Kulis.az Elnur Musayevin tərtib etdiyi “Azərbaycan yazıçılarının repressiya illərinə dair xatirələri”ndən bir hissəni təqdim edib.
Süleyman Rüstəm deyərdi ki, Moskvada oxuyurdum. Bir gün evimizdən teleqram aldım: “Təcili Bakıya gəl, atanı tutublar!”
Bərk dilxor oldum: “Bu kişi elə şərəşur adam deyil, görəsən, onu yenə kim tora salıb?! Yox, burda ciddi bir iş var!”
Tez Bakıya gəldim. Evimizdə hamı kədərli idi. Bacılarım ağlayırdılar. Anam dedi ki, düşmənlər atanı gepoya (xalq arasında o zaman daxili işlər orqanına belə deyirdilər) şeytanlayıblar.
– Niyə şeytanlayıblar?!
– Deyiblər ki, atanın bir küpə qızılı var, qızılı versin, buraxaq.
Mən Mircəfər Bağırovun qəbuluna getdim. Bağırov məni qəbul elədi. Atamın tutulmasından onun xəbəri var idi. Dedi ki, yaxşı ki gəldin. Atana de, qızılların yerini desin. Onunla işimiz olmayacaq. İndi dövlətə qızıl lazımdır!
Mən dedim ki, yoldaş Bağırov, bizim böyük ailəmiz var. Atam dəmirçi babadır, qazancı güclə ailəni dolandırır. Bir vaxt atam anamın daş-qaşlarını da satıb torpaq almışdı ki, neft çıxardar. O da baş tutmadı. Bəxti qara imiş.
Bağırov dedi ki, Süleyman, dəqiq öyrənmişəm, atanın qızılı da var, hələ desən, matışkası da. Mən dedim ki, yoldaş Bağırov, qızılını bilmirəm, amma matışkası ola bilər. Bağırovun dodağı qaçdı. O cəlladın qəribə xasiyyəti vardı. Xoş damarına düşəndə olduqca insaflı və səxavətli olurdu. Ancaq nadir hallarda onun xoş damarı tuturdu. Qalan damarları isə həmişə ölüm gətirirdi.
Bağırov zəng edib atamı gətirtdirdi. Atam məni görcək ağladı:
– Süleyman, sən Allah, neçə gündür qaranlıq zindanda bağrım çatlayır, tükan da qalıb başlı-başına, ananın qalan nə ki daş-qaşı var, hamısını sat, ver bu kişiyə, məni buraxsın.
Atam bilmirdi ki, o, Bağırovun kabinetindədir. Elə bilirdi ki, milis naçalniki onu dindirməyə çağırıb. Bilsəydi ki, Bağırovdur, dili-ağzı quruyardı. Bağırov çekist idi. O, atamın bütün hərəkətlərinə göz qoyurdu.
– Süleyman, atanı bir şərtlə buraxıram. Qızılı tapıb qaytararsınız dövlətə! Düzdür, o qızılı dəmirçi atan zəhməti ilə yığıb. Ancaq dedim ki, dövlətə qızıl lazımdır.
Novxanı bağında anam mənə dedi ki, atan qızıllarını balaca bir küpədə saxlayır. O, küpü əncirin altında basdırıb. Bundan sonra mən hər gün atamı güddüm, ona göz qoydum. Atam hərdən şübhəli-şübhəli əncirin dövrəsində fırlanırdı. Demə, atam nə isə hiss edib “xəzinənin” yerini dəyişdirmişdi. Gecəyarı əncirin dörd tərəfini bellə qazdım. Küpdən əsər-əlamət yox idi.
Kürd əsilli böyük Azərbaycan yazıçısı Cəlal Bərgüşadın dediklərindən: Qayınatam (Süleyman Rüstəmin atası) Məşədi Əlabbas kişi ölüm ayağında olanda onun yanında idim… O, Əzrayılla əlbəyaxada ikən qonşumuz erməni qızı Rozanı çağırtdırdı. Əli ilə ona nə isə işarə elədi: “Halal xoşun olsun, səndəki hamısı sənə qalsın”.
Qayınanam Xırdaxanım dedi ki, kişi ölüm ayağında bütün qızıllarını sevgilisi Rozaya bağışladı. Demək, qayınatamın, həqiqətən, qızılı varmış. Qızıl isə Rozaya qismət oldu. Roza da həmin qızıla özü üçün yaraşıqlı bir mülk tikdirdi. Yaxşı deyirlər ki, qızıl öz sahibinə qismət olmur…
****
Mircəfər Bağırov Məmməd Səid Ordubadini yanına çağırtdırıb. Ordubadi bərk təşviş keçirib. “Görəsən, məni satan kim olub? Bu kişi nə üçün mənə münasibətini belə dəyişdirib?” Elə bu zaman Bağırov Ordubadini içəri dəvət edib. Xeyli dinib-danışmayıblar. Ordubadi qorxusundan bilməyib ki, nə etsin. Axırda Bağırov onun üstə acıqlanıb:
– Qoca, sənin Parapet (indiki Fəvvarələr meydanı) bağında nə işin var?!
– Nə olub, yoldaş Bəqirov?
– Bizim uşaqlar (çekistlər) sənə yüz saxta qızıl onluq satıblar. Tapşırmışam, pulunu qaytaracaqlar. Qızılları geri verərsən. Bir də Parapet tərəfə gəlib eləmə.
Ordubadinin az qalıb ki, ürəyi getsin. Demə, “lotular” “Qılınc və qələm” romanının bütün yazı haqqını saxta qızılla Ordubadidən qoparıblarmış.
Ordubadi ölənəcən Parapet bağına sarı baxmırdı…
(Yazıda Cəlal Bərgüşadın xatirlərindən istifadə olunub)