Bir çox insanlar İslamda səhv anladığı məsələlərdən biri də qüslun alınma qaydasıdır. Hər gün bu əməllərə görə, bəlkə də, dünyada milyonlarla ton su israf olur. Adam var, bir qüsl almağa görə 100-150 litr su işlədir. Həyətdə su çəni yarımçıq olanda, deyir yox, bu su mənə çatmaz. Adamlar var ki, qüslu varsa 40 dəqiqə, 1 saat hamamdan çıxmır.
İslam peyğəmbəri (s) qüsl almağa görə 3 litr su təyin edib.
Hamının fikrində risalədə oxuduğu bir cümlə qalıb. Dəstəmaz və qüsl alarkən, gərək, iynə ucu boyda da quru yer qalmasın. Həmən o iynə ucu kəliməsi hər gün minlərlə ton suyu israf edir, insanların hamamda saatlarla vaxtın alır.
3 litr suyun göstərişi
Bir litr suyu başınıza tökürünüz. “Kruşka”nı (su qabı) kənara qoyursunuz. Bir ovuc su ilə dəstəmaz alıb üzünüzü yuduğun kimi, bir litr suyu da əllərinizlə başınızın hər tərəfinə suyu çatdırırsınız. Buna görə də cəmi 20-30 saniyəniz gedir. Sonra bir litr yəni bir kruşka suyu da sağ çiyninə tökürsünüz, kruşkanı kənara qoyub bir dəqiqə ərzində də bu suyu bədəninizə sürtərək çatdırırsınız. Eyni qayda ilə də sol tərəfə bir litr su tökərək qüslunuzu alırsınız. Vasvasanız çoxdursa, hər tərəfinizə bir yox, 2 kruşka suyu tökə, yəni 3 yox, cəmi 6 litrlə qüslunuzu ala bilərsiniz.
Hətta bir vedrə suyun içinə bir “qupka”, yəni “maçalka” (süngər) qoyub, suyu onunla götürüb bədəninizə sıxa-sıxa qüsl etsəniz, 3 litr də çox edəcək, bu qayda ilə 2 litrlə də qüslu tamamlamaq olar.
Yox, siz deyirsinizsə ki, indi biz “kruşka” ilə qüsl almırıq…
Evdə müasir hamam və duş var o zaman başınıza yarım saat su axıtmayın. Bir litr civarında başınıza su dəydisə, suyu bağlayıb əlinizlə suyu başın hər yerinə çatdırın. Eyni qaydada sağ və sol tərəflərə də bir litr su işlədin. Həm suya həm də vaxtınıza qənaət edin. Allah Qurani Kərimdə buyurur ki, “Allah israf edənləri sevməz…”
Qüsl məsələsini problemə çevirən ailəli insanlar hətta evlilikdə münasibətlərini korlaya bilirlər. İntim məsələlərdə buna görə ərinirlər və ciddi fəsadlara yol açılır.
Su tapmadıqda…
Evinizdə su yoxdur, 7 qonşuda da su yoxdursa, təyəmmüm almalısınız. Burada söhbət 100 litrdən getmir. Cəmi 3 litrdən gedir. Əgər evində 3 litr, yəni bir balon – daha dəqiqi bir vedrə su varsa və siz onu “su yoxdur” kimi qəbul edib təyəmmüm alırsınızsa, təyəmmüm batildir. Nəticə etibarilə bununla namaz qılmaq doğru deyil.
Beləliklə, məlum olur ki, qüsl almaq cəmi 10 dəqiqəlik işdir. İşinizi asanlaşdırın.
Cəfər ƏbuSadiq profilindən ixtisar edilərək dərc edilib