Alban hökmdarı Urnayrın xristianlığı dövlət dini kimi təsdiq etməsi əfsanəsi haradan gəlir?

Bu barədə ilk dəfə Erməni katolikosu Kyud Arahezatsi (461-478) tərəfindən 463-cü ildə II Vaçeyə yazılmış məktubda rast gəlirik. Məktubun mətni belədir:

“Qədimdə əcdadınız Urnayrın qəlbində Məsihin sevgisi alovlananda, bu onu Ermənistan kralı Trdata yaxınlaşmaqla bağlı ilhamlandırdı. Müqəddəs Qriqorinin Ermənistan torpağında göstərdiyi möcüzələr, Allahın işarələrini eşidən Urnayr bizim xalqımızın səhvlərdən, cəhalətdən qurtulub bir tək Tanrıya inandığımızı görəndə bir dəqiqə də itirmədi. Bu böyük hökmdar məktub göndərmədi amma özü bir neçə knyaz, güclü ordu ilə birgə bir nəhəngtək kral Trdatın hüzuruna şəxsən gəldi. Sonuncu onu qardaş kimi qarşıladı, sevgi və dostluq göstərdi. Özünü, Müqəddəs Qriqorini və bütün erməni ordusunu onun xidmətinə hazır etdi, qədim kralı keçmiş günahlarından tövbə etməsi üçün öz ordusu ilə birgə 40 gün oruc tutmaq üçün göndərdi. 15-ci gündə onlar Şeytandan imtina edib Müqəddəs Üçlüyü qəbul edəndə kral bütün ordusu ilə Müqəddəs suda vəftiz edildi. Bundan sonra onlar Müqəddəs Ruh ilə doldular və yenidən doğuldular. Onlara bununla bərabər Roma şəhərindən kral Trdatın yanına gəlmiş bir müqəddəs şəxs təqdim edildi. Bu səmavi hədiyyələrdən sevinən kral Urnayr Albaniya ölkəsinə qayıtdı, öz xalqını da mükəmməlləşdirdi. Hamısı cənnət möhrünü aldılar və adları Həyat Kitabına əlavə edildi”.

Bu məktubun problemi ordadır ki, tarixi həqiqətlərlə üst-üstə düşmür. “Roma şəhərindən kral Trdatın yanına gəlmiş bir müqəddəs şəxs” 405-428-ci illərdə erməni katolikosu Sahak tərəfindən Qriqori üçün uydurulmuşdu. “Satala şəhərindən müqəddəs şəxs Tomas” “Qriqorinin həyatı” kitabında Albaniyaya missionerlik üçün göndərilirdi. Satala isə Roma torpaqlarında bir şəhər olduğu üçün Sahak bununla Roma imperiyasının dəstəyini almağa çalışırdı.

Lakin Urnayrın adı tarixi mənbələrdə ilk dəfə 359-cu ildə Amid şəhərinin mühasirəsində II Şapur tərəfindən döyüşərkən qeyd edilir. Bu vaxt Romaya xristian imperator II Konstantius rəhbərlik edirdi. 12 il sonra, Şapur və imperator Valens müharibə aparanda Urnayr II Şapurdan Baqavan döyüşündə Erməni hökmdarı Pap ilə şəxsən döyüşmək üçün icazə istəmişdi. Bu vaxt ermənilər Roma hakimiyyəti altında idi. Əgər Urnayr 313-cü ildə xüsusilə ermənilərin əli ilə xristianlığı qəbul etmişdisə necə olurdu ki, erməni hökmdarına belə nifrət bəsləyirdi və dəfələrlə xristianlara qarşı yürüşlərdə Şapura birbaşa qoşulmuşdu? Urnayrın ermənilərə qarşı hücumundan öncədən xəbər tutan Şapurun erməni sərkərdəsi Merucan Artsruni bunu Romadakı erməni sərkərdəsi Muşeğ Mamikonyana xəbər verir. Muşeğ Urnayrı pusquya salır və sırf hökmdar olduğu üçün 8 süvari ilə qaçmasına imkan verir.

Bundan əlavə xronoloji problem də var. Həmin dövrdə Roma hakimiyyəti altındakı hökmdar olan Pap isə adı çəkilən Trdatın nəvəsinin nəvəsi idi. Urnayr gərək 100-ə yaxın yaşda olaydı. Bütün tarixi faktlar göz önünə alınanda Urnayrın xristian olması hekayəsinin əfsanə olması daha çox anlaşılır. Urnayr xristian olubsa belə, bu hadisə necə, nə vaxt baş verib bilmirik. Amma nə Trdatın, nə də Müqəddəs Qriqorinin burada rolu olmadığı dəqiqdir.

Cavid Ağa

Paylaş.