Son dövrlərdə reklam çarxlarında və musiqi kliplərində canlı aktyorlar əvəzinə süni intellektin yaratdığı obrazlara daha tez-tez rast gəlirik. Məsələn, hazırda ən çox süni intellektlə hazırlanan səhnələrdə müxbir sualı verir, qarşı tərəf isə dərhal və ideal şəkildə cavab verir. Yaxud kliplərdə virtual simaları görürük.

Reklam və kliplərdə canlı aktyorlar əvəzinə süni intellektin yaratdığı obrazlardan istifadə olunması bu sahədə çalışan insanların işinə mənfi təsir göstərə, onları sıradan çıxara bilərmi, yoxsa onlara hər zaman ehtiyac olacaq?

Yaradıcı süni intellekt mütəxəssisi Ümid Salay Valyuta.az-a bildirdi ki, süni intellektin yaratdığı obrazlar son illər o qədər inkişaf edib ki, bəzən tamaşaçı fərqi hiss etmir: “Amma bu, real aktyorların və yaradıcı insanların tamamilə sıradan çıxacağı anlamına gəlmir. Əksinə, məncə, bu texnologiya onların işinə yeni ölçülər qatır. Sual yaranır ki, real aktyorlara ehtiyac qalacaqmı? Bəli, və bunun bir neçə əsas səbəbi var:

Etibar və identifikasiya: Marka səfiri, hekayənin emosional ağırlığını daşıyan baş rol və canlı ifa tamaşaçı ilə birbaşa bağ qurur.

Spontanlıq və improvizasiya: Aktyorun partnyorla real qarşılıqlı təsiri hər dəfə fərqli dinamika yaradır; AI isə burada hələ stereotiplərə meyllidir.

Canlı setin enerjisi: Rejissorun aktyorla anlıq dialoqu, ritmi birlikdə tapmaları ekranda hiss olunur.

Kimlər daha çox təsir görəcək?

Mütəxəssisin sözlərinə görə, kütlə səhnələrində statistlər, təkrarlanan, aşağı büdcəli formatlar risk zonasındadır: “Burada AI tez-tez daha sərfəli və sürətli olur. Daha sonra standart hiss-stok kadrlar (məsələn, generik ofis və küçə səhnələri) AI ilə daha asan əvəz olunur”.

İnsanın daxili enerjisi süni intellektdə yoxdur

Ü.Salayın fikrincə, canlı insanın oyunu – mimikası, bədən dili, göz kontaktı, hətta səhnədə yaranan spontan reaksiyalar tamaşaçıya emosional bağ ötürən əsas elementlərdir. Süni intellekt bu hissi təcrübəni hələ tam olaraq əvəz edə bilmir. Yəni, texnologiya nə qədər inkişaf etsə də, insanın daxili enerjisini və autentik ifadəsini tam şəkildə kopyalamaq çətindir. Tez-tez rast gəldiyimiz jurnalistika nümunəsi də maraqlıdır: Hazırda süni intellektlə hazırlanan səhnələrdə reportyor sualı verir, qarşı tərəf isə dərhal və “ideal” şəkildə cavab verir. Halbuki real jurnalist araşdırma aparmalı, müxtəlif insanlarla görüşməli, faktları yoxlamalı olur və çox zaman istədiyi cavabı almaqda çətinlik çəkir. Üstəlik, reportaj videolarında əsas dəyər təkcə görüntüdə deyil, orada təqdim olunan məlumatdadır. O məlumat isə yenə də insan tərəfindən yazılır, yoxlanılır və redaktə edilir. Bu “ideallıq” bəzən tamaşaçını cəlb etsə də, informasiyanın etibarlılığı baxımından real insan əməyinin və peşəkar təcrübənin dəyəri hələ də əvəzsizdir”.

AI bizə vaxt, büdcə və məkan məhdudiyyətlərini aşmaq imkanı verir

Mütəxəssis deyir ki, öz təcrübəsində istər Azərbaycanın ilk uzunmetrajlı “AI” reklam filmində, istərsə də süni intellektlə hazırladığı musiqi klipində məqsəd aktyorları “əvəz etmək” yox, yaradıcı imkanları genişləndirməkdir: “AI” bizə vaxt, büdcə və məkan məhdudiyyətlərini aşmaq imkanı verir. Məsələn, ənənəvi prodakşn prosesində günlərlə qurulacaq səhnəni “AI” ilə bir neçə saat ərzində yaratmaq mümkündür. Dekorasiyalar, kostyumlar, hətta fərqli dövrlərə və yerlərə səyahət vizual olaraq saniyələrdə reallaşdırıla bilir”.

Ən yaxşı nəticələr real kadrlarla süni intellektin birləşməsindən doğur

Ü.Salay deyir ki, “AI” texnologiyası real çəkiliş materialları ilə dəstəkləndikdə, ortaya həm texniki, həm də emosional baxımdan çox daha mükəmməl işlər çıxır: “Bu yanaşma həm tamaşaçıya daha inandırıcı təsir bağışlayır, həm də layihənin vizual gücünü artırır. Bununla belə, texnologiyanın özü yaradıcılıq deyil, o, sadəcə bir vasitədir. Yaradıcı konsepsiya, hekayə quruluşu, emosional ton və vizual harmoniya hələ də insan düşüncəsinin məhsuludur”.

“Aİ” rəqib yox, tərəfdaşdır

Mütəxəssis sonda qeyd etdi ki, aktyorlar, rejissorlar və yaradıcı komandalar AI-ni bir rəqib kimi yox, işlərini gücləndirən tərəfdaş kimi görməlidirlər: “Mən inanıram ki, gələcəyin ən uğurlu layihələri insan yaradıcılığı ilə süni intellektin texniki gücünün sintezindən doğacaq. Bu əməkdaşlıq həm sənətə yeni nəfəs verəcək, həm də tamaşaçının gördüyü işi daha təsirli, daha maraqlı edəcək”.

Paylaş.