecikirik. Universitetdə müəllimləri tədqiqata meylləndirmək üçün motivasiya alətləri istifadə edirlər, çox doğrudur, amma tam deyil. Universitet tədqiqata meylləndirir ki, məqalə yazın. Bəs o məqaləni nə cür istifadə edəcəyik? Tədqiqatı motivasiya edən innovasiya prosesidir. Universitetlər gecikmədən birmənalı olaraq əliaçıq davranıb zamanını, maliyyəsini, dözümlülüyünü sərf edib texnoloji transfer ofislərini qurmalıdırlar. Bu ofislər peşəkarlarla təmin olunur. Onların önü açıq tutulmalı, resurslar verilməli və ciddi tələblər qoyulmalıdır ki, ortaya iş qoyulsun.
2-3 ildə cəmiyyət olaraq nəticəsini görmək olar. Universitetlər o qədər intellekt istehlak etməlidir ki, məşq etməlidirlər ki, bazar onların qapısına gəlsin.
– İş mühitinə hazırlıqlı kadr yetişdirmək üçün tədrisdə hansı yanaşmalar tətbiq edilməlidir?
– Dərsin təşkilində layihə əsaslı yanaşmalar maraqlı metodlardan hesab oluna bilər. Qrup halında, fərdi olaraq layihələr işləyəndə, bazarın problemləri araşdırılır. Hətta sənayeçi ilə ünsiyyətdə olub problemlər üzərində işləyə bilər. Yaxud hər il yüzlərlə, minlərlə magistr dissertasiya müdafiələri olur. Bunun bir faizi sənaye əhəmiyyətli olarsa, bu, dinamika üçün yetərli ola bilər. Güclü iqtisadiyyatlara malik ölkələr biliyin transferinə çox əhəmiyyət verirlər. Magistr dissertasiyaları və digər tədqiqat mövzuları müəyyən edərkən, təkcə kafedranın potensialına deyil, həm də şirkətlərin problemləri nəzərə alınaraq işlənməlidir.
– Günün tələbləri çoxdur və sürətli dəyişir.
– Bəli, 4 il ərzində öyrənib bazara çıxanda, 4 ildə bazar dəyişir. Bazardasan, amma özünü inkişaf etdirməsən, yenə iş problemi yaşayacaqsan. Müəssisədaxili sahibkarlıq deyə anlayış var. Bir yerdə maaşa işləyirsən. Müəssisə sənə şərait yaradır, səndə motivasiya və təşviqlər formalaşdırır ki, rutin işdən çıxıb müəssisəyə daha faydalı təkliflərlə gələsən. İş yerində müsəssisədaxili sahibkarlıq olmayanda, dolayısı ilə real işi olan insanların özlərini inkişaf etdirməkləri dayanır. 5-10 il pul qazanırsan, sonra bazar səni kənara atır, o təcrübənlə bazara inteqrasiya edə bilmirsən.
Yaxud “təhsildə sosial sahibkarlıq anlayışı” aparıcı təhsil sistemlərinin hamısında var. Bizdə hələ ki, bu anlayış yoxdur. O bizdə formalaşsa, startapı, innovasiyanı, daxili motivasiyanı, yaşıl iqtisadiyyatı, təmizliyi və s. gətirəcək.
Aygün Asimqızı